12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Perrou Aikaterini: "Qeyri-maddi aktivlərin vergiyə cəlb olunması əsas trenddir"

Vergilər Nazirliyinin Avropa İttifaqı ilə birgə həyata keçirdiyi "Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək" tvinninq layihəsi uğurla davam edir. Layihənin məqsədi transfer qiymətləndirilməsinə dair qanunvericiliyin hazırlanması və tətbiqi, eləcə də bu sahədə səmərəli auditin keçirilməsidir. Yeniliklərin öyrənilməsi və təcrübə mübadiləsi üçün Yunanıstan seçilib. Layihənin icrasına 1,2 milyon avro ayrılıb.

Bu günlərdə layihənin rəhbəri və bir qrup ekspert Bakıda səfərdə olub. Layihənin rəhbəri Perrou Aikaterini "vergiler.az"ın suallarını cavablandırıb.

- Xanım Perrou, transfer qiymətlərinin tətbiqi ilə bağlı müasir dünya trendləri necədir? Avropa İttifaqında bu sahədə hansı məqamlara daha çox diqqət yetirilir?

- Transfer qiymətlərinin müəyyən edilməsi son dövrlərdə xüsusilə diqqət çəkən alətə çevrilib. Bu da daha çox qloballaşan dünya iqtisadiyyatı ilə bağlıdır. Transfer qiymətlərinin qoyulmasında əsas məqsəd hər hansı bir ölkədə yaranan yeni dəyərin həmin ölkədə ədalətli şəkildə vergiyə cəlb olunmasını təmin etmək məqsədi daşıyır. Başqa sözlə, mənfəətin və ya əlavə dəyərin yarandığı ölkədən başqa dövlətə köçürülməməsi, yerindəcə dəyərləndirilməsi və vergiyə cəlb olunmasına üstünlük verilir. Məsələn, Azərbaycanda əlavə dəyər yaranan məhsulların digər ölkədə deyil, məhz burada verdiyə cəlb olunmasına üstünlük verilir. Beynəlxalq İqtisadi Əməkdaşlıq Təşkilatının transfer qiymətlərinin qoyulması ilə bağlı qaydaları bütün dünyada qəbul və tətbiq edilən qaydalardır. Avropa İttifaqı da vergitutma ilə, o cümlədən transfer qiymətlərinin qoyulması ilə bağlı qanunvericiliyində həmin qaydalara istinad edir. Avropa İttifaqında bu gün transfer qiymətlərinin tətbiqi ilə bağlı əsas diqqət yetirilən məqam qeyri-maddi aktivlərin vergiyə cəlb olunmasıdır. Çünki qeyri-maddi aktivlərin vergidən yayındırılması və ya digər ölkəyə köçürülərək orada vergiyə cəlb edilməsi daha asandır. Eyni zamanda, yaranan mənfəətin bir ölkədən başqa ölkəyə ötürülməsi asan olduğu halda, onun tapılıb müəyyən edilməsi çətindir. Bu siyahıya patentlər, lisenziyalar, ticarət nişanları, müəllif hüquqları daxildir.

Avropa İttifaqında bu gün transfer qiymətlərinin tətbiqi ilə bağlı əsas
diqqət yetirilən məqam qeyri-maddi aktivlərin vergiyə cəlb olunmasıdır

- Azərbaycan-Yunanıstan iqtisadi əlaqələri, xüsusilə vergi sahəsində münasibətlər hansı mərhələdədir?

- Vergi sahəsində əməkdaşlıqdan danışarkən öncə onu qeyd edim ki, hər iki ölkə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı Konvensiyaya qoşulub. Bundan əlavə, iki ölkə arasında ayrıca saziş də imzalanıb. Həmin Konvensiya vergilərə dair məsələlərin tənzimlənməsi sahəsində bizə kömək edir. Yunanıstan hazırda Avropa İttifaqının tvinninq layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. Bunun gələcək əlaqələrə müsbət təsiri olar bilər. Layihə çərçivəsində ekspertlər hazırlanır və onlar gələcəkdə iki ölkə arasında əlaqələrin genişlənməsinə yardım edəcəklər.

- Tvinninq layihəsinin əsas istiqamətləri hansılardır və nə kimi nəticələr gözlənilir?

- Artıq layihə 18 aydır davam edir. Bu müddətdə bir çox nailyyətlərimiz olub. Layihə çərçivəsində Yunanıstandan Azərbaycana gələn 20 ekspert Azərbaycanda transfer qiymətlərinin qoyulması ilə bağlı yenilikləri, bu sahədəki bilik və bacarıqlarını yerli həmkarları ilə bölüşüblər. Bu müddətdə 10 təlim və 11 praktiki seminar təşkil edilib. Milli Gəlirlər, Lokal Gəlirlər departamentlərinin əməkdaşları üçün ayrıca təlimlər təşkil edilib. Seminarlar daha çox qanunvericilik bazasının təkmilləşdirilməsi, yeni normativ aktların hazırlanması və ya onlara dair təkliflərin verilməsinə həsr olunub. Yunan ekspetlər də öz təkliflərini səsləndiriblər.

Layihə çərçivəsində görülən işlərdən biri də təlimçilərin yetişdirilməsidir. Biz bu istiqamətdə sıx işləyirik. Layihə başa çatdırıldıqdan sonra həmin təlimçilər biliklərini gələcəkdə Azərbaycanda bu sahəyə cəlb olunacaq əməkdaşlara ötürəcəklər. Layihənin davamlılığı baxımından bu çox vacibdir. Vergitutma Bazasının Aşınması və Mənfəətin Köçürülməsi (BEPS ) üzrə fəaliyyət planının araşdırılmasını da layihəyə daxil etmişik. Bununla bağlı təlimlər keçilib, vergitutma bazasının aşınmasının zərərli tərəfləri barədə məlumatlar verilib. Gələcəkdə onlar həmin məlumatlar əsasında vergitutma bazasının aşınması və mənfəətin bölüşdürülməsinin qarşısının alınmasına dair atılacaq addımları müəyyən edə biləcəklər.

- Azərbaycanda transfer qiymətləri ilə bağlı mövcud durumu necə qiymətləndirirsiz?

- Layihəyə başlamazdan əvvəl Azərbaycanın Vergilər Nazirliyində transfer qiymətlərinin müəyyənləşdirilməsi ilə bağlı qaydalar hazırlanmışdı. Layihənin məqsədi bundan ibarətdir ki, mövcud qaydaların təkmilləşdirilməsinə dəstək verək. Bunun üçün nazirliyin əməkdaşlarından ibarət bir qrup formalaşdırılıb. Biz mütəmadi olaraq onlara təlimlər keçirik, fikir mübadiləsi aparırıq. Düşünürəm ki, layihə çərçivəsində qüvvədə olan transfer qiymətlərinin müəyyənləşdirilməsi ilə bağlı qaydaların təkmilləşdirilməsi istiqamətində xeyli iş görmüşük. Müəyyən dəyişikliklər təklif edilib. Layihə çərçivəsində transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər də səslənib.

Layihə çərçivəsində ekspertlər hazırlanır və onlar gələcəkdə
iki ölkə arasında əlaqələrin genişlənməsinə yardım edəcəklər

- Konkret hansı təklifləri vermisiniz?

- Bizim təkliflərimiz bir necə məqamla bağlıdır. Transfer qiymətqoyma ilə bağlı metodiki göstəriş hazırlanıb, biz həmin sənədin daha da təkmilləşdirilməsini təklif etmişik. İndi bu sənəd hazırdır. Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydalarının hazırlanmasında iştirak edərək öz təkliflərimizi bölüşmüşük. Bundan əlavə, vergi ilə bağlı əsas qanunvericilik və normativ hüquqi aktlarla bağlı müəyyən təkliflərimiz olub. Bunlar daha çox ölkələrarası hesabatlılıq məsələlərini əhatə edib. Transfer qiymətqoyma məqsədləri ilə qiymətlərin əvvəlcədən razılaşdırılması məsələsini də müzakirə etmişik. Qarşılıqlı razılaşma prosedurları, mübahisələrin həlli ilə bağlı mexanizmlərin hazırlanması, vergitutma bazasının aşınmasına dair təkliflərimizi təqdim etmişik. Bütün bunlara Vergilər Nazirliyinin əməkdaşları ilə birgə işlərimiz nəticəsində nail olmuşuq. Bəzi məqamlarda qanunvericiliyə təklif edilən dəyişikliklərin Azərbaycan reallığına uyğunlaşdırılmasına ehtiyac yaranıb. Həmin məqamlar Vergilər Nazirliyinin əməkdaşları ilə birgə işlənib.

- Bu səfəriniz zamanı hansı məsələlər müzakirə olunub?

- İndiki səfərimiz maraqlı vaxta düşüb: hazırda dünyada vergitutma sahəsində ən yeni trendlərdən biri çoxtərəfli vergi alətidir. Həmin yenilik tək Azərbaycan üçün deyil, dünyanın əksər inkişaf etmiş ölkələri üçün yeni bir trendir. İndiki halda ən mükəmməl sənəd olan BEPS-in əhatəsinə daxil olan inklüziv bir çərçivə var. Həmin çərçivəyə artıq bir çox dünya ölkələri qoşulublar. Bunun əsas üstünlüklərindən biri ondan ibarətdir ki, həmin ölkələrdə vergitutma ilə bağlı məsələlərin müzakirəsi zamanı imza atılan sənəd artıq bütün ölkələr üçün keçərli olur. Tvinninq layihəsi çərçivəsində görülən işlərdən biri də bu alətlə bağlı azərbaycanlı həmkarlarımıza məlumatların verilməsi olub. Bu, vergitutma baxımından çox vacib, vergi orqanı üçünsə əhəmiyyətli alətdir. Azərbaycan tərəfi bu sahədə öz biliklərini dərinləşdirir. Gələcəkdə, - ölkə BEPS-ə qoşulsa, - bu alətdən istifadə etmək böyük faydalar gətirə bilər. Yunanıstan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olduğu üçün bizim üçün BEPS-ə qoşulmaq məcburi xarakter daşıyır.

- Tvinninq layihələrinin mahiyyəti ondan ibarətdir ki, ölkələr arasında qarşılıqlı təcrübə mübadiləsi aparılsın, yeniliklər tətbiq edilsin. Hazırda Yunanıstanda transfer qiymətlərinin müəyyən edilməsi ilə bağlı məsələlər necə tənzimlənir?

- Bununla bağlı üç əsas aspektə diqqət yetirmək lazımdır. Birincisi, transfer qiymətlərinin müəyyən edilməsi ilə bağlı qanunvericilik bazası olmalıdır. Gələcəkdə bu sahədə çalışan vergi əməkdaşlarının transfer qiymətlərini müəyyən edə bilmələri üçün əsaslanacaqları mənbənin olması vacibdir. İkinci vacib məqam insan amilidir. Təbii ki, bu işləri görəcək, qanunları icra edəcək şəxslər insanlardır, yəni vergi auditorlarıdır. Biz bu sahədə də işin effektivliyini artırmaq üçün Yunanıstanda xüsusi komandalar, qruplar yaratmışıq və onlar sırf transfer qiymətlərinin qoyulması ilə məşğuldurlar. İri vergi ödəyiciləri ilə işləyən mərkəzdə transfer qiymətqoyması ilə məşğul olan bir qrupumuz var. Vergilər Nazirliyinin özündə isə bu işlə ayrıca qrup məşğul olur. Bundan əlavə, digər iri vergi orqanlarında da həmin komandalar fəaliyyət göstərirlər. Bu, işin effektivliyi baxımından vacibdir. Üçüncü məsələ isə infrastrukturun yerində olmasıdır. Transfer qiymətləri tətbiq edən ölkənin beynəlxalq məlumat bazalarına çıxışının olması çox vacibdir. Çünki qiymətlər müəyyən edilərkən məlumatların müqayisəsinə ehtiyac yaranır. Bəzi transfer qiymətinin müəyyənləşməsi üçün həmin məlumat bazalarının imkanlarından istifadə olunur. Məlumatlar götürülür və real qiymətlər müəyyən edilir. Bunların hər üçü Yunanıstanda həyata keçirilib. Həmin amillərin Azərbaycanda da olması barədə təkliflərimiz olub. Düşünürük ki, işin effektivliyi baxımından bu mexanizm Azərbaycanda da tətbiq olunmalıdır.

- Qeyd etdiyiniz təkliflərə Azərbaycan tərəfin reaksiyası necə olub?

- Vergilər Nazirliyi təkliflərə müsbət reaksiya verib. Azərbaycan tərəfi artıq infrastrukturu qurub, beynəlxalq məlumat bazalarına qoşulub. Transfer qiymətlərini müəyyən edən qrupların yaradılmasını müzakirə etdik. Görürük ki, bu tip qrupların olması transfer qiymətlərinin qoyulmasının və vergilərin yığılmasının səmərəliliyini artırır.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?