12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yaşıl enerji istehsalını təmin edən və iqlim dəyişikliyini nizamlayan mexanizmlər MƏQALƏ

Son illər qlobal istiləşmənin əhatə dairəsinin genişlənməsi iqlim dəyişiklikləri ilə mübarizənin intensivləşdirilməsini şərtləndirib. Bu səbəbdən də ekoloji cəhətdən əlverişli islahatlar və mexanizmlərin tətbiqi gündəmə gəlib. Dünya ölkələrində geniş yayılmış karbon vergisinin tətbiqi də bu qəbildəndir.

Karbon vergisi nədir?

Karbon vergisi ölkələrin atmosferə buraxılan zərərli qaz emissiyalarını azaltmasını hədəfləyən və istehsal prosesində meydana çıxan karbon dioksid emissiyalarını məhdudlaşdıran vasitə kimi tətbiq edilir. Vergitutma mexanizmi müəssisənin karbon izinə uyğun olaraq müəyyən edilir. Bu metod ətraf mühitə vurulan zərərin maddi dəyərini bildirmək, ekoloji baxımdan əlverişli istehsal və istehlak vərdişlərini təşviq etmək məqsədinə xidmət edir. İqlim dəyişiklikləri ilə mübarizə tədbirləri çərçivəsində son zamanlar aktuallaşan karbon vergisi karbon neytrallığının bərqərar olması niyyəti ilə istehsal edilən məhsul və xidmətlərə əlavə vergi olaraq tətbiq edilir. Son zamanlar iqlim dəyişikliyi ilə mübarizə mexanizmləri arasında onun tətbiqi xüsusilə fərləndirilir. 1990-cı ildə bu vergi ilə bağlı ilk dəfə olaraq ətraf mühitə təsir edən vergi kimi müzakirələr başlayıb və 2005-ci ildə Avropa Birliyi tərəfindən qəbul edilib. Avropa Birliyinin iqlim dəyişikliyi ilə mübarizə strategiyasında yer alan karbon vergisi 2005-ci ildən indiyə kimi Birliyə üzv olan ölkələrdə müxtəlif formalarda tətbiq edilir. Bəzi ölkələr bu vergini formalaşdırmaq üçün qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər hazırlasa da, digər ölkələrdə bu məsələ müzakirə mərhələsindədir.

Karbon neytrallığını təmin etmək üçün vahid karbon vergisi, fəaliyyətə görə
karbon vergisi, sərhəddə karbon vergisi, karbon ticarət sistemləri, yaşıl investisiyalar və
inkişaf etmiş texnologiyaların dəstəklənməsi kimi vergi formaları mövcuddur

Karbon vergisi mexanizmləri

Karbon neytrallığını təmin etmək üçün vahid karbon vergisi, fəaliyyətə görə karbon vergisi, sərhəddə karbon vergisi, karbon ticarət sistemləri, yaşıl investisiyalar və inkişaf etmiş texnologiyaların dəstəklənməsi kimi vergi formaları mövcuddur. Karbon emissiyalarının konkret vahidi üçün xüsusi vergi enerji istehsalından karbon emissiyaları kimi müəyyən sektorlarda karbon emissiyalarını azaltmağı hədəfləyir. Fəaliyyətə görə karbon vergisinin tətbiqi zamanı məhsullara və ya müəssisələrə istehsal etdikləri emissiyalara nisbətdə vergi öhdəliyi müəyyənləşir. Müəssisə istehsal gücünə və ya emissiya göstəricilərinə görə vergiyə cəlb edilir. Sərhəddə karbon vergisi isə idxal məhsullarına onların karbon tərkibinə və ya istehsal prosesindən emissiyalarına görə vergi qoyulmasını təmin edir. Bu siyasət idxal olunan məhsulların istehsalının ətraf mühitə təsirini tarazlaşdırmaq məqsədi daşıyır. Karbon Ticarət Sistemləri dedikdə ticarət emissiya icazələri və ya kvotaları əhatə edən sistemlər nəzərdə tutulur. Bu sistemlərdə müəyyən emissiya limiti müəyyən edilir və şirkətlər bu limitlər daxilində fəaliyyət göstərirlər. Şirkət emissiyalarını azaldırsa, artıq kvotanı satır, emissiyalarını azalda bilməsə, əlavə kvota almalı olur.Yaşıl investisiyalar və inkişaf etmiş texnologiyaların dəstəklənməsi kimi vergi formaları karbonu azaldan texnologiyaların və yaşıl enerji mənbələrinin inkişafını və istifadəsini təşviq etmək üçün maliyyə dəstəyi və ya stimulların təmin edilməsidir. Bu siyasət bərpa olunan enerji mənbələrindən istifadəni artırmaqla karbonsuz iqtisadiyyata keçidi sürətləndirməyi hədəfləyir. Bu siyasət alətləri, karbon vergisini tətbiq etməklə yanaşı, müxtəlif sektorlarda karbon emissiyalarını azaltmaq və davamlı gələcək üçün addımlar atmaq üçün istifadə edilə bilər.

Karbon vergisini hansı ölkələr tətbiq edir?

1991-ci ildə ilk dəfə Finlandiyada tətbiq edilən karbon vergisi daha sonra digər ölkələr tərəfindən də qəbul edilib. Hazırda Avropa İttifaqı ölkələri, İsveçrə, Norveç, Böyük Britaniya, Kanada, Yaponiya və Yeni Zelandiya kimi ölkələr öz daxili bazarlarında karbon vergisi tətbiq edirlər. Bu ölkələrin təcrübəsi göstərir ki, karbon vergisinin tətbiqi istixana qazı emissiyalarını effektiv şəkildə azaldır. Karbon vergisi tətbiq edən ölkələrdə ekoloji cəhətdən təmiz texnologiyalar və istehsal üsullarından istifadə artıb, ekoloji maarifləndirmə, istixana qazlarının emissiyalarının azaldılması kimi müsbət nəticələr əldə edilib. Türkiyə 2015-ci ildə Paris İqlim Sazişini imzalayıb və karbon emissiyalarını azaltmağı öhdəsinə götürüb. Bu çərçivədə Türkiyə 2030-cu ilə qədər istixana qazı emissiyalarını 21% azaltmağı hədəfləyir.

1991-ci ildə ilk dəfə Finlandiyada tətbiq edilən karbon vergisi
daha sonra digər ölkələr tərəfindən də qəbul edilib

Xüsusi qeyd etmək yerinə düşər ki, Azərbaycan da keyfiyyətli və təmiz ekoloji mühitin qorunması üçün resurslardan səmərəli istifadə, dekarbonizasiya və bərpa olunan enerji mənbələrinin istehsala cəlb edilməsi istiqamətində fəal mövqeyi ilə seçilir. Ölkəmizin zəngin dayanıqlı enerji potensialı iddialı hədəflər müəyyən etməyə şərait yaradıb. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qaz emissiyalarını 35%, 2050-ci ilə qədər isə 40% azaltmağı hədəfləyib. Bu istiqamətdə dünyanın aparıcı şirkətləri ilə birlikdə dayanıqlı enerji keçidini təmin edən layihələrin reallaşdırılması, əməkdaşlıq platformalarının qurulması və yerli şirkətlərin müxtəlif təşviqlərlə dəstəklənməsi intensiv surətdə davam edir.

Gülay NƏBİYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?