13 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Xurma bağını necə sığortalamalı? – ŞƏRTLƏR, TARİFLƏR

Xurma bağını necə sığortalamalı? – ŞƏRTLƏR, TARİFLƏR

Xurmanın böyük ixrac potensialı Azərbaycanda xurma bağlarına marağı artırıb. Aqrar Sığorta Fondunun məlumatına görə, təkcə ötən il 323 hektar yeni xurma bağı salınıb. 2023-cü ilin sonuna olan məlumata görə, ölkəmizdə 13 132 hektar xurma bağı var. Xurma bağlarının böyük hissəsi - 12 774 hektarı ənənəvi üsulla, 358 hektar isə intensiv üsulla salınıb.

Xurma bağları Azərbaycanın bütün regionlarında və demək olar ki, bütün rayonlarında yaradılıb.

Ölkədə ən çox xurma bağları Göyçay (2450 hektar), Şəmkir (1842 hektar) və Ağdaşdadır (1467 hektar). Balakən rayonunda 764 hektar, Goranboyda 762 hektar, Xaçmazda 758 hektar, Ucarda 703 hektar, Samuxda 637 hektar, Bərdədə 447 hektar, Ağcabədidə isə 360 hektar xurma bağı var.

2022-ci illə müqayisədə xaricə ixrac olunan xurmanın həm miqdarı, həm də ixracdan əldə edilən gəlir artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, Azərbaycandan ən çox ixrac olunan məhsullardan biri də xurmadır. 2023-cü ildə Azərbaycandan xarici ölkələrə 165 min ton xurma ixrac edilib, ixracın ümumi dəyəri 127,2 milyon dollar təşkil edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2022-ci ilə olan hesabatına görə, Azərbaycan dünyada Çin və Cənubi Koreyadan sonra xurma istehsalçıları və ixracatçıları arasında üçüncü yeri tutur.

Azərbaycanda əkin sahələrinin, o cümlədən meyvə bağlarının dövlət dəstəyi ilə sığortasını təqdim edən Aqrar Sığorta Fondu xurma bağlarını da sığortalayır.

Aqrar sığorta vasitəsilə xurma bağlarını sərfəli şərtlərlə sığortalamaq mümkündür. Aqrar sığorta 50%-lik dövlət dəstəyi ilə təqdim edilir, yəni bağın sığortalanması üçün hesablanmış sığorta haqqının 50%-ni fermerə dəstək üçün onun əvəzinə dövlət ödəyir, fermer isə bu məbləğin yalnız yarısını, cüzi məbləğ ödəməklə bağını sığorta edir.

Aqrar sığorta xurma bağlarını müxtəlif təbii fəlakətlərdən, o cümlədən dolu, yanğın, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma hallarından, eləcə də ildırım, normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətlərindən sığorta edir.

Sığorta haqqı bağın ölçüsündən, məhsuldarlıqdan, məhsulun qiymətindən və bağın yerləşdiyi region üzrə sığorta tarifindən asılıdır. Azərbaycanın bölgələrinin iqlimi fərqli olduğuna görə, sığorta tarifləri də bölgələr üzrə fərqlidir. Məsələn, Göyçay rayonunda (Mərkəzi Aran regionu – sığorta tarifi 2,18%) yerləşən xurma bağında 1000 manatlıq xurma məhsulunun baza sığorta zərfi üzrə sığota haqqı 21,8 manat təşkil edir. Bu məbləğin 50%-i, yəni 10,9 manat dövlət tərəfindən qarşılandığına görə fermer cəmi 10,9 manat ödəməklə 1000 manatlıq xurma məhsulunu sığorta edə bilər.

Bu məbləğ Quba-Xaçmaz bölgəsində 12 manat, Şəki-Zaqatala regionunda 20 manat, Qazax-Tovuz və Gəncə-Daşkəsən bölgəsində 21,8 manat, Dağlıq Şirvan regionunda 14 manat, Mil-Muğan regionunda 10,9 manat, Lənkəran-Astara bölgəsində cəmi 11 manat təşkil edir.

Fermer və bağ sahibləri baza sığorta zərfindən başqa, əlavə ödəniş etməklə xurma bağını şaxtavurma (donvurma), doludan keyfiyyət itkisi, eləcə də bitki xəstəlikləri və ziyanvericililər kimi risklərdən də sığorta edə bilərlər. Eləcə də xurma bağının məhsulu ilə yanaşı, bağdakı ağacları da ayrıca sığorta etmək mümkündür. Bu zaman hadisə baş verərsə, məhv olmuş ağaca görə onun 3 illik məhsulunun dəyəri həcmində sığorta ödənişi verilir.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?