Azərbaycan və İsveçrə şirkətləri arasında tərəfdaşlıq üzrə fikir mübadiləsi aparılıb
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Ştəli ilə görüş keçirilib.
Agentliyin məlumatına görə, görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycan və İsveçrə arasında investisiya əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf dinamikası barədə məlumat verib. Bundan başqa, qarşı tərəfə cari ilin sentyabr ayında keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri barədə məlumat təqdim olunub.
Səfir Tomas Ştəli iki ölkə arasında iqtisadi münasibətlərinin güclənməsi üçün böyük potensialın olduğunu bildirib və investisiya əməkdaşlığının gələcək perspektivlərini yüksək qiymətləndirib. Azərbaycan və İsveçrə şirkətləri arasında tərəfdaşlıq imkanlarının müəyyən edilməsi, qarşılıqlı səfərlərin təşkili və biznes əlaqələrinin genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin işğaldan azad olunmuş ərazilərə İsveçrə investisiyalarının cəlbi imkanları müzakirə edilib.
