Nağdsız hesablaşmalar stimullaşdırılır
Vergi Məcəlləsinə dəyişikliklərdə nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı güzəştlər nəzərdə tutulub
Yeni azadolmalar
Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (vəya) ictima iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan mənfəət (gəlir) vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır. Gəlirlərin və xərclərin uçotunu qanunvericiliyə uyğun aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri mənfəət vergisindən azad edilir.
Daha bir yeniliyə əsasən, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizdən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə mənfəət vergisindən azad edilir. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir və paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslərə bu azadolma tətbiq edilmir.
İqtisadçı rəyi
İqtisadçı ekspert Rəşad Əliyev bildirir ki, dövlətin müəyyən etdiyi strateji hədəflərdən biri nağdsız hesablaşmaların xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artırılmasıdır. Son illərdə sahibkar fiziki və hüquqi şəxslər arasında hesablaşmalarda nağdsız əməliyyatların xüsusi çəkisi xeyli artıb. Buna qanunvericilikdə birbaşa və dolayı tələblərin qoyulması ilə nail olunsa da, hökumət bu sahədə əlavə stimullaşdırıcı addımlar atmaqla daha yüksək nəticənin əldə olunmasına çalışır. Bu addımların həm nağdsız qaydada ödənişi həyata keçirənlərə, həm də ödənişi qəbul edənlərə nisbətdə tətbiq edilməsi nəzərdə tutulurdu: "Bu il Vergi Məcəlləsində edilmiş dəyişikliklərdə bu cür stimullaşdırıcı addımları görürük. Stimullaşdırıcı alət kimi bir sıra vergi güzəştləri tətbiq ediləcək. Məlum məsələdir ki, sadə vətəndaşlar nağdsız ödənişlərin bir hissəsini POS-terminallar vasitəsilə həyata keçirirlər. Bu cür ödənişlərin az olmasının əsas səbələrindən biri kimi bir çox ticarət və iaşə obyektlərinin plastik kartlarla ödəniş qəbul etməmələridir. Verilmiş güzəştlər POS-terminal vasitəsilə ödənişi qəbul edənlərə aid edilir. Məqsəd həmin şəxslər üçün stimulun yaradılması, nağdsız ödəmələrin ən çox "axsadığı" sahədə - pərakəndə ticarət və ictimai iaşə sahələrində nağdsız ödəmələrin həcmini artırmaq, sahibkarları POS-terminallar tətbiq etməyə stimullaşdırmaqdır".
Qeyd olunub ki, dəyişikliyin nəticəsi kimi pərakəndə ticarət və ictimai iaşə sahələrində POS-terminalların tətbiqinin, nağdsız ödəmələrin həcm və dövriyyəsinin artması gözlənilir ki, bu da büdcə daxilolmalarının artımında əksini tapacaq və işgüzar dairələr tərəfindən dəstəklənəcək: "Lakin POS-terminallara görə banklara ödənilən komissiya haqları ilə bağlı sahibkarların rastlaşdıqları bir sıra texniki və maliyyə məsələlərinin həlli tələb olunur. Bu, dəyişiklikdən sonra gözlənilən səmərənin artırılması, nağdsız hesablaşmaların stimullaşdırılması və genişləndirilməsi, sahibkarlıq subyektlərinin dövriyyəsinin leqallaşdırılması, uçot sistemində şəffaflığın təmin olunması üçün vacibdir".
Fəxriyyə İKRAMQIZI