SKSP-nin rezidenti Qarabağda həyata keçirilən layihələrdə iştirak edir
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “Archi Glass” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Qarabağın yenidən qurulması layihələrində iştirak edir.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına şüşə emalı zavodu “Archi Glass” MMC-nin direktoru Murad Aslanov deyib.
Onun sözlərinə görə, hazırda müəssisə Füzuli, Cəbrayıl, Şuşa və Ağdamda binaların, Laçında aeroport binasının şüşələrinin salınması layihələrində iştirak edir: “Qarabağda layihələrin icrasına böyük üstünlük veririk. İnfrastrukturun qurulmasında yaxından iştirak edirik. Layihələrdə birbaşa podratçı olaraq iştirak etmək istəyirik. Artıq Zəngilanda bir layihəmizi yekunlaşdırmışıq”.
M.Aslanov qeyd edib ki, 2023-cü ildə “Archi Glass” MMC 2 milyon 450 min manat dəyərində şüşə emal edib. Məhsul satışı yalnız ölkə daxilində həyata keçirilib. 2023-cü ildə emal edilmiş məhsulların dəyəri 2022-ci illə müqayisədə təxminən 300 min manat çox olub: “Qarabağdakı layihələr də nəzərə alınarsa, 2024-cü ildə emal edilmiş məhsulların dəyərinin 3-3,2 milyon manat olacağı proqnozlaşdırılır”.
İlhamə İSABALAYEVA