Bakıda 2-ci Azərbaycan Halal Biznes Forumu keçirilir YENİLƏNİB
Bakıda “Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusunda 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumu keçirilir. Foruma 30-dan çox ölkədən rəsmi şəxslər, beynəlxalq təşkilatlar, akademik dairələrin nümayəndələri, iş adamları və mütəxəssislər qatılıb.
Forumun keçirilməsində məqsəd investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulması, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana və regiona xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.
Forum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian Event Organisers” MMC-nin tərəfdaşlığı, “ATENA” MMC-nin və “Bilgə Qrup”un sponsorluğu ilə keçirilir.
Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə öz işinə başlayıb.
Forumda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin iqtisadi məsələlər üzrə müavini Ahmad Kavesa Sengendo, İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk, İslam İnkişaf Bankının Malayziyadakı Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək ticarət və investisiya sahəsində əməkdaşlıq, beynəlxalq bazarlara çıxış imkanları, halal sənayenin potensialı və yeni trendlər, müvafiq sahədə innovasiya və texnologiyaların rolu, halal məhsul və xidmətlərin sertifikatlaşdırılmasına dair fikirlərini bölüşüblər
Forum çərçivəsində KOBİA ilə Türkiyənin “Bilişim Vadisi” texnologiya zonası arasında KOB-ların yaşıl keçidinə dəstəyə dair, eləcə də Malayziyanın “Berhad” Halal İnkişaf Korporasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.
Forum çərçivəsində keçirilən sərgidə Azərbaycan, Türkiyə, Özbəkistan, Pakistan, Qırğızıstan və s. ölkələrdən olan 30-a yaxın şirkətin məhsul və xidmətləri nümayiş olunur. Sərgidə qida məhsulları, parfümeriya, kosmetik vasitələr, tekstil məhsulları, aksesuarlar və s. təqdim edilir. Həmçinin, sərgidə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Standartlaşdırma İnstitutu, KOBİA, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və Pakistan-Azərbaycan Ticarət Palatası da öz stendləri ilə təmsil olunurlar. Sərgi oktyabrın 8-dək davam edəcəkdir.
Forum panel müzakirələrlə davam edir.
-----
11:46
Bakıda Azərbaycan Halal Biznes (AZHAB) Forumu öz işinə başlayıb. Bu il ikincisi keçirilən forum “Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunub.
Tədbirdə dünyanın müxtəlif regionlarından olan rəsmi şəxslər, sahə üzrə ekspertlər, akademik dairələr, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak edir.
AZHAB Forumunun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana və regiona xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimində yerli və xarici ölkələrdən olan rəsmilərin çıxışları, sənədlərin imzalanması, panel müzakirələr, sərginin açılışı nəzərdə tutulur. Forumun ilk günündə KOB-ları dəstəkləyən qurumlar arasında tərəfdaşlığın gücləndirilməsinə, İslam maliyyəsi və halal biznesin idarə edilməsinə dair panel müzakirələr təşkil olunacaq. Ümumilikdə forumun keçirildiyi iki gün müddətində dünyanın müxtəlif ölkələrindən olan rəsmi şəxslərin, ekspertlərin, akdemik dairələrin və sahibkarların iştirakı ilə altı panel iclas təşkil ediləcək.
Bu gün, həmçinin, “AZHAB Forum 2025” çərçivəsində təşkil olunmuş sərginin açılışı olacaq.
2-ci AZHAB Forumu oktyabrın 8-dək davam edəcək.
Builki forum İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian Event Organisers” MMC-nin tərəfdaşlığı, “ATENA” MMC-nin və “Bilgə Qrup”un sponsorluğu ilə keçirilir.
Qeyd edək ki, ilk AZHAB Forumu 2024-cü ilin oktyabrında keçirilib və tədbirdə Avstraliya, Amerika, Avrasiya və Afrika da daxil olmaqla dünyanın müxtəlif bölgələrindən təqribən 100-ə yaxın olmaqla, ümumilikdə 350 qonaq iştirak edib. İlk AZHAB Forumu İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qətnamə ilə dəstəklənib.
