13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Startapçı Azərbaycanda ilk dəfə “ağıllı mətbəx” yaradıb

Azərbaycanda “startap iqtisadiyyatı”nın qurulması istiqamətində işlər uğurla davam etdirilir. Hökumətin innovativ təşəbbüslərə hərtərəfli dəstək verməsi ölkədə həyata keçirilən startap layihələrinin uğurlu tətbiqinin ən başlıca səbəbidir.

İqtisadiyyatın müxtəlif sahələrini əhatə edən startap layihələri iaşə sektorunda da tətbiq edilməkdədir. "Food Lab" MMC-nin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap şəhadətnaməsi” verilmiş restoran idarəetmə platforması iaşə sektorunda çalışan yerli sahibkarlara öz biznesini genişləndirməyə imkan yaradır. Sahibkarlar layihə tərəfindən verilən dəstək sayəsində heç bir investisiya yatırmadan bizneslərini ölkə daxilində və xaricdə genişləndirə bilərlər.

Startap layihəsinin rəhbəri Qədim Vəliyevin sözlərinə görə, Azərbaycanda 4 ilə yaxın çalışdığı “Bolt Food” şirkətində işlədiyi zaman bu sahə ilə çox maraqlanıb. Qazaxıstanda çalışdığı "Glovo" şirkətinin “Cook Room” (yemək otağı) biznes modeli ilə daha yaxından tanış olduqdan sonra "ağıllı mətbəx" (və ya “virtual mətbəx”) yaratmaq barədə düşünüb: "Fikirləşdim ki, dünyanın bəzi ölkələrində fəaliyyət göstərən “ağıllı mətbəx”ləri Azərbaycan modelinə uyğunlaşdırıb burada tətbiq edim və daha sonra onu ölkədən kənara çıxarım".

Startapçı bildirib ki, "Food Lab" Azərbaycanda ilk dəfə olaraq multibrend restoranlar şəbəkəsini özündə birləşdirən "ağıllı mətbəx" yaradıb. Layihənin əsas məqsədi yerli sahibkarlara dəstək olmaq, françayzinq modeli vasitəsilə yerli restoranların ölkə daxilində və xaricində fəaliyyətini təmin edib onların böyüməsinə kömək etməkdir: “Biz texnologiya şirkətlərindən əldə etdiyimiz məlumat əsasında çalışırıq. Məsələn, məlumata əsasən, şəhərin “x” nöqtəsində “x” məhsula tələbat çoxdur. Bunun əsasında bu konseptə uyğun restoranlarla danışırıq və deyilən yerdə françayzinq modeli əsasında onun fəaliyyətini təmin edirik. Digər üstünlük odur ki, eyni anda 2-3 restoranın fəaliyyətini bir mətbəx üzərindən qura bilirik. Restoranlarını böyütmək üçün maliyyə resursu olmayan sahibkarlara dəstək veririk. Sahibkar heç bir investisiya yatırmadan françayzinq modeli vasitəsilə öz brendini Azərbaycan daxilində ayrı-ayrı yerlərdə aça bilir. Artıq ölkədə ilk “ağıllı mətbəx” yaradılıb, aprel ayından onun fəaliyyətə başlaması, daha sonra bir neçə belə mətbəxin açılması nəzərdə tutulur”.

Q.Vəliyev əlavə edib ki, "ağıllı” və ya “virtual mətbəx"lər qidalar hazırlayaraq onların “çölə satış”ı və onlayn satış ilə məşğul olur. Burada müştərilərin əyləşməsi üçün yerlər olmur. “Ağıllı mətbəx”lərdə restoranlar öz menyularını tam təqdim etmirlər. Restoranlar burada, bir növ, ekspress fəaliyyət göstərirlər. Bu mətbəxlərdə restoranların ən çox satılan məhsulları müştərilərə təqdim edilir. Azərbaycanda 10-15 "ağıllı” və ya “virtual mətbəx"in yaradılması nəzərdə tutulur. Buna nail olduqdan sonra Qazaxıstan, Özbəkistan, Gürcüstan və Rumıniyada belə mətbəxlərin yaradılması hədəf kimi müəyyən edilib: “Azərbaycan sahibkarlarının bu ölkələrə çıxışını təmin etmək istəyirik. Məsələn, Qazaxıstanda bu sahə çox inkişaf edib. Almatı şəhərinin sıx yerlərində konteynerlərdə bu tip restoranların sayı kifayət qədərdir, çox sayda "al, apar” və çatdırılma xidməti göstərən restoranlar fəaliyyət göstərir. Bu, əslində böyük potensialı olan bir bazardır. Biz yerli biznesləri bu sektora gətirmək istəyirik. Azərbaycanın tanınmış “fast-food” restoranlarını françayzinq vasitəsilə Qazaxıstana, Özbəkistana və s. yerlərə gətirmək və böyütmək istəyirik. Hesab edirəm ki, biz “fast-food” restoranlarının böyüməsinə və onların Azərbaycandan kənara çıxmasına dəstək ola bilərik”.

Startapçının sözlərinə görə ki, ilkin mərhələdə Qazaxıstanda belə restoran yaratmağı nəzərdə tuturlar. Əgər işlər plan üzrə gedərsə, növbəti 4-5 ay ərzində həmin ölkədə Azərbaycan restoranlarının açılması planlaşdırılır. Hazırda bununla bağlı tərəfdaşlarla texniki məsələlər müzakirə olunur, layihənin icrası üçün bir neçə məkan da seçilib.

Q.Vəliyev vurğulayıb ki, hər "ağıllı mətbəx"də 2-3 restoran brendini birləşdirməyi nəzərdə tuturlar. Bu, orta hesabla 30-40 restoran brendinin bir araya toplanması deməkdir. Hər bir mətbəxdə minimum 5-6 nəfərin çalışması nəzərdə tutulur. “Ağıllı” və ya “virtual mətbəx”lərdə təmsil olunan restoran brendlərinin sayı artdıqca işçilərin də sayı çoxalacaq. Layihə üzrə 15 "ağıllı” və ya “virtual mətbəx" qurularsa, Azərbaycan daxilində ümumilikdə yalnız mətbəxə aid olan 90 yeni iş yeri yaradılacaq. Gələcəkdə işçilərin sayının daha da artırılması planlaşdırılır.

MMC-nin növbəti hədəflərindən biri mobil tətbiq hazırlamaq və sifarişlərin bu tətbiq üzərindən aparılmasına nail olmaqdır. Eyni zamanda, “al, apar” sifarişlərinin “self order” (özün sifariş et”) üzərindən həyata keçirilməsi və müştərilərin kart vasitəsilə sifariş etmələri üçün həvəsləndirici kəşbək kampaniyaları məqsədilə hazırda maliyyə institutları ilə danışıqlar aparılır.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?