AZIR indeksinin hesablanmasının yeni və daha təkmil qaydaları təsdiq edilib
Azərbaycan Mərkəzi Bankı tərəfindən AZIR indeksinin hesablanmasının yeni və daha təkmil qaydaları təsdiq edilib.
Bankın məlumatına görə, qaydalar özündə bir sıra yenilikləri ehtiva edir.
İndeksin əsassız kəskin dəyişkənliyinə imkan verməmək üçün yeni metodologiyada orta bazar faizlərindən kəskin fərqlənən faiz dərəcələri ilə bağlanılan əqdlərin ən yüksək və ən aşağı faizlərlə bağlanılan 10 faizlik hissəsinin hesablamadan çıxarılması nəzərdə tutulur.
Bununla yanaşı, yeni qaydalarda tələb olunan həcmlərdə və sayda əməliyyatların olmadığı günlərdə də AZIR-in dərcinin davamlılığı üçün ehtiyat hesablama planları nəzərdə tutulub.
AZIR-in dərcində fasilələrin aradan qaldırılmasına yönələn dəyişikliklər AZIR-in istinad dərəcəsi kimi pul bazarının iştirakçıları tərəfindən davamlı istifadəsinə xidmət edir. AZIR-in istinad faiz dərəcəsi rolunda çıxış etməsi yerli pul bazarının digər seqmentlərində faizlərin formalaşması baxımından da mühümdür. Yeni metodologiya ilə hesablanan AZIR indeksi Mərkəzi Bankın pul siyasətinin yardımçı əməliyyat hədəfi kimi istifadə ediləcək.
Yeni qaydalar həm də müxtəlif müddətlər üzrə toplanan (compounded) faizli AZIR dərəcələrinin hesablanaraq açıqlanmasını nəzərdə tutur. Yeni metodologiyaya uyğun olaraq 30, 90 və 180 günlük dövr üzrə toplanan faizli AZIR dərəcələri müvafiq dövr ərzində açıqlanmış günlük AZIR-lərin əsasında hesablanacaq. Bu indekslər müvafiq olaraq ötən 30, 90, 180 günlük dövr ərzində gündəlik olaraq açıqlanan faiz dərəcələri əsasında formalaşdığı üçün onların qeyd edilən ötən dövrlər üzrə AZIR-in orta dinamikasını xarakterizə edən statistik göstəricilər olduğu nəzərə alınmalıdır. Bunlardan əlavə, gündəlik açıqlanan AZIR dərəcəsi əsasında baza tarixi 01.11.2024-cü il olmaqla Toplanan Faizli Artan İndeksin də açıqlanması nəzərdə tutulur. Bu indeks bazar iştirakçılarına istənilən qeyri-standart istinad dövrü üçün toplanan faizli AZIR dərəcələrini hesablamağa imkan verəcək.
Yeni yanaşma əsasında hesablanacaq AZIR dərəcəsi 2025-ci ilin may ayının 15-dən etibarən Mərkəzi Bankın rəsmi internet səhifəsində dərc olunacaq.
