Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək
Son beş ildə Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 5 dəfə artaraq 500 milyon dolları ötüb.
Qazaxıstan KİV-i yazır ki, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Astanada Azərbaycanın Müstəqillik Gününə həsr olunan rəsmi qəbulda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qazaxıstanın on il ərzində Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyalar 78 milyon dollar təşkil edib. Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafına xüsusi diqqət yetirilib. 2024-cü ildə bu marşrut üzərindən daşınan yüklərin həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb.
"Hazırda iki ölkə arasında AZAL və "Fly Arystan" tərəfindən həftədə 19 müntəzəm reys həyata keçirilir. Əminik ki, Hökumətlərarası Komissiyanın iyul ayında Bakıda keçiriləcək iclası iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığımızı daha da dərinləşdirəcək", - Marat Karabayev əlavə edib.
