16 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkar Fikrət Axundov: “Güzəştli kreditlər sahibkarlığın inkişafına böyük dəstəkdir”

İş adamlarına Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə güzəştli şərtlərlə kreditlərin verilməsi dövlətin onlara göstərdiyi ən səmərəli dəstək formalarından biridir. 2004-2023-cü illərdə Azərbaycanda 28.308 sahibkar bu güzəştdən yararlanıb ki, onlara da 3,01 milyard manat məbləğində kredit verilib. Bu müddətdə SİF-in ayırdığı kreditlər 45.669 layihənin icrasına sərf edilib, nəticədə 176.213 yeni iş yeri yaradılıb. Sahibkarlığa güzəştli kredit dəstəyi sayəsində maliyyələşdirilən layihələrin dəyəri 6,3 milyard manata çatıb. Cari ilin yanvar-mart ayları ərzində isə Fond tərəfindən 1065 layihənin maliyyələşdirilməsinə 43,1 milyon manat güzəştli kredit verilib. Həmin müddətdə güzəştli kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsündə mikro sahibkarlıq subyektlərinin payı 97,1 faiz, kiçik sahibkarlıq subyektlərinin payı 2 faiz, orta sahibkarlıq subyektlərinin payı isə 0,8 faiz təşkil edib.

SİF-in xətti ilə kredit alaraq biznesini genişləndirən sahibkarlardan biri də əsnək qablaşdırma və etiket istehsalı ilə məşğul olan “ARTPAK" MMC-nin direktoru Fikrət Axundovdur. O, qablaşdırma və etiket istehsalının inkişafını nəzərdə tutan, ümumi dəyəri 3.483.789 manat olan layihəsinin icrasına maliyyə dəstəyinin göstərilməsi üçün dövlətdən 1.000.000 manat güzəştli kredit alıb. “vergiler.az”a açıqlama verən sahibkar qeyd edib ki, SİF-in 5 faizlə verdiyi kreditlər çox sərfəlidir: “Təbii ki, kredit verilməmişdən əvvəl monitorinq aparıldı və lazım olan qeydiyyatdan sonra rahat şəkildə vəsaiti ala bildik. Belə kreditlərin ayrılması, sözün əsl mənasında, sahibkarlığın inkişafına çox böyük dəstək verir. Əks halda, sahibkar məcbur qalıb hansısa bankdan yüksək faizlə kredit götürməli olur”.

F.Axundov bildirib ki, bu kreditlə İtaliyadan etiketlənmə üçün yeni avadanlıq alınıb: “Həmin avadanlıqdan şirkətimizdə var idi, amma biz daha müasir və sürətlisini aldıq. Bazarda ciddi tələbat olan bu məhsullar xaricdə çap olunub ölkəyə gətirilirdi”.

Onun sözlərinə görə, əvvəllər sifarişçiləri arasında xarici ölkələrdən – Rusiya və Almaniyadan müştərilər olsa da, hazırda yalnız yerli istehsalçılara xidmət göstərirlər. Sahibkar əlavə edib ki, fəaliyyətə başladıqları 2009-cu ildə Azərbaycanda belə bir fəaliyyət növü olmadığı üçün etiketlər yalnız kustar şəkildə printerdə çap edilirdi. O zaman Azərbaycanın yerli istehsalçıları bu məhsulları, əsasən, Türkiyə, İran, Rusiya və Ukraynadan alırdılar.

Qablaşdırma və etiket üçün xammal Avropa, Rusiya və Türkiyədən alınır. 70-ə yaxın əməkdaşın çalışdığı şirkətin avadanlıqları isə Almaniya, İtaliya, Danimarka, Çexiya istehsalıdır: “Avadanlıqları, adətən, Avropada keçirilən böyük sərgilərdə görüb alırıq. Biz avadanlıq parkımızı Azərbaycan bazarının tələbatını düşünərək genişləndiririk. İstehsal şəraitimiz tam olaraq müasir tələblərə uyğundur”.

F.Axundov əlavə edib ki, kreditin ödənişini həyata keçirib qurtardıqdan sonra ən müasir avadanlıq - qablaşdırma sahəsinə aid rəqəmsal çap maşını gətirmək niyyətindədirlər. Avadanlığın keyfiyyətinin yüksək olması, təbii ki, işin də keyfiyyətinin artmasına gətirib çıxaracaq. Bu məqsədlə may ayının sonlarında keçiriləcək beynəlxalq sərgidə iştirak etmək fikrindədirlər. Növbəti ildə əsnək qablaşdırma sahəsi üzrə təxminən 3 milyon manat dəyərində yeni avadanlıq almağı düşünürlər.

Azərbaycanın qablaşdırma və etiket bazarında artıq kifayət qədər şirkətin olduğunu deyən həmsöhbətimiz hazırda bu istiqamətdə ciddi rəqabətin formalaşdığını bildirib. Sahibkar 2009-cu ildən indiyədək biznesini 100 faizdən artıq genişləndirdiyini, hər il bu sahəyə yeni investisiyalar yatırdığını vurğulayıb.

İlhamə İSABALAYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?