Niderlandda Azərbaycan xalçalarının sərgisi təşkil olunub
Niderlandın inzibati mərkəzi olan Haaqa şəhərində “Azərxalça” ASC-nin yeni “Azərbaycan xalçalarının möhtəşəmliyi: sənət vasitəsilə öyrənmək” xalça sərgisinin açılış mərasimi keçirilib.
ASC-dən verilən məlumata görə, 20 iyun tarixinədək davam edəcək sərgidə Azərbaycan xalça sənətinin müxtəlif dövrlərinə aid seçilmiş nadir 20 sayda xalça nümunələri nümayiş olunur. Sərginin məqsədi Azərbaycan xalçaçılıq sənətini yalnız estetik dəyərə malik bəzək elementi kimi deyil, eyni zamanda tarixi yaddaşı qoruyan, nəsilləri birləşdirən və milli kimliyi təcəssüm etdirən canlı mədəni fenomen kimi təqdim etməkdir.
Sərginin keçirildiyi Haaqa Meriyasının binasındakı “Atrium City Hall” gün ərzində təxminən 4 min ziyarətçi qəbul edir ki, bu da bir ay ərzində Azərbaycan xalçalarının geniş auditoriyaya təqdim edilməsinə imkan yaradır.
