Pərviz Şahbazov: “Azərbaycan "yaşıl enerji" cığırı ilə sürətlə irəliləyir”
“Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 8 415,6 MVt-a çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 324,8 MVt və ya 4 faiz artım deməkdir”.
Bu barədə energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində dərc olunmuş “Azərbaycan energetikasında “yaşıl era” adlı məqaləsində bildirilir.
Məqalədə qeyd olunur ki, elektroenergetika sistemində ümumi gücü 6 623 MVt olan 22 istilik-elektrik stansiyası, 1 406,6 MVt-lıq 58 su-elektrik stansiyası, 278,1 MVt gücündə 9 günəş-elektrik stansiyası, 63,7 MVt gücündə 5 külək-elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları-elektrik stansiyası və ümumi gücü 7,3 MVt olan 3 hibrid-elektrik stansiyası fəaliyyət göstərir. Su-elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 792,6 MVt-dır ki, bu da ümumi istehsal gücünün təxminən, 21,3 faizini təşkil edir. Bu dövrdə generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib. Belə ki, hazırda ümumi gücü 29 491 MVA olan 110-500 kV-luq 254 yarımstansiya istismardadır.
“Ötən il 29,3 milyard kVt-st istehsal, 3,2 milyard kVt-st ixrac göstəriciləri ilə elektrik enerjisinin istehsalı və ixracı xeyli dərəcədə yüksəlib. 2023-cü ildə 23,2 milyard kVt-st elektrik enerjisi istehlak edilib. Elektrik enerjisi itkiləri 2,9 faiz azaldılıb. Bu ilin 9 ayı ərzində 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 247,7 milyon kVt-st artımla 21,8 milyard kVt-st olub ki, burada 9 dəfədən çox günəş-elektrik enerjisi istehsalı bərpaolunan mənbələrin payını 14,1 faizə yüksəldib. İxrac isə Gürcüstana 898,7 milyon, Türkiyəyə 176,4 milyon, Rusiyaya 137,4 milyon və İrana 27,9 milyon kVt-st olmaqla ümumilikdə 1,2 mlrd. kVt-st təşkil edib. Elektrik enerjisinin idxalı bu dövrdə azalaraq 139,4 mln. kVt-st olub”, - məqalədə bildirilir.
Nazir vurğulayıb ki, növbəti illərdə elektrik enerjisinin istehsal-ixrac dinamikası əhəmiyyətli dərəcədə bərpaolunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, "yaşıl enerji" növlərinin yaradılmasını və dünya bazarlarına nəqlini prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və beynəlxalq investorlarla əməkdaşlıq kimi bütün zəruri şərtlər mövcuddur. 2027-ci ilədək təxminən 2,8 milyard ABŞ dolları həcmində xarici və yerli investisiya hesabına 2 QVt civarında sənayemiqyaslı 8 günəş-külək elektrik stansiyasının inşası və şəbəkəyə qoşulması ilə bağlı planların icrası göstərir ki, Azərbaycan "yaşıl enerji" cığırı ilə sürətlə irəliləyir və bu artıq geriyədönməz prosesdir: “Təsadüfi deyil ki, bu məqam Dünya İqtisadi Forumunun "Effektiv Enerji Keçidinin Təşviqi 2023" hesabatında da əks olunub. Hesabatda deyilir ki, Azərbaycan tənzimləmə mühitini və infrastrukturu təkmilləşdirməklə keçidə hazırlıq istiqamətində məhz aqressiv səylərinə görə 120 ölkə arasında 62 enerji keçidi indeksi ilə 32-ci yerə yüksəlib”.