Ağdam Sənaye Parkında istehsal edilən məhsulların istifadəsinə başlanılıb
Ağdam Sənaye Parkında istehsal edilən dam örtükləri, divar kağızları, məsaməli hörgü blokları, dəmir və metal qapılar, jalüz, məhəccər və arakəsmələr, metal torlar və s. məhsullar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işlərində istifadə olunur.
İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, Sənaye Parkının rezidentləri tərəfindən indiyədək 1,8 milyon manat dəyərində məhsul satışı həyata keçirilib. İstehsal olunan məhsullar, əsasən, Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər və digər rayonlarda yeni kəndlərin salınmasında istifadə edilir.
Hazırda Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkda 9 müəssisə fəaliyyətə başlayıb, 370-dən artıq daimi iş yeri yaradılıb.