Kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihə Şamaxıda təqdim olunub
Pilot layihənin iyul ayının 18-də keçirilmiş təqdimatında Vergilər Nazirliyinin və Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxsləri, Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının, rayondakı qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri, 4 saylı Ərazi Vergi İdarəsinin əməkdaşları iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqları salamlayaraq bildirib ki, ölkəmizin digər regionlarında olduğu kimi Şamaxıda da iqtisadiyyatın bütün sahələrində ciddi və dayanıqlı inkişaf prosesi gedir və rəhbərlik etdiyi rayon bu layihədə yaxından iştirak etməkdə maraqlıdır.
Vergilər nazirinin müavini Sahib Ələkbərov tədbirdə çıxış edərək diqqəti kənd təsərrüfatında uçotun dürüstləşdirilməsini və şəffaflaşdırılmasını zəruri edən səbəblərə, bu sahədəki real vəziyyətə, mövcud problemlərin aradan qaldırılması üçün vergi orqanları ilə aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığına və digər vacib məsələlərə yönəldib: "Bu gün Azərbaycanda şəffaflaşdırma istiqamətində çox ciddi işlər aparılır. "Kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması üçün ciddi tədbirlər həyata keçirilir. Bu işlərin kənd təsərrüfatı sahəsində də görülməsinə daha böyük ehtiyac var. Kənd təsərrüfatı sahəsində uçotla məşğul olan 8 dövlət qurumu və bələdiyyələrin hər birinin özünə aid uçot sahəsi var. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluq sahəsində uçota nəzarət edir, Əmlak Komitəsi torpaqların, Vergilər Nazirliyi verginin uçotunu aparır, Dövlət Gömrük Komitəsi isə idxal-ixracla bağlı prosesi izləyir. Kənd Təsərrüfatı Nazirliyinin uçotla bağlı fəaliyyət dairəsi daha genişdir. Lakin bu qurumların əldə etdikləri məlumatlar çox vaxt üst-üstə düşmür. Vergilər Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə xeyli vaxtdır ki, bu layihənin üzərində işləyir və bu gün təqdim olunan layihənin reallaşdırılması kənd təsərrüfatında uçotun dürüstləşdirilməsinə və şəffaflaşdırılmasına ciddi təkan verəcəkdir".
Qeyd olunub ki, kənd təsərrüfatında uçotun dürüstləşdirilməsində başlıca məqsəd bu sahədə fəaliyyət göstərən istehsalçıların vergiyə cəlb edilməsi yox, real vəziyyəti düzgün əks etdirən uçotun aparılmasının təmin edilməsinə nail olmaqdır. Digər tərəfdən, kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə, 3-cü şəxslərin vergidən yayınmasına şərait yaratmış olurlar ki, bu da yolverilməzdir.
Sahib Ələkbərov qeyd edib ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olunublar və 2019-cu ildən bu azadolmanın müddəti daha 5 il uzadılıb: "Kənd təsərrüfatında çalışanlar dövlət tərəfindən kifayət qədər böyük məbləğlərdə yardımlar alırlar. Təkcə keçən il 400 minə yaxın ölkə vətəndaşı subsidiya alıb, bu il üçün məbləğin daha da artırılması nəzərdə tutulub. Dövlətimiz kəndliyə göstərdiyi qayğının nəticəsini görmək istəyir. Bazarlarda bolluq olmalıdır, ixrac artmalıdır, kənd təsərrüfatı məhsullarının ixracı hesabına ölkəyə valyuta gəlməlidir ki, iqtisadiyyatımızın inkişafına təkan versin".
Bu sahədə mövcud olan nöqsanlardan danışan nazir müavini qeyd edib ki, kənd təsərrüfatı vergidən azad olsa da, satış vergidən azad deyil və satışda 3-cü şəxslərin vergidən yayınmasının bir səbəbi də uçotun düzgün olmamasıdır. Layihə çərçivəsində aparılacaq işlər yalnız kənd təsərrüfatı təyinatlı torpaqlarda satış üçün məhsul istehsalını əhatə edir və fərdi həyətyanı torpaq sahələrində istehsal olunan məhsullar bura aid deyil.
Vurğulanıb ki, hər bir torpaq mülkiyyətçisi mövcud qanunvericiliyə əsasən məcburi sosial sığorta məqsədləri üçün uçota durmalı və qanunda nəzərdə tutulmuş qaydada məcburi sosial sığorta haqqı ödəməlidir. Əks halda onların gələcəkdə layiqli pensiya təminatında ciddi problemlərin ortaya çıxması qaçılmaz olacaqdır. Ailə kəndli təsərrüfatlarının uçotu isə bu günədək təşkil olunmayıb. Bildirilib ki, kənd təsərrüfatı sahəsində uçotun və hesabatlılığın səviyyəsi qənaətbəxş hesab oluna bilməz və müxtəlif dövlət orqanlarından və bələdiyyələrdən təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur. Bütün bu problemlərin aradan qaldırılması üçün digər aidiyyəti dövlət qurumları ilə birlikdə böyük bir layihə hazırlanıb və bu işlərə Şamaxı rayonundan başlanılması qərara alınıb.
Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktorunun müavini Namiq Dərgahov kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması istiqamətində indiyədək qəbul olunmuş normativ-hüquqi aktlar və onların zəruri müddəalarını tədbir iştirakçılarının nəzərinə çatdırıb: "Kənd təsərrüfatı üzrə məşğul olanlar ölkə üzrə ümumi məşğul əhalinin 36,5 faizini təşkil edir. Dövlətin bu sahəyə xüsusi diqqəti uzunmüddətli vergi güzəştlərində öz təsdiqini tapıb. Bundan əlavə, ölkə başçısının 2016-cı ildə imzaladığı fərmana əsasən, kənd təsərrüfatı məhsullarının ixracı zamanı məhsulun növündən asılı olaraq ixrac edilən məhsulun gömrük dəyərinə vəsaitin 3 faiz dərəcə ilə geri qaytarılması tətbiq edilir və bu addım kənd təsərrüfatı məhsullarının stehsalçıları üçün böyük təşviqedici mexanizmdir".
N.Dərgahov qeyd edib ki, 2019-cu ilin əvvəlindən kənd təsərrüfatı mənsulunun istehsalı ilə məşğul olan 235 min vergi ödəyicisi vergi orqanlarında qeydiyyatdan keçib.
Vergilər Nazirliyinin Yerli qurumlarla işlərə nəzarət departamentinin baş direktoru Elçin Bəylərov layihənin reallaşdırılması üçün Vergilər Nazirliyi, o cümlədən nazirliyin yerli orqanları tərəfindən indiyədək görülmüş görülən işlər barədə məlumat verib: "Bu prosesin həyata keçirilməsi ilə bağlı vahid metodiki tövsiyələr hazırlanıb. Metodiki tövsiyyələrdə əsas fəaliyyət istiqamətlərindən biri kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən şəxslər barəsində məlumatların əldə olunması, həmin məlumatların Vergilər Nazirliyinin baza məlumatları ilə üzləşdirilməsi və dürüstləşdirmə işlərinin aparılması mexanizmlərinin təsbit olunmasıdır. Metodoki tövsiyələr əsas götürülməklə Proseslər Xəritəsi tərtib edilib.
Xəritə üzrə kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən fiziki şəxslərin (ailə kəndli təsərrüfatlarının başçıları və torpaq payçıları) məcburi dövlət sosial sığorta məqsədləri üçün vergi uçotuna alınması məqsədilə hər bir rayon (şəhər) üzrə xüsusi komissiyaların, qəsəbə və kəndlərdə isə işçi qrupların yaradılması, uçota alınmalı şəxslərin siyahılarının tərtib edilməsi, Dövlət Aqrar İnkişaf mərkəzləri, Ərazi Vergi orqanları, Vergi ödəyicilərinə xidmət mərkəzləri, qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin inzibati binalarında, habelə mobil bazalar vasitəsilə uçota alınma işlərinin təşkili nəzərdə tutulub".
E.Bəylərov Ərazi vergi orqanlarının əhatə dairəsində olan şəhər və rayonlar üzrə yaşayış məntəqələrinin sayı barədə məlumat verib, tədbir iştirakçılarını uçot məlumatlarında dürüstləşmənin aparılması ilə bağlı bildiriş formasının, fiziki şəxsin uçotu haqqında ərizə formasının, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslər üçün bəyannamə formasının doldurulması qaydaları ilə tanış edib.
Tədbirin sonunda vergilər nazirinin müavini Sahib Ələkbərov vergi orqanlarına layihə çərçivəsində görülməsi nəzərdə tutulan işləri yerinə yetirərkən aidiyyəti dövlət orqanlarının yerli qurumları, qəsəbə və kəndlərin icra nümayəndələri və bələdiyyələrlə əlaqəli şəkildə işləməyi tövsiyə edərək uğurlar arzulayıb.
Fəxriyyə İKRAMQIZI