Startapçı Miryusif Cavadzadə: “Azərbaycanda qlobal təhsil bazarı yaratmağa çalışırıq”
“Biz Azərbaycanda qlobal təhsil bazarı yaratmağa çalışırıq. İstəyirik ki, daha çox sayda xarici tələbə təhsil almaq üçün ölkəmizə gəlsin”.
Bunu “vergiler.az”a yaratdığı təhsil platformasına görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Startap” şəhadətnaməsi almış “Uninturkey” MMC-nin təsisçisi, startapçı Miryusif Cavadzadə deyib.
Layihə haqqında məlumat verən M.Cavadzadə bildirib ki, 2023-cü ilin sonunda yaratdıqları xaricdə təhsil üzrə innovativ platformaya görə “Startap” şəhadətnaməsi alıblar. Bu platforma hələlik Türkiyə bazarı üçün nəzərdə tutulub. Platformanın əsas istifadəçiləri Türkiyə universitetlərinə maraq göstərən Azərbaycan vətəndaşlarıdır: “Ümumiyyətlə, biz “unin” adını brendləşdirməyə çalışırıq. Bu işə hələlik Türkiyə bazarını nəzərdə tutaraq başlamışıq. Amma gələcəkdə Azərbaycan universitetləri ilə bağlı da işlərimiz olacaq. Əsas məqsədimiz Türkiyənin bir çox universitetləri ilə əməkdaşlıq etmək, müştərilərlə fiziki olaraq görüşməyə ehtiyac olmadan onlara xidmət göstərməkdir. Türkiyədə təhsil almaq istəyən şəxslər bizim platformaya daxil olaraq çoxlu sayda Türkiyə universitetləri və proqramlarının adlarını görə və çox asan şəkildə onların arasından seçim edə bilərlər. Məsələn, bir insan tibb sahəsi, digəri iqtisadiyyat sahəsi üzrə oxumaq istəyir, sistemə baxır, şəhərləri, daha sonra universitetləri seçir, bakalavr, magistr, doktorantura səviyyəsində hansı dildə oxuyacağını, eyni zamanda, təhsil haqqını qeyd edir”.
Startapçı qeyd edib ki, hazırda platformada 4440 seçim təklif edilir. Tələbə sistemdə oxumaq istədiyi universiteti və ixtisası seçdikdən sonra düyməni basaraq sənədlərini yükləyir. Sənədlərdə natamamlıq yoxdursa, 1-5 iş günü ərzində qəbul edilir. Buna görə şəxsdən heç bir xidmət haqqı alınmır. “Bu, bizim əsas üstünlüyümüzdür. Bütün əməliyyatlar ancaq bank vasitəsilə aparılır, tələbə tərəfindən bizim şirkətin hesabına heç bir ödəniş həyata keçirilmir, təhsil haqları birbaşa universitetlərin hesabına köçürülür”, - deyən M.Cavadzadənin sözlərinə görə, platformanın əsas üstünlüyü universitetlərin hamısı ilə tərəfdaş olması və onlarla birbaşa müqavilə ilə əməkdaşlıq etməsidir. Digər özəlliklər isə budur ki, platforma tələbəyə onun özünün şəxsən müraciət edəcəyi halda (“Uninturkey” MMC-nin vasitəçiliyi olmadan) ödəyəcəyi təhsil haqqından daha aşağı təhsil haqqı təklif edir. MMC-nin universitetlərlə anlaşması olduğuna, həmin universitetlərə daha çox tələbə göndərdiyinə görə onlar üçün xüsusi qiymətlər müəyyən olunur. Tələbələr istədikləri təqdirdə onlara seçim etdikləri universitetlərlə bağlı ödənişsiz məsləhət verir, oturum izninin alınması, sığorta müraciətinin edilməsi məsələlərində peşəkar şəkildə dəstək olurlar: “Təbii ki, Afrikadan, ərəb ölkələrindən, Pakistandan və artıq yavaş-yavaş Cənubi Amerikadan Türkiyə universitetlərinə maraq çoxalıb. Biz onlardan da tələbə götürmək istəyirik. Amma dediyim kimi, əsas hədəflərimizdən biri bu platformanı Azərbaycan universitetləri üçün yaratmaq, “uninAzərbaycan” olaraq Azərbaycan universitetləri ilə bağlı fəaliyyətə başlamaqdır”.
İlhamə İSABALAYEVA