5 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tahir Rzayev: “Dövlət və sahibkarlar arasında qarşılıqlı etimad mühiti inkişaf etdirilir”

“İşğaldan azad olunmuş ərazilərdə dinc quruculuq, bərpa işlərinin aparılması sərmayədarların, sahibkarların həmin ərazilərə cəlb olunmasını bir zərurətə çevirir”.

Bu fikri millət vəkili Tahir Rzayev “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına açıqlamasında səsləndirib. O, həmin ərazilərdə investisiya layihəsi həyata keçirmək üçün sahibkarlıq subyektlərinə müxtəlif istiqamətlərdə güzəştlərin tətbiq olunmasını müsbət addım kimi qiymətləndirib: “İqtisadiyyat Nazirliyinin nəinki işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara, bütün sahibkarlara dəstəyi göz önündədir və bu özünün yaxşı nəticələrini göstərir. Bu gün bir çox sahibkara subsidiyalar, əlavə güzəştlər verilir. Eyni zamanda, işğaldan azad edilən ərazilərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün ən yaxşı beynəlxalq təcrübələr təşviq və tətbiq edilir. Dövlət və sahibkarlar arasında qarşılıqlı etimad və əməkdaşlıq mühiti inkişaf etdirilir. Sahibkarların dəstəklənməsi ilə əlaqədar çoxsaylı tədbirlər həyata keçirilir, maarifləndirmə kampaniyası aparılır. Bu, çox vacib bir məsələdir. Çünki sahibkarlığın inkişafı bilavasitə iqtisadiyyatın inkişafıdır, ölkənin tərəqqisidir, insanların həyat şəraitinin yaxşılaşdırılmasıdır, yeni iş yerlərinin açılmasıdır. Eyni zamanda, bu, uzun illər işğal altında qalan torpaqların dirçəldilməsini, oraya yeni həyatın qayıtmasını stimullaşdırır”.

T.Rzayev İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən tətbiq edilən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizminin bu ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkanlar yaratdığını vurğulayıb. Onun sözlərinə görə, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir: “Sahibkarlar bu kreditlər üzrə ayrılan subsidiyadan da yararlana bilərlər. Mexanizm çərçivəsində işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarların götürdüyü biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Belə ki, həmin sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdiyi məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditləri üzrə dövlət zəmanəti ilə yanaşı, subsidiyadan da yararlana bilərlər. Həmçinin bu kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir. Bütün bu fürsətlər sahibkarlara fəaliyyətlərini həmin ərazilərdə davam etdirmək üçün stimul verir. Bu da işğaldan azad edilən ərazilərdə məskunlaşmanı dəstəkləyir, yeni iş yerlərinin açılmasını, doğma torpağına geri dönən sakinlərin məşğulluğunun təmin olunmasını asanlaşdırır”.

Millət vəkili işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması baxımından da sahibkarların həmin ərazilərə cəlb olunmasının zərurətə çevrildiyini bildirib. Onun sözlərinə görə, az bir müddətdə həmin ərazilərin bərpasına 12 milyard manatdan artıq vəsait yatırılıb ki, bu da çox böyük bir rəqəmdir: “Bu il əlavə olaraq 5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Əlbəttə ki, həmin ərazilərdə görülən tikinti, abadlıq, quruculuq işləri, yolların çəkilməsi, yeni beynəlxalq səviyyəli təyyarə limanlarının tikilməsi, tunellərin qazılması, məktəblərin, xəstəxanaların, yaşayış obyektlərinin inşası deməyə əsas verir ki, ayrılan vəsaitlər əhəmiyyətli olmaqla bərabər, həm də iqtisadi səmərəliliyini göstərəcək. Bunun üçün həmin bölgələrdə sahibkarlığın inkişafına dəstək verilməlidir. Çünki ölkədə sahibkarlığın qiymətləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması bizim hər birimizin gələcək həyatımız, firavan yaşayışımız üçün vacibdir. İqtisadiyyat Nazirliyinin bu istiqamətdə apardığı işlər, əlbəttə ki, məqbul sayılmalıdır və bundan sonra da davam etdirilməlidir”.

Fərqanə ALLAHVERDİQIZI

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?