Mərkəzi Bank iqtisadi artıma dair proqnozlarını açıqlayıb
Azərbaycan Mərkəzi Bankının (AMB) aprel proqnozlarına əsasən, cari ildə real iqtisadi artımın ümumi ÜDM üzrə 3,3 faiz, qeyri-neft-qaz ÜDM-i üzrə 4,7 faiz olacağı gözlənilir.
Bu barədə Mərkəzi Bankın “Pul siyasəti icmalı”nın may ayına olan buraxılışında bildirilir.
2026-cı ildə real iqtisadi artımın ümumi və qeyri-neft-qaz üzrə müvafiq olaraq 2,4 faiz və 4,6 faiz olacağı proqnozlaşdırılır. 2026-cı ildə ÜDM-in artım tempi, əsasən, neft-qaz sektorundan təsirlənəcək. Neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır. Qeyri-neft-qaz sektorunda iqtisadi artımın əsas hərəkətverici amilləri kimi ev təsərrüfatlarının və dövlət idarələrinin son istehlak xərcləri çıxış edəcək.
2025 və 2026-cı illər üzrə iqtisadi artım proqnozunun reallaşması əhəmiyyətli dərəcədə ev təsərrüfatlarının real istehlak xərclərinin dinamikasından asılı olacaq.
