Nəhəng şirkətlər innovasiyalara və yeni məhsulların hazırlanmasına təxminən 1,7 trilyon ABŞ dolları xərcləyirlər
İnnovasiya texnologiyalarının və proseslərinin öyrənilməsi, yaradılması, tətbiqi və tədrisi kimi işlərdə 10 ilə yaxın peşəkar təcrübəyə malik olan Şəbnəm Məmmədova "Report"a müsahibəsində innovasiyaların biznesə verə biləcəyi imkanlardan danışıb.
- İnnovasiyaların tətbiqi prosesinin effektivliyi və nəticələri necə ölçülə bilir?
- İstənilən innovasiyanın tətbiqi, yeni texnoloji alətlərin prosesə cəlb olunması özündən sonra təsirlərə səbəb olur. Bu təsirlərin və nəticələrin ölçülməsini effektivlik və effekt aspektlərindən analiz etmək olur. Effekt - birbaşa "təmiz maliyyə" nəticələridirsə, effektivlik isə - innovasiyaların tətbiqinə sərf edilən resursların hər kəmiyyətinə yaradılmış əlavə dəyəri özündə ehtiva edir. Layihələrdə innovasiyaların tətbiqinin təsirlərini ölçmək üçün bir sıra göstəricilər mövcuddur.
Kommersiya və ya gəlirlilik effekti bu zəncirdə heç də əsas vacib element sayılmır. Yeniliklərin tətbiqi nəticələrin vahid zəncirində qiymətləndirilməlidir. Əlbəttə ki, praktiki cəhətdən həm investorlar, həm də biznes sahibləri üçün əsas ölçü meyarı və maraqlı hədəf gəlirlilik göstəricisidir. Bu adətən innovasiyaların tətbiqi və reallaşması zamanı çəkilən xərclərin və əldə edilən gəlirlərin fərqi ilə ölçülür.
İnnovasiyaların effektivliyi aşağıdakı göstəriciləri ilə ölçülə bilər:
- Layihənin dəyəri
- Layihədən əldə edilən xalis gəlir
- Rentabellik
- Gəlirliliyin daxili norması
- İnvestisiyaların geri dönmə müddəti
- İnnovasiyalarla necə işləmək lazımdır? Biznes subyektləri və şirkət sahiblərinə nə məsləhətlər verə bilərsiniz?
- İnnovasiyaların tətbiqi - bu tamamilə yeni məhsul, vərdiş və psixoloji aspektlərin tətbiqidir. Şərt deyil ki, bu tamamilə yeni bir məhsul olsun, hətta yeni xüsusiyyətlərə malik olan köhnə məhsulun yenilənməsi belə sayıla bilər. Bu, məhsulun təkmilləşdirilməsi üzərində gündəlik 95 faiz çətin bir iş yükünün olmasını ifadə edir. Təbii ki, revolyusioner və radikal innovasiyalar bu prosesdə fərqli istisnalardır. İndi bazarda rəqabət aparan nəhəng şirkətlər sənayenin əvvəlki dönəmi ilə müqayisədə innovasiyalara və yeni məhsulların hazırlanması və ya təkmilləşdirilməsi prosesinə çox böyük miqdarda investisiyalar yatırırlar.
Dünya miqyasında bu rəqəm 1,7 trilyon ABŞ dolları civarındadır. Bu çox nəhəng rəqəmdir və dünyada şirkətlərin innovasiyaların tətbiqi prosesinə olan münasibətini açıq şəkildə ifadə edir. Lakin bu yatırımların bəzi hallarda nəticələri çox da ürəkaçan deyil. 72 faiz yeni məhsullar istənilən nəticəni verə bilmir və ya planlaşdırılan gəlirliliyi gətirə bilmir. Yalnız 28 faiz uğurlu olan və bazarda uğurla mənimsənilən məhsullardan gələn gəlirlər isə ümumi yatırım olan investiyaların məbləğini qarşılaya bilir və hətta bu rəqəmləri aşa bilir. Bu normal dünya təcrübəsidir. Bu sahədə olan ən çox rast gəlinən yanlış mülahizə odur ki, innovasiyalara olan nə qədər çox yatırım varsa, o qədər də çox gəlirlilik var.
Lakin bu şirkətlərdə olan bu real rəqəmlər onu göstərir ki, innovasiyaların tətbiqi prosesində əsas meyarlar təkcə maliyyə resurslarının çoxluğu deyil. Yəni yuxarıda innovasiyaların tətbiqi üzrə sadaladığım digər kritik amillər də bu prosesin əsas vacib elementləridir. Əsas amil maliyyə dayanıqlılığıdır. Yəni siz yeni trendlərə aludə olub qeyri-rasional şəkildə, ciddi ölçü meyarları olmadan innovasiyaların tətbiqinə çalışsanız, bu o qədər də uğurlu olmaya bilər. Burada rasional rəqəmlər olmalıdır. Eyni zamanda tətbiq prosesində şirkətdə olan biznes proseslərin və komandanın motivasiyası mühüm əhəmiyyət kəsb edir. Yəni əgər sizin komandanızda innovativ layihələrlə işləyəcək işçi qrup yoxdursa, və ya biznes proseslərin optimiziyasi prosesini və rəqəmsal transformasiyanı doğru analizi və tətbiqi baş vermirsə, sonda hər hansı qazancdan danışmaq mümkün olmayacaq. Burada ən ciddi faktorlardan biri də mövcud bazarın və istehlakçıların hazırlıq səviyyəsi və vərdişləridir. Siz ya istehlakçı bazarını müxtəlif çevik kampaniyalarla bu prosesə hazırlamalı, onları yeni innovativ məhsulların istehlakı üçün vərdişlər qazanmaqda yardımçı olmalısınız ya da inqilabçı mövqedən çıxış edərək riskləri nəzərə almalısınız. Hər bir halda innovasiyaların tətbiqi prosesindən kompleks yanaşma olmadan dayanıqlı uğurdan söhbət gedə bilməz. Biz bu təcrübə ilə hər yerdə rastlaşırıq; istər Asiya, istər Avropa, istərsə də Amerikada.
Şirkət sahibləri və ya biznes subyektləri bizneslərinin inkişafı məqsədilə innovasiyaların rasional və düşünülmüş hədəflər üzərində tətbiqinə can atmalıdırlar. Bu, artıq nəinki biznesin inkişafı üçün yeni imkanların yaradılmasına doğru bir şərtdir, eyni zamanda, günümüzün qaçılmaz tələbidir.