Bakıda Maliyyə İnvestisiya Forumu keçirilib
Bakıda Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) təşkilatçılığı ilə Maliyyə İnvestisiya Forumu keçirilib.
AKBA-nın məlumatına görə, tədbirin əsas məqsədi ölkədə kapital bazarlarının inkişafına, maliyyə savadlılığının artırılmasına, investisiya mühitinin təkmilləşdirilməsinə və yerli bazarın beynəlxalq trendlərə inteqrasiyasına diqqət çəkməkdir.
Forumda dövlət qurumlarının nümayəndələri, aparıcı maliyyə institutları, banklar, investisiya şirkətləri, sahibkarlar iştirak edərək geniş fikir mübadiləsi aparıblar.
Forum çərçivəsində Assosiasiyanın fəaliyyəti ilə bağlı mühüm struktur dəyişiklikləri ictimaiyyətə təqdim olunub. Bildirilib ki, Assosiasiya fəaliyyətini bundan sonra yeni ad altında davam etdirəcək.
Eyni zamanda, Assosiasiyanın idarəetmə modelində də dəyişikliklər baş verib. Əvvəllər İdarə Heyəti əsasında fəaliyyət göstərən təşkilat müasir korporativ idarəetmə standartlarına uyğun olaraq Direktorlar Şurası modelinə keçid edib. Bu dəyişiklik Assosiasiyanın daha çevik və effektiv fəaliyyət göstərməsinə, strategiya səviyyəsində qərarların daha peşəkar şəkildə qəbuluna şərait yaradacaq.
Yeni yaradılan Direktorlar Şurasının sədri vəzifəsinə isə Orxan Bağırov seçilib.
