14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avropa İttifaqının yüksək bacarıqlara malik üç ölkəsi Aİ-Azərbaycan təşəbbüsünə qoşulub

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Kənd təsərrüfatı sahəsinə dövlət dəstəyinin effektivliyinin və səmərəliliyinin artırılması üçün Kənd Təsərrüfatı Nazirliyinin potensialının gücləndirilməsi" adlı Tvinninq layihəsinin təqdimatında çıxış edən Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova nazirliyin indiyədək Avropa İttifaqı ilə birlikdə bir sıra layihələri uğurla həyata keçirdiyini bildirib. O qeyd edib ki, 20 ildən artıq müddətdə davam edən əməkdaşlığımız geniş təcrübə mübadiləsinə imkan verib. "Yeni layihə Azərbaycanda kənd təsərrüfatının inkişafında, bu sahə üçün əhəmiyyətli olan kadrların hazırlanmasında və biliklərin artırılmasında xüsusi rol oynayacaq", –deyə İ.Qədimova diqqətə çatdırıb.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Simona Gatti yeni layihənin Azərbaycanın kənd təsərrüfatı və kənd yerlərinin inkişafı potensialının davamlı artımına mühüm töhfə verəcəyinə əminliyini bildirib. Onun sözlərinə görə, layihənin müxtəlifliyi ona ətraf mühiti və kəndin mədəni irsini qorumağa imkan yaradacaq. Simona Gatti deyib: "Avropa İttifaqının bu sahədə ən uyğun və yüksək bacarıqlara malik üç ölkəsinin - Litva, İtaliya və Polşanın Avropa İttifaqı-Azərbaycan təşəbbüsünə qoşulmasını görməyə çox şadam. Bu layihə kənd təsərrüfatı, kənd inkişafı və qida təhlükəsizliyi sahələrində Aİ-Azərbaycan tərəfdaşlığını davam etdirir və kənd həyat səviyyəsinin yaxşılaşdırılmasına, ərzaq təhlükəsizliyinin yüksəldilməsinə, bazara çıxışı və beləliklə də, ticarət perspektivlərini artırır".

O bildirib ki, Aİ 2011-ci ildən Azərbaycanda kənd təsərrüfatı sektorunun və kənd yerlərinin inkişafına 17 milyon avro kredit ayırıb. Bura qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sahələri aiddir. Həmçinin əlavə edib ki, Aİ-nin əsas məqsədlərindən biri regionların inkişafı ilə bağlıdır. Bu baxımdan sentyabrdan 13 milyon avroluq yeni layihənin icrasına başlanılacaq. Üçillik layihə ilk dəfə həyata keçirilir və pilot rayon olaraq Lənkəran seçilib. "Layihə çərçivəsində yerli sahibkarlara qrantlar veriləcək. Bunun nəticəsində meyvə və tərəvəz ixracında artım olacaq. Hazırda layihənin məbləği və müddəti bəlli olsa da, necə həyata keçiriləcəyi ilə bağlı müzakirələr gedir", - deyə Aİ rəsmisi vurğulayıb.

Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev isə çıxışında deyib ki, aqrar sahəyə dövlət dəstəyi bilavasitə kənd yerlərinin inkişafına xidmət edir. Çünki kənddə yaşayan insanın həyat səviyyəsi aqrar sahədə məşğulluqla bağlıdır. M.Əliyev bildirib ki, subsidiyaların məqsədyönlü və təyinatı üzrə yönləndirilməsinin təşkili qarşıda duran əsas vəzifədir. Ağıllı alətlərlə idarə edilən subsidiya sistemi həm dövlət vəsaitini qorumağa imkan verəcək, həm də fermerlərə dəstək olaraq, istehsalı həvəsləndirəcək.

AKİA-nın sədri tvinninq layihəsi haqda ətraflı məlumat verərək qeyd edib ki, layihənin məqsədi Avropa İttifaqı Ümumi Kənd Təsərrüfatı Siyasətinin uğurlu mexanizmlərinin və ən yaxşı təcrübələrin müəyyənləşdirilməsi yolu ilə Azərbaycanda kənd yerlərinin inkişafının həyata keçirilməsi üçün milli siyasət və vasitələrin gücləndirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə dəstək verməkdir. O deyib: "Kənd təsərrüfatı sahəsində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və siyasi iradəsi ilə başlanılmış yeni islahat mərhələsində dünyanın qabaqcıl ölkələrinin aqrar sahədəki təcrübələrini öyrənir, bizə uyğun olanlardan faydalanırıq. Avropanın bir sıra ölkələri həm həcmə görə, həm də innovasiyaların tətbiqi baxımdan dünyanın ən inkişaf etmiş kənd təsərrüfatı məhsulları istehsalçıları siyahısındadır. Keçdiyimiz islahat mərhələsində Avropa ölkələri bizim üçün müsbət nümunələrdəndir".

M.Əliyevin sözlərinə görə, layihə çərçivəsində subsidiya sisteminin daha da təkmilləşdirilməsi üçün işlər görüləcək. Qeyd edək ki, layihə kənd təsərrüfatına dair strategiya və siyasətin hazırlanması və kənd yerlərinin inkişafının təşviqi ilə yanaşı, Aİ təcrübəsinə əsaslanan informasiya texnologiyaları prosedurlarının və kompleks idarəetmə və nəzarət sisteminin hüquqi aspektləri də daxil olmaqla, əlverişli inzibati mühitin inkişaf etdirilməsi və müvafiq kadr potensialının qurulmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb.

Layihə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən İtaliyanın Kənd Təsərrüfatı Nazirliyi, Polşa və Litvanın kənd təsərrüfatı üzrə inzibati qurumları ilə əməkdaşlıq çərçivəsində icra olunur. Azərbaycanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən institutları və Kənd Təsərrüfatı Nazirliyinin şöbələri də layihə tərəfdaşları arasındadır. Layihənin icrasına 2019-cu ilin may ayında başlanılıb və layihə 24 ay müddətinə davam edəcək.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?