Dövlət istiqrazları bazarının həcmi açıqlanıb
Maliyyə Nazirliyi yenidən dövlət qiymətli kağızlarının emissiyasına başlayacaq. Bunu Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mürsəlqulov Maliyyə İnvestisiya Forumunda açıqlayıb.
Onun sözlərinə görə, dövlət istiqrazları bazarının həcmi 2018-ci ildən bu yana artaraq 900 milyon manata çatıb. Eyni dövrdə təkrar bazarın həcmi 5 dəfə, repo əməliyyatları isə 60 dəfə artıb.
"Əvvəllər bu bazarda əsasən banklar və sığorta şirkətləri fəallıq göstərirdisə, hazırda fiziki şəxslər, o cümlədən xarici vətəndaşlar da bazarın aktiv iştirakçıları sırasına qoşulublar. Bu isə fond bazarına etimadın artdığını və onun dərinləşdiyini göstərir".
A.Mürsaqulov əlavə edib ki, bu ildən Maliyyə Nazirliyi büdcə vəsaitlərinin bir hissəsini banklarda depozit kimi yerləşdirərək, maliyyə sektoruna əlavə likvidlik dəstəyi göstərib. Rəsmi qurumun bu addımı həm bank sisteminin sabitliyi, həm də dövlət vəsaitlərinin səmərəli istifadəsi baxımından əhəmiyyətli sayılır.
Onun sözlərinə görə, nazirlik eyni zamanda dövlət istiqrazları ilə bağlı şəffaflığı artırmaq üçün mütəmadi məlumat paylaşmaqda davam edir.
