20 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar: biznesin qeydiyyatı təkmilləşdirilir MƏQALƏ

2024-cü ildə Azərbaycanda 126,3 milyard manatlıq və yaxud 2023-cü illə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 faiz, qeyri-neft-qaz sektorunda isə 6,2 faiz artıb. Ötən il əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 12.382,5 manat olub. ÜDM artımını təmin edən əsas amillərdən biri isə əlverişli biznes mühitinin yaradılmasıdır. Sahibkarlıq fəaliyyəti üçün geniş imkanların yaradıldığı şəraitdə iqtisadi aktivlik artır ki, bu da iqtisadi artımda özünü büruzə verir.

Müasir biznes mühitinin dəyişən tələbləri

Müasir biznes mühiti sürətli texnoloji dəyişikliklər, qlobal iqtisadi və siyasi qeyri-sabitlik, ekoloji problemlər, müştəri gözləntiləri və digər mühüm çağırışlarla üzləşib. Bu çağırışlara cavab vermək üçün bizneslər çevik, innovativ, texnologiyaya əsaslanan və müştəri mərkəzli yanaşmalar tətbiq etməli, həmçinin davamlılıq və sosial məsuliyyət prinsiplərinə riayət etməlidirlər. Bu dəyişikliklər biznes fəaliyyətini və strategiyalarını daim yeniləməyi tələb etdiyindən biznes mühitinə təsir edən yanaşmaları da təkmilləşdirməyi şərtləndirir. Məhz bu məqsədlə “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və bu prioritetlərə söykənən “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda sahibkarlıq fəaliyyəti üzrə tənzimləmələrin optimallaşdırılması, resurslara bərabər çıxış imkanlarının yaradılması, özəl sektorun fəaliyyətinin aktiv stimullaşdırılması kimi tədbirləri genişləndirmək nəzərdə tutulub.

Ölkəmizin vergi sistemi iqtisadiyyatın tənzimləyici
drayverlərinin hərəkətə gətirilməsində fəal iştirak edir

Vergi təşviqləri və stimullaşdırıcı islahatlar

Sahibkarlıq fəaliyyətinin çevik tənzimlənməsi mexanizminin güclənməsinə təsir edən əsas faktorlardan biri də vergi siyasətidir. Son illər ölkəmizin vergi sistemi iqtisadiyyatın tənzimləyici drayverlərinin hərəkətə gətirilməsində fəal iştirak edir. Bu istiqamətdə vergi qanunvericiliyinə ardıcıl olaraq mühüm dəyişikliklər edilir. 2025-ci ildən qüvvəyə minmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq və invesitisiya fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizmi və vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasından ibarətdir. Bu hədəflər Azərbaycanın dayanıqlı, inklüziv və özəl təşəbbüslərə arxalanan iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün güclü potensial ehtiva edir. Təşviqlərə bərpaolunan enerji mənbələrindən istifadə sahəsində həyata keçirilən layihələrə investisiya qoyuluşunu stimullaşdırmaq, uzunmüddətli dövrdə dövlətin maliyyə yükünü azaltmaq, istehlakçılar üçün tariflərin aşağı salınması və daxili istehsalın dəstəklənməsi məqsədilə vergi azadolmaları, mədəniyyət sahəsi üzrə vergi güzəştlərinin verilməsi kimi tədbirlər daxildir.

Biznes mühitinin cəlbediciliyini artırmaq üçün bir sıra addımlar
atılıb və biznesin qeydiyyatı sahəsində əhəmiyyətli yeniliklər edilib

Bundan başqa, biznes mühitinin cəlbediciliyini artırmaq üçün də bir sıra addımlar atılıb və biznesin qeydiyyatı sahəsində bir sıra əhəmiyyətli yeniliklər edilib. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupu biznes qeydiyyatının effektivliyinin daha da artırılması üçün müvafiq Yol Xəritəsi çərçivəsində biznes subyektlərinin ehtiyaclarına uyğun olaraq müvafiq tənzimləmələr həyata keçirilib. “Biznesə daxilolma” sahəsində həyata keçirilmiş 2022-2023-cü illər üzrə Yol Xəritəsi çərçivəsində kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı təkmilləşdirilib. Rübdə bir dəfə məlumat dəyişikliyinin qeydiyyata alınması üçün müraciətlərin edilməsinin zəruriliyinə dair məlumat xarakterli bildirişin kommersiya qurumlarının elektron kabinetinə göndərilməsi xidməti aktivləşdirilib. Həmçinin, lisenziya və ya icazə tələb olunan fəaliyyət növləri seçildikdə, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi başa çatdıqdan sonra “Lisenziyalar və icazələr” portalına keçid imkanının yaradılması da təmin edilib.

2024-cü ildə bu sahədə daha bir mühüm addım yerli və xarici investisiyalı MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanının yaradılması oldu. Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanı biznesin vaxta qənaət etməsinə şərait yaradır. Buna qədər isə yalnız yerli investisiyalı kommersiya hüquqi şəxslərin ilkin qeydiyyatı ilə bağlı prosedurlar elektron qaydada həyata keçirilirdi.

Biznesin qeydiyyatının təkmilləşdirilməsi sahəsində yeniliklər bu il də davam edəcək

Bütün bunlar öz müsbət nəticələrini qeydiyyata alınan şirkətlərin sayındakı artımda da büruzə verir. 2025-ci ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan vergi ödəyicilərinin ümumi sayı 2024-cü ilin əvvəli ilə müqayisədə 5,4 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,1 faiz, hüquqi şəxslərin sayı 7,3 faiz artıb. 2025-ci ilin yanvar ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 190.367 vahid təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 8 faiz çoxdur. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 94 faiz təşkil edib.

Biznesin qeydiyyatının təkmilləşdirilməsi sahəsində yeniliklər bu il də davam edəcək. Bu isə ölkəmizdə iqtisadi aktivliyin dəstəklənməsi üçün yeni stimullar formalaşdıracaq.

Gülay NƏBİYEVA