Özbəkistan aqrar sığorta modelinin qurulmasında Türkiyə və Azərbaycan təcrübəsindən istifadə edəcək
Kənd təsərrüfatı məhsulların istehsalı üzrə böyük potensialı ilə seçilən Özbəkistan müasir aqrar sığorta modelinin qurulmasında Türkiyə və Azərbaycan təcrübəsindən istifadə edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bununla bağlı qarşıdakı tədbirləri və atılacaq addımları müzakirə etmək məqsədilə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin nümayəndəsi Botir Usmanaliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
Bakıda keçirilən görüşlərdə kənd təsərrüfatı risklərinin sığortası ilə bağlı qüvvədə olan qanun və qaydalar, qanunvericilik bazası, onların xüsusiyyətləri və ölkənin sığorta bazarında əhəmiyyəti, Aqrar Sığorta Fondunun təşkilati strukturu, hüquqi statusu, səlahiyyət və vəzifələri, fəaliyyətinin tənzimlənməsi, Fondun vəsaitlərinin formalaşması və səmərəli istifadəsi kimi məsələlər müzakirə edilib.
Özbəkistan nümayəndə heyətinin rəhbəri Botir Usmanaliyev Bakıda keçirilən "Caspian Agro" sərgisi çərçivəsində "Aqrar sığorta sisteminin inkişaf perspektivləri: Azərbaycan təcrübəsi, çağırışlar və beynəlxalq təcrübə" mövzusunda panel müzakirələrində iştirak edib. B.Usmanaliyev panel müzakirəsində Özbəkistanda aqrar sektora təsir edən risklər, aqrar sığorta mexanizminin yaradılması üçün atılan addımlar, bu prosesdə Azərbaycan və Türkiyə təcrübəsindən istifadə edilməsi barədə geniş məlumat verib.
Xatırladaq ki, böyük kənd təsərrüfatı imkanlarına və potensialına malik olan Özbəkistanda Türkiyə və Azərbaycan təcrübəsi əsasında aqrar sığorta mexanizminin yaradılmasına başlanılıb. Aprel ayında bu ölkədə aqrar sığorta haqqında yeni qanun qəbul edilib və digər sənədlərin hazırlanmasına start verilib.
