Zahid Məmmədov: "Kölgə iqtisadiyyatı"nda cəmlənmiş dövriyyələrin böyük hissəsinin "ağarmasına" nail olunub"
Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarə olunması departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov büdcə daxilolmaları ilə bağlı Vergilər Nazirliyinin son statistikasını şərh edib:
- Yanvar-may aylarında vergi daxilolmaları üzrə proqnozlara 110 faizdən artıq əməl edilib. Bunun əsas səbəblərindən biri vergi siyasətinin fəlsəfəsində edilən köklü dəyişiklikdir. Son illərdə vergi sistemində müxtəlif istiqamətlərdə islahatlar aparıldı. Bunun nəticəsi olaraq büdcəyə vergi daxilolmaları təmin olundu. Eyni zamanda, vergitutma bazası da genişləndirilib. Səmərəli vergi inzibatçılığı və vergi nəzarətinin təkmilləşdirilməsi, ən əsası da vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən irəli gələn vergi uçotunun düzgün qurulması Vergilər Nazirliyinin əsas fəaliyyət istiqaməti olaraq qəbul edilib. Bunun nəticəsi olaraq, "kölgə iqtisadiyyatı"nda cəmlənən dövriyyələrin böyük hissəsinin "ağarmasına" nail olunub. Xüsusilə, iqtisadiyyatda şəffaflaşma istiqamətində ciddi işlər görülüb. Ən əsas iş maarifləndirmə ilə bağlı olub. Bunu xüsusilə vurğulamaq lazımdır. Biz diqqət etsək, son 6 ayda Vergilər Nazirliyinin rəhbəri və rəsmilərinin aparıcı kütləvi informasiya vasitələrində 100-dən çox müsahibələri, açıqlamaları, izahlı şərhləri verilib. Həmçinin iş adamları ilə çoxsaylı görüşlər keçirərək onların fikirlərini dinləyib, təkliflərini nəzərə alıblar. Bütün bunlar onu göstərir ki, aparılan şəffaflaşma işləri nəticəsində vergi daxilolmalarının artımına nail olmaq mümkündür.
Səmərəli vergi inzibatçılığı və vergi nəzarətinin təkmilləşdirilməsi, ən əsası da
vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən irəli gələn vergi uçotunun
düzgün qurulması Vergilər Nazirliyinin əsas fəaliyyət istiqaməti olaraq qəbul edilib
- Açıqlanmış məlumatlarda sosial ödənişlər sahəsində də ciddi artımlar müşahidə edildiyi bildirilir. Burada əmək münasibətlərinin şəffaflaşmasının rolu nə qədərdir?
- Nəzərə alsaq ki, toplanmış vergilərin 70 faizi qeyri-neft sektorunun payına düşür, bu, yaxşı göstəricilərdən biridir. Xüsusilə qeyd etməliyik ki, sosial daxilolmaların həcmində də əhəmiyyətli dəyişikliklər müşahidə olunur. 2019-cu il yanvarın 1-dən məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının toplanması Vergilər Nazirliyinin səlahiyyətinə aid edilib. Əmək münasibətlərinin şəffaflaşması, əmək müqavilələrinin bağlanması və həmin müqavilələrdə əmək haqlarının real məbləğlərinin göstərilməsi üçün stimulların yaradılması məqsədilə vergi və sosial qanunvericilikdə əhəmiyyətli dəyişikliklər edilib. Vergi ödəyicilərinə əhəmiyyətli vergi güzəştləri, bəzi hallarda azadolmalar təqdim edilib. Məhz bu düşünülmüş, köklü və ardıcıl işlərin nəticəsi olaraq, ölkənin əmək bazarında işçilərlə bağlanan əmək müqavilələrinin sayında, eyni zamanda əməkhaqqı fondunda artım müşahidə olunub. Onu da nəzərə almaq lazımdır ki, bu artımın böyük bir hissəsi özəl sektorun payına düşüb.
Məhz düşünülmüş, köklü və ardıcıl işlərin nəticəsi olaraq, ölkənin əmək
bazarında işçilərlə bağlanan əmək müqavilələrinin sayında,
eyni zamanda əməkhaqqı fondunda artım müşahidə olunub
Burada xüsusilə qeyd etmək gərəkdir ki, artım templəri daha çox əlavə dəyər vergisi, mənfəət, əmlak, mədən vergisi sahələrində olub. Bu da həyata keçirilən vergi siyasətinin fəlsəfəsindəki yeniliklərlə bağlıdır. Mən Vergilər Nazirliyinin kommunikasiya siyasətini xüsusilə yüksək qiymətləndirirəm. Nazirliyin rəsmi şəxslərinin televiziyalarda debatları, ekspertlərlə və biznes təmsilçiləri ilə görüşləri, səmimi söhbətləri oldu. Mən də həmin görüşlərin bəzilərində iştirak etmişəm. Uzunmüddətli müzakirələr, qarşı tərəfdən verilən təkliflərin dəyərləndirilməsi, onlara verilən qiymət göstərdi ki, artıq Vergilər Nazirliyi ilə sahibkarlar arasında inam və güvənə söykənən etibarlı münasibətlər formalaşıb. Bunu, ilk növbədə, nazirliyin kommunikasiya və şəffaflaşma sahəsində apardığı siyasətin məntiqi nəticəsi kimi qiymətləndirmək lazımdır.
Dünyada və Azərbaycanda vergi siyasətində aparılan dəyişikliklərin sahibkarlıq
subyektlərinin inkişafına təsiri mövzusunda beynəlxalq konfrans keçirə bilərik
- Bundan sonra nələr gözləyirsiniz? Hansısa təklifləriniz varmı?
- Ölkə başçısı cənab İlham Əliyev Vergilər Nazirliyinin fəaliyyətini, həyata keçirilən bugünkü vergi siyasətini, məqsədyönlü islahatları qiymətləndirərək səlahiyyətlərinin artırılmasına qərar verib. Ən son belə tədbir kimi Maliyyə Monitorinqi Xidmətinin nazirliyin tabeliyinə verilməsini qeyd etmək olar. Bütün bunlar onu göstərir ki, Vergilər Nazirliyinin bundan sonra da ictimaiyyətdə böyük etimad qazanma şansı var. Hesab edirəm ki, bu istiqamətdə çalışmaları davam etdirmək lazımdır. Son dövrlərdə nazirlik bir sıra istiqamətlərlə paralel olaraq, kommunikasiya siyasətini də gücləndirib. Bu siyasəti də davam etdirməyin tərəfdarıyam. Zamanın tələbinə uyğun, çevik şəkildə "Vergilər" qəzetinin onlayn versiyasının təkmilləşdirilməsi və ödəyicilərə alternativ və mötəbər bir informasiya resursunun təqdim olunmasını bu siyasətin davamı kimi qiymətləndirirəm. Eyni zamanda, vergilərlə əlaqədar əldə edilən nəticələrlə bağlı təcrübəmizi paylaşmağımız lazımdır. Hesab edirəm ki, dünyada və Azərbaycanda vergi siyasətində aparılan dəyişikliklərin sahibkarlıq subyektlərinin inkişafına təsiri mövzusunda beynəlxalq konfrans keçirə bilərik. Mühasibat sistemində köklü dəyişikliklər aparmaq lazımdır. Sərbəst mühasibatçı, maliyyə müşavirliyi sistemini Azərbaycana gətirmək, şəffaflaşma prosesini davam etdirmək lazımdır.
Hazırladı:
Fərqanə ALLAHVERDİQIZI