28 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fransanın Cənubi Qafqazın üç ölkəsi ilə ümumi dövriyyəsinin 62,4 faizi Azərbaycanın payına düşür

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Fransa Sahibkarlar Təşkilatı – MEDEF-in təşkilatçılığı ilə iyulun 11-də Bakıda Azərbaycan-Fransa biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Fransa rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, tikinti, nəqliyyat, logistika, İKT, enerji, maliyyə, təhsil, turizm, ticarət, ətraf mühit, konsaltinq və sair sahələrdə fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak edib.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında Azərbaycan-Fransa əlaqələrinin inkişaf etdiyini, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə səfərdə olan Fransa Sahibkarlar Təşkilatına üzv olan şirkətlərin nümayəndələrini qəbul etməsinin ölkələrimiz arasında əlaqələrə verilən böyük önəmin göstəricisi olduğunu vurğulayıb. İki ölkə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələri barədə məlumat verən nazir bildirib ki, Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. Təsadüfi deyildir ki, ötən il Fransanın Cənubi Qafqazın üç ölkəsi ilə ümumi dövriyyəsinin 62,4 faizi məhz Azərbaycanın payına düşüb. Bu ilin ilk 5 ayında iki ölkə arasında ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 53 faizdən çox artıb.

İqtisadiyyat naziri qeyd edib ki, qarşılıqlı ticarət həcminin daha da artırılması, strukturunun şaxələndirilməsi, qeyri-neft məhsullarının Fransaya ixracının genişləndirilməsi üçün potensial böyükdür. Azərbaycanda sənaye, xidmət, rabitə, ticarət, bank və sığorta, kənd təsərrüfatı sahələrində 45 Fransa kapitallı şirkət fəaliyyət göstərir. Fransa şirkətləri ölkəmizdə həyata keçirilən və dəyəri 6,2 milyard ABŞ dolları olan layihələrdə podratçı qismində iştirak edib.

İnvestisiyalar sahəsində də uğurlu əməkdaşlığı qeyd edən Ş.Mustafayev Azərbaycan tərəfindən Fransaya 2,6 milyard dollar, Fransa tərəfindən isə ölkəmizin iqtisadiyyatına 2,2 milyard dollardan çox investisiya yatırıldığını bildirib. O, Fransa ilə iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə də əməkdaşlığı diqqətə çatdırıb və bu istiqamətdə Heydər Əliyev Fondunun uğurlu fəaliyyətini vurğulayıb. Nazir Azərbaycanda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, ölkəmizin geniş tranzit potensialı, reallaşdırılan regional layihələr barədə məlumat verib. Qeyd edib ki, Azərbaycanın uğurları beynəlxalq maliyyə institutları tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib. Vurğulayıb ki, "Azərbaycan 2019 - Avropa İttifaqı Biznes Mühiti Hesabatı"nda Avropa İttifaqı şirkətlərinin 74 faizi ölkəmizdə cari makroiqtisadi vəziyyəti güclü və qənaətbəxş, 90 faizi isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndiriblər. Avropa İttifaqının builki "Azərbaycan investisiya məkanı kimi" sorğusunda isə iştirak etmiş şirkətlərin 75 faizi "Azərbaycana yenidən investisiya qoyardınızmı?" sualına müsbət cavab verib, ölkəmizdəki təhlükəsizliyi, siyasi və sosial sabitliyi yüksək qiymətləndiriblər.

Ş.Mustafayev iki ölkə arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən ticarət və investisiya, kiçik və orta biznes, enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye, təhsil, turizm, İKT, maliyyə sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib, fransalı iş adamlarını bu imkanlardan yararlanmağa dəvət edib.

Fransa Sahibkarlar Təşkilatı - MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib, Azərbaycandakı biznes mühitinin əlverişliliyini vurğulayıb, "Doing Business 2019" hesabatındakı mövqeyindən məmnunluğunu ifadə edib. Bu biznes forumunun da əlaqələrin inkişafı üçün səmərəli platforma olduğunu bildirən Jofrua Ru de Beziö ölkəmizin cəlbedici turizm potensialını, bir sıra rəqabətqabiliyyətli məhsulların, xüsusilə yüksək keyfiyyətli şərab istehsalçısı olduğunu vurğulayıb, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Səfir Azərbaycanda aparılan iqtisadi islahatların xarici şirkətlər, o cümlədən Fransa şirkətləri üçün əlverişli imkanlar yaratdığını bildirib.

Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatla çıxış edib.
Biznes forumu iş adamları arasında ikitərəfli görüşlərlə davam edib, əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması barədə müzakirələr aparılıb.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb