"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə 100-dən çox uyğunluq sertifikatı verilib
Bu ilin fevralından etibarən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində fəaliyyətə başlayan Azərbaycan Standartlaşdırma İnstitutu sözügedən mərkəz vasitəsilə hüquqi və fiziki şəxslərə 100-dən çox uyğunluq sertifikatı verib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, sertifikat verilən məhsulların böyük əksəriyyətinin həm də ixrac olunduğu nəzərə alınaraq, "bir pəncərə" prinsipi əsasında digər icazə sənədlərinin də alınması ixracatçılar üçün əhəmiyyətli rol oynayaraq daha az xərc və vəsait xərcləməsinə səbəb olur. Sertifikat verilən məhsullara fındıq, xama, kərə yağı, buğda unu, buğda kəpəyi, nar şərabı, şəkərli peçenye, istehsalat sahələri üçün metal konstruksiyalar, polietilen örtüklər, neft turşusu və sair daxildir.
Yerli istehsalla məşğul olan şirkətlərin ixracyönümlü fəaliyyət qurmasına dəstək verən mərkəz müxtəlif məsləhət xidmətləri göstərən məhsulun keyfiyyətinin artırılmasına töhfə verməkdə davam edir. Belə ki, xüsusilə aqrar məhsulların Avropa ölkələrinə ixracı məqsədilə müxtəlif standartların tətbiqi istiqamətində özəl sektorla əlaqələndirici rola malik "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi bir sıra şirkətlərin daha az maliyyə resursu sərf etməklə beynəlxalq standartlara yiyələnməsinə dəstək olub.
Altı aya yaxın müddətdə "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində Azərbaycan Standartlaşdırma İnstitutunun xidmətindən həm elektron, həm də fiziki qaydada çoxlu sayda sahibkarlar istifadə edir. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində uyğunluq sertifikatının verilməsi və bir sıra beynəlxalq standartların tətbiqi istiqamətində əlaqələndirici koordinasiyaya malik "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi kiçik və orta sahibkarlıq subyektlərinin məmnuniyyətini nəzərə alaraq ixracı özündə əhatə edən digər institutları da gələcəkdə cəlb etmək niyyətindədir.
Qeyd edək ki, Azərbaycan Standartlaşdırma İnstitutu və "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumun əsas məqsədi ixracatçıların məhsullarını beynəlxalq bazarlarda yüksək standartlara cavab verməsi üçün konsaltinq, sertifikatlaşdırma xidmətlərinin göstərilməsi, maarifləndirici tədbirlərin həyata keçirilməsi, "Bir Pəncərə" prinsipi əsasında uyğunluq sertifikatının qısa müddət ərzində verilməsini təmin etmək üçün birgə tədbirlər planını həyata keçirməkdir. Birgə əməkdaşlıq, həmçinin ixrac olunan məhsulların müqavilə əsasında beynəlxalq akkreditasiyadan keçən laboratoriyada sınaqdan keçirilməsi və beynəlxalq keyfiyyət idarəetməsi sahəsində nəzərdə tutulan digər xidmətlərin verilməsini təmin edir.