15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvar-may aylarında xarici ticarət dövriyyəsinin həcmi artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunmuş, 163 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsinin məlumatina görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 14.074,2 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 8.240,0 mln. dollar, idxalın dəyəri 5.834,2 mln. dollar təşkil edib, nəticədə 2.405,8 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 faiz, o cümlədən idxal 51,3 faiz, ixrac 0,1 faiz artıb. Real ifadədə isə dövriyyə 6,8 faiz, o cümlədən idxal 20,4 faiz, ixrac 0,4 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 29,7 faizini İtaliyaya, 11,4 faizini Türkiyəyə, 7 faizini Çinə, 5,6 faizini Hindistana, 5,5 faizini Almaniyaya, 5,2 faizini İsrailə, 5 faizini İspaniyaya, 3,9 faizini Çexiyaya, 3,4 faizini Gürcüstana, 3,2 faizini Rusiyaya, 3 faizini Fransaya, 2,5 faizini Portuqaliyaya, 14,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 14,2 faizi İsveçrə, 14 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,3 faizi Çin, 6,6 faizi ABŞ, 4,8 faizi Almaniya, 4,6 faizi İran, 3,6 faizi Kanada, 3,5 faizi Avstraliya, 3,1 faizi Ukrayna, 2,7 faizi İtaliya, 2,1 faizi Fransa, 2 faizi Qazaxıstan, 20,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Bu ilin yanvar-may aylarında Azərbaycandan 786,6 mln. dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 17,8 faiz, real ifadədə isə 12,6 faiz çoxdur. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,2%), Türkiyəyə (23%), Gürcüstana (9,8%), İsveçrəyə (6,7%), İtaliyaya (3,6%), Ukraynaya (2,2%), Yunanıstana (2%), İrana (1,9%), Çinə (1,8%), Niderlanda (1,45) və Almaniyaya (1,4%) göndərilmiş malların payı üstünlük təşkil edib.

Cari ilin yanvar-may aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 19,7 faiz, təzə meyvə – 36,8 faiz, kartof – 18,2 faiz, şəkər – 3,9 faiz, tütün – 1,7 dəfə, meyvə və tərəvəz şirələri – 31,4 faiz, meyvə və tərəvəz konservləri – 11 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 28,8 faiz, pambıq lifi – 2,9 dəfə, pambıq ipliyi – 1,6 dəfə, qara metallardan yarımfabrikatlar – 5,7 dəfə, bentonit gili – 20,3 faiz artıb, çay ixracı isə 1,3 faiz, bitki yağları – 25,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 25,2 faiz, polietilen – 4,9 faiz, emal olunmamış alüminium – 16,3 faiz, qara metallardan borular – 77,4 faiz azalıb.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə hesabat dövründə buğda idxalı 14,6 faiz, təzə meyvə – 4,6 faiz, xam şəkər və şəkər – 6,2 dəfə, kartof – 13,3 faiz, çay – 2,9 faiz, quş əti və onun əlavə məhsulları – 18 faiz, mal əti – 0,7 faiz, təzə tərəvəz – 39,3 faiz, minik avtomobilləri – 2,2 dəfə, qara metallardan çubuqlar – 20,7 faiz, hesablama maşınları, blok və qurğuları – 42 faiz, mebellər – 8,9 faiz, rezin şinlər – 3,6 faiz, polietilen – 20 faiz, məişət kondisionerləri – 1,9 dəfə, yük avtomobilləri – 1,7 dəfə, paltaryuyan maşınlar – 1,1 faiz, qara metallardan künclüklər – 15,9 faiz, avtobuslar – 1,9 dəfə artıb, bitki yağı idxalı isə 23,3 faiz, siqaret – 39 faiz, kərə yağı, digər süd yağları və pastaları – 11,6 faiz, qara metallardan borular – 6,9 faiz, polad prokatı – 2,7 faiz, mineral gübrələr – 5,6 faiz, sement və sement klinkerləri – 29,5 faiz, məişət soyuducuları – 9,1 faiz azalıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?