Azərbaycan təcrübəsi DİF-in süni intellekt və enerji üzrə hesabatında yer alıb
Dünya İqtisadi Forumu (DİF) “Paradoksdan tərəqqiyə: Süni intellekt üçün xalis müsbət enerji çərçivəsi” (“From Paradox to Progress: A Net-Positive AI Energy Framework”) adlı analitik hesabatını dərc edib.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) məlumatına görə, hesabatda Azərbaycan təcrübəsinə də yer ayrılıb.
DİF bildirir ki, süni intellektin geniş tətbiqi iqtisadiyyatları yenidən formalaşdırır, lakin enerji tələbatının sürətlə artması elektrik şəbəkələrinə əlavə yük yarada, xərcləri yüksəldə və iqlim hədəflərinə nail olunmasını risk altında qoya bilər. 2035-ci ilə qədər qlobal məlumat mərkəzlərinin elektrik enerji istehlakının 1200 teravat/saatı ötərək 2024-cü illə müqayisədə təqribən üç dəfə artacağı proqnozlaşdırılır. Bu isə süni intellektin inkişafının enerji sistemlərinin gücü və dayanıqlılıq məqsədləri ilə uzlaşdırılmasını zəruri edir.
Sənəddə vurğulanır ki, süni intellektin inkişafı yalnız texnoloji tərəqqi ilə məhdudlaşmamalı, eyni zamanda enerji baxımından məsuliyyətli yanaşma üzərində qurulmalıdır. Bu məqsədlə hesabatda Sİ-nin “xalis müsbət enerji təsiri” yaratmasını təmin edən üç əsas istiqamət müəyyən edilib: texnologiyaların enerji səmərəliliyi nəzərə alınmaqla dizayn edilməsi, real enerji qənaəti və emissiyaların azalmasına səbəb olan tətbiqlərin genişləndirilməsi, həmçinin süni intellektdən istifadədə tələbin effektiv şəkildə idarə olunması. Bu yanaşmalar şəffaf ölçmə mexanizmləri, ekosistem üzrə əməkdaşlığın gücləndirilməsi və insan kapitalının inkişafı ilə tamamlanır.
Hesabatda 130-dan artıq real nümunəyə istinad edilir. Bildirilir ki, məqsədyönlü dizayn və əlaqələndirilmiş idarəetmə süni intellekti dayanıqlılıq, rəqabətqabiliyyətlilik və iqlimə müsbət təsir üzrə katalizatora çevirə bilər.
Belə həll modellərindən biri DİF-in Dördüncü Sənaye İnqilabı Azərbaycan Mərkəzi (4SİM) tərəfindən yaradılmış data platformasıdır. Bu platforma 100-dən çox mənbədən məlumatları toplayır, standartlaşdırır. Enerji, səhiyyə və ticarət daxil olmaqla əsas sahələr üzrə real vaxt rejimində analitik məlumatlar təqdim edən interaktiv panellər (dashboard) təqdim edir. DİF-in qiymətləndirməsinə əsasən, bu yanaşma yüksək enerji sərf edən Sİ modelləri yaratmaq əvəzinə, məlumatın keyfiyyətini və istifadəsini optimallaşdıraraq enerji qənaəti təmin edir və məlumatlara əsaslanan qərarverməni gücləndirir.
