Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti ilə görüş keçirilib
Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarovla Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Rigterink arasında virtual formatda görüş keçirilib.
İqtisadiyyat naziri bildirib ki, ölkəmiz Bankla əlaqələrin inkişafına önəm verir və AYİB-lə birgə həyata keçirilən layihələr üzrə qabaqcıl təcrübənin, innovativ texnoloji yeniliklərin ölkəmizdə tətbiqi xüsusilə əhəmiyyətlidir. AYİB-lə enerji, xüsusilə bərpa olunan və alternativ enerji, “Hökumət buludu” Məlumat Mərkəzi (G-Cloud) və s. kimi gündəlikdə duran pioritet layihələrin müzakirəsi vacibdir.
Yurgen Riqterink ikitərəfli əməkdaşlıq portfelinin mühüm məsələləri əhatə etdiyini və Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüslərinin tərəfdaşlığı stimullaşdırdığını diqqətə çatdırıb. Bankının birinci vitse-prezidenti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, AYİB-in bu istiqamətdə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib.
Görüşdə Bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ilə əməkdaşlığın perspektivləri, bərpa olunan enerji, informasiya texnologiyaları ekosisteminin təkmilləşdirilməsi sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları nəzərdən keçirilib.