“Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfrans keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfrans keçirilib.
Konfransda dövlət və hökumət nümayəndələri, komissiyanın işçi qruplarının rəhbərləri və üzvləri, eləcə də özəl sektorun təmsilçiləri, şirkət rəhbərləri iştirak ediblər.
Konfransın açılışını və moderatorluğunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı edib. O bildirib ki, İİTKM iqtisadi islahatların rəqəmsal idarəetmə platforması olan “azranking.az” portalı vasitəsilə qlobal trendlərə uyğun şəkildə yaşıl və rəqəmsal transformasiyaya dəstək vermək, eyni zamanda davamlı iqtisadi inkişafı stimullaşdırmaq məqsədi daşıyır. V.Qasımlının sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında islahat gündəliyi və təşviq siyasəti, eləcə də böyük qayıdış, Bakının Baş planı, yaşıl enerji, nəqliyyat-logistika, sənaye, regionların inkişafı və özəlləşdirmə proqramları qeyri-dövlət sərmayələrinin cəlbini sürətləndirə bilər.
Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, komissiya katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın 2023-cü il üzrə fəaliyyəti və qarşıda duran prioritetlər” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, 2023-cü ildə komissiyanın mandatına uyğun olaraq, aidiyyəti dövlət qurumlarının təşəbbüsü ilə prioritet istiqamətlərdə 5 yeni işçi qrup və 2 yeni əlaqələndirmə qrupu yaradılıb. Ümumilikdə, komissiya çərçivəsində 25 İşçi qrup, 2 əlaqələndirmə qrupu və spesifik sahələr (ekoloji nəqliyyat, elmi potensial, sərhəddə ticarət və ESG) üzrə 4 altqrup fəaliyyət göstərir və komissiyanın işçi qruplarının üzvlərinin ümumi sayı 660-dan çoxdur. V.Şıxəliyev qeyd edib ki, hesabat ilində müasir çağırışlar nəzərə alınmaqla yeni prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib və icrası təmin edilib. Komissiya çərçivəsində müvafiq dövlət qurumlarının rəhbərliyi altında 30-dan çox normativ hüquqi aktın layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib, biznes mühitinin əlverişliliyinin artırılmasına xidmət edən mühüm qanunvericilik sənədləri qəbul olunub. Komissiya çərçivəsində daha səmərəli və çevik koordinasiya/ kommunikasiyanın təşkili, eləcə də inklüzivliyin və vahid sinerjinin yaradılması hədəflənir.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, Azərbaycanla Türk Dövlətləri Təşkilatı arasında ticarət dövriyyəsinin həcmi 2023-cü ildə 9 milyard dollar olub. 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanmış anlaşma ilə yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası hazırda Türk Dövlətləri Təşkilatı (TDT) adı ilə fəaliyyətini davam etdirir.
İnternet infrastrukturu üzrə islahatlardan bəhs edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov qeyd edib ki, bu ilin sonunadək dövlət-özəl tərəfdaşlıq modeli əsasında, bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində ölkənin əksər regionlarını əhatə edən yüksəksürətli genişzolaqlı şəbəkə qurulacaq. Onun sözlərinə görə, hazırda ölkə əhalisinin 88,1 faizi internetdan istifadə edir.
“Ümumilikdə isə ölkə ərazisində 3G və 4G şəbəkəsinin əhali üzrə əhatə dairəsi 100 faizə yaxındır. Hazırda ölkəmizdə aktiv mobil internet abunəçilərinin sayı 8,8 milyon nəfərdən çoxdur. İnternet xidmətlərinə əlçatanlığın təmin edilməsi məqsədilə internet xidmətlərinə qoşulmaq və ya internet tarifini dəyişmək üçün abunəçilərə onlayn imkan yaradılıb. Həmçinin internetə qoşulma haqqı ləğv edilib", - deyə S.Məmmədov bildirib.
Daha sonra çıxış edən Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov diqqətə çatdırıb ki, ötən il maliyyə sektorunun aktivləri 5 faiz artaraq 52 milyard manata çatıb. O bildirib ki, hesabat dövründə bankların kredit portfeli 18 faiz artıb, kapitalın adekvatlıq göstəriciləri 20 faiz təşkil edib: “Görülmüş işlər nəticəsində biznes mühitində maliyyə əlçatanlığın artıb, maliyyə xidmətlərinin rəqəmsallaşması genişləndirilib. Ötən il həyata keçirilmiş təşəbbüslərin başlıca məqsədi maliyyə institutlarının dayanıqlığının artırılması, elektron ödənişlərin genişləndirilməsi, kredit informasiya infrastrukturunun təkmilləşdirilməsi, kapital bazarlarının genişləndirilməsi, habelə “yaşıl maliyyə” üzrə ekosistemin formalaşdırılması olub”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov bildirib ki, Elektron Tikinti Portalına maraq əvvəlki illərə nisbətən xeyli artıb.
“Ötən il bu portal vasitəsilə ümumi müraciət sayı 2764 olub, 102 ədəd tikintiyə və istismara icazə verilib, 1224 ədəd isə məlumatlandırma icraatı həyata keçirilib. Tikinti və istismara icazənin verilməsi prosesinin tam elektronlaşdırılması vətəndaş və ya sahibkar tərəfindən bir pəncərə prinsipi əsasında tikinti və istismara icazənin əldə edilməsini təkmilləşdirməklə yanaşı, həm də mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin və layihə sənədlərinin elektron şəkildə əldə edilməsinə, icazə icraatından başlayaraq tikintiyə dövlət nəzarəti ilə bağlı proseslər də daxil olmaqla qurumlararası məlumat mübadiləsini elektron şəkildə həyata keçirilməsinə imkan yaradıb. Həmçinin tikinti icraatı çərçivəsində daxil olan məlumatların etibarlı mühafizəsinin təmin edilməsi, ümumilikdə vətəndaş-məmur təmasını bir qədər də azaltmaqla tikinti və istismar icraatının daha da şəffaflaşdırılması və vətəndaş məmnunluğunun artırılması hədəflənir”, - deyə Namiq Hümmətov əlavə edib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Natavan Məmmədova çıxışında diqqətə çatdırıb ki, hazırda Azərbaycanda 116 biznes assosiasiyası fəaliyyət göstərir. O bildirib ki, biznes assosiyalarının güclənməsi iqtisadiyyatın güclənməsi deməkdir.
“Biznes assosiasiyaları arasında əlaqələr gücləndirilməlidir. Fərqli sahələrdə fəaliyyət göstərən sahibkarların bir araya gələrək öz təklifləri, problemləri, çağırışları, eləcə də gözləntilərini formalaşdıraraq aidiyyatı üzrə çatdırması çox önəmlidir", - deyə baş katib vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qeyd edib ki, Elektron Reyestrdə Dövlət Agentliyi tərəfindən monitorinq aparılıb və tikintiyə icazə və nəzarət prosesində iştirak edən dövlət qurumlarının xidmətləri müəyyən edilib: “Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 9 xidməti, Fövqəladə Hallar Nazirliyinin 2 xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 xidməti, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 1 xidməti, "Azəriqaz” İstehsalat Birliyinin 1 xidməti, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 3 xidməti, yerli icra hakimiyyəti orqanlarının xidməti, ümumilikdə 24 dövlət xidməti üzrə məlumatlar yenilərək təsdiq edilib", - deyə C.Salmanov bildirib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev isə öz növbəsində bildirib ki, 2022-ci illə müqayisədə 2023-cü ildə ölkəyə idxal olunan elektrik mühərrikli avtomobillərin sayı 6,3 dəfə, 2500 sm³-dən çox olmayan hibrid mühərrikli avtomobillərin idxalı isə 24,3 faiz artıb. Qeyd edib ki, yaşı 5 ilə qədər olan minik avtomobillərinin cəmi minik avtomobillərinin sayındakı xüsusi çəkisi 2021-ci ildə 4,6 faiz idisə, 2023-cü ildə bu rəqəm 5,4 faizə yüksəlib.
Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyevin sözlərinə görə, ötən il ərzində beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan banklarına böyük həcmli kredit xətlərinin açılması üzrə bir sıra müqavilələr imzalanıb.
“Qarabağda biznesə verilən kreditlərə 90 faiz həcmdə dövlət zəmanəti veriləcək. Artıq biz əminliklə deyə bilərik ki, Qarabağ iqtisadi zonası üzrə formalaşmış iqtisadi qaydalar bütün digər sahələrdə olduğu kimi maliyyə sektorunda da tətbiqi kifayət qədər effektiv olacaq”, - deyə o diqqətə çatdırıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Etibar Məmmədovun sözlərinə görə, qeydiyyat prosesinin tam sadələşməsi, sənədləşmə prosesi və icra müddətinin minimuma, yəni 3 prosedur, 30 təqvim gününə endirilməsi, bütün informasiyaların vahid mərkəzdə toplanması və müştəri məmnuniyyətinin təmin olunması sahibkarlara ve biznes mühitinə müsbət təsir göstərəcək.
Sədr müavini əlavə edib ki, sahibkarlar arasında mütəmadi olaraq sorğuların keçirilməsi, üzləşdikləri çətinlik və problemlərin qısa müddət ərzində aradan qaldırılması və həlli, onlayn alçatanlığın yaradılması və bu sahə üzrə maraqlı tərəflərin proseslərə cəlb olunması biznes mühitinin daha da yaxşılaşdırmasına xidmət edəcək.
Konfransda, həmçinin Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi, dövlət-biznes dialoqu, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun investisiya mühitinin yaxşılaşdırılmasına dəstəyi, maliyyə xidmətlərinin inkişafı, ekoloji təhlükəsizlik, mübahisələrin alternativ həlli mexanizmləri və rəqəmsallaşma üzrə təşəbbüslər, daşınmaz əmlakla bağlı informasiya sisteminin yaradılması və digər mövzularda təqdimatlar edilib.
Konfransın sonunda biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın İşçi qruplarının rəhbərlərinin və qonaqların sərbəst çıxışları, qarşıda duran vəzifələr üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə yaradılıb. Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır.
AZƏRTAC