Azərbaycanlı startapçı telefonu şagirdlər üçün faydalı edən yeni mobil tətbiq hazırlayıb
Müasir dövrdə uşaqların telefonlardan çox istifadə etdiyini görən valideynlər müxtəlif yollarla onların əlindən smart cihazı almağa çalışırlar. Fiziki şəxs, startapçı Şəmistan Əlizadə belə valideynlər üçün maraqlı bir layihə təqdim edərək dahi.az adlı mobil tətbiq hazırlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) həmin layihə üçün “Startap” şəhadətnaməsi təqdim edib.
“Ətrafımızda davamlı olaraq şagirdlərin əllərindən telefon almağa çalışan valideynlər görürük və bunu necə şansa çevirə bilərik deyə düşündük. Telefonu onlar üçün faydalı etməyə çalışdıq və nəticədə belə bir startap ortaya çıxdı. Layihə ideya olaraq 2020-ci ildən var idi, amma işə 2023-cü ildə başladıq”, - deyən Ş.Əlizadənin sözlərinə görə, startap layihələrinin icrasına 2023-cü ilin noyabr ayından beta versiyada başlayıblar. 2 ay ərzində yol xəritəsi cızmaq üçün bir çox təhlillər aparıblar.
Layihəsi haqqında məlumat verən startapçı qeyd edib ki, dahi.az şagirdlər üçün ödənişsiz təhsilə dəstək verən oyun tətbiqidir. Şagirdlər dahi.az mobil tətbiqində öz sinif və fənlərinə uyğun testlər cavablayaraq pul mükafatları qazanırlar. Şagird hər bir mərhələni bitirdikdən sonra “sikkə” qazanır və topladığı “sikkə”ləri pula çevirə bilir. Bundan əlavə, mobil tətbiqdə şagirdlər üçün dahi sıralaması mövcuddur. Şagirdlər topladıqları bala görə ümumi, aylıq və günlük sıralanır və bu sıralamaya görə şagirdlərə əlavə mükafatlar verilir.
Startapın əsas hədəf kütləsi məktəbəqədər və 1-8-ci sinif şagirdləridir. Bundan əlavə, tətbiq beta versiyada analiz olunduğu zaman onun böyük yaş qrupları üçün də maraqlı olması qənaətinə gəlinib və buna görə də tətbiqə dil öyrənmə, yol hərəkəti qaydaları kateqoriyaları əlavə edilib. Artıq mobil tətbiq bütün yaş qrupları üçün faydalı hesab oluna bilər.
Mobil tətbiqin kateqoriya üzrə oyun, qrup yarışı, təkbətək yarış, günlük sınaq, əylən və öyrən, özünü sınama, dil öyrənmə, səsli sual, bilik yarışı kimi modulları var. Şagirdlər üçün tam ödənişsiz olan bu tətbiq onlara pul mükafatı verən yeganə təhsil və oyun platformasıdır.
Ş.Əlizadə bildirib ki, onların gəlirləri reklamlardan formalaşır. Tətbiqdə hər səviyyə üzrə 5 sual mövcuddur ki, şagird səviyyəni bitirdikdə öz nəticəsini görməzdən əvvəl “google ads” reklamını izləyir. Daha sonra isə qazandığı “sikkə”ləri, topladığı balı öyrənir. Hər günün dahi sıralamasında qalib olan bir neçə şagirdə verilən pul mükafatlarını onlara əməkdaşlıq etdikləri partnyorlar (kurslar, repetitorlar və s.) verir. Partnyorun ödədiyi məbləğin bir qismi mükafatlar, bir qismi platforma üçün ayrılır.
“KOBİA startapımıza şəhadətnamə verməklə bizə bir çox imkanlar yaradıb. Fevralın 29-da KOBİA-nın keçirəcəyi sərgidə biz də öz startapımızı təqdim edəcəyik”, - deyən Ş.Əlizadə əlavə edib ki, indiyədək 2300 istifadəçi mobil tətbiqlərini yükləyib. Mobil tətbiq artıq həm Android, həm də İOS cihazları üçün mövcuddur.
İlhamə İSABALAYEVA