13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Asfalt əvəzinə beton yollar - möhkəmlik və davamlılıq MƏQALƏ

Yolların salınmasında ən çox istifadə olunan materiallar asfalt və betondur. Dünya təcrübəsində yol tikintisində daha çox betondan istifadə olunduğu halda, Azərbaycanda bu, o qədər də populyar deyil. Diqqət yetirsək, bizdə ümumi istifadədə olan avtomobil yollarının əksəriyyətinə asfalt örtüyü döşənib. Betondan olan yolların əksəriyyəti isə eksperimental və ya uçuş-enmə zolaqlarıdır.

Dünya təcrübəsini nəzərə alsaq, demək olar ki, beton yollar tədricən asfalt yolları əvəz edəcək. Beton yol örtüyünə görə dünya lideri ABŞ-dir. Bu ölkənin magistrallarının 65%-dən çoxu betonla örtülüb. İkinci yerdə 65%-dən bir qədər az göstəriciylə Çindir. Almaniya yollarının isə 50%-i beton yollardan ibarətdir.

İlk beton yol 1893-cü ildə ABŞ-də salınıb, daha sonralar bu, Avropada yayılıb. Almaniyanın əksər yolları və məşhur avtobanlar betonla örtülüb, onlardan biri hətta 85 ildir ki, istismardadır. Bu səbəbdən, heç də əbəs yerə deyil ki, Avropa ölkələri məhz beton yolları inkişaf etdirməyə üstünlük verirlər.

İlk beton yol 1893-cü ildə ABŞ-də salınıb, daha sonralar bu,
Avropada yayılıb. Almaniyanın əksər yolları və məşhur avtobanlar
betonla örtülüb, onlardan biri hətta 85 ildir ki, istismardadır

Əlbəttə, ilk baxışda beton yol asfaltdan baha başa gəlir və onun yollara döşənməsi prosesi daha mürəkkəbdir. Lakin asfalt yolun tez-tez təmiri ilə müqayisədə beton yolun salınmasına çəkilən xərc öz bəhrəsini verir və yatırılan vəsaitlərin geri dönüşü daha tez təmin edilir. Digər tərəfdən, beton yola texniki qulluq, təmir də daxil olmaqla, asfaltdan təxminən iki dəfə ucuz başa gəlir.

Diqqət yetirilməli digər amil yolun istismar müddətidir. Mühüm üstünlük betonun möhkəmliyi və davamlılığıdır. Əgər asfalt yol 10 ildən sonra keyfiyyətini itirirsə, beton örtüyünün istismar müddəti 40-50 ilə çata bilər və bu müddət ərzində onun əsaslı təmirinə də ehtiyac olmur. Belə olan halda, sual yaranır: beton yollar daha etibarlı, saxlanması daha asandırsa, o zaman niyə bu tip yollar Azərbaycanda populyar deyil? Bu, ilk növbədə, qənaətlə bağlıdır - asfaltın qiyməti betonun qiymətindən xeyli ucuzdur. Amma daha uzunmüddətli düşünəndə bunun əksini görürük. Digər tərəfdən, əgər əvvəllər beton yolun çəkilməsi mürəkkəb və bahalı idisə, indi bu prosesi sadələşdirən kifayət qədər müasir texnologiya və avadanlıqlar mövcuddur.

Beton yol, həmçinin, yükə daha dözümlüdür. Yük avtomobilləri beton yolda hərəkət edəndə onun üzərində heç bir deformasiya olmur.

Ekoloji baxımdan da beton yolun üstünlüyü var. Belə ki, asfaltdan fərqli olaraq,
beton yolların salınması zamanı havanın zərərli maddələrlə çirklənməsi baş vermir

Ekoloji baxımdan da beton yolun üstünlüyü var. Belə ki, asfaltdan fərqli olaraq, beton yolların salınması zamanı havanın zərərli maddələrlə çirklənməsi baş vermir. Bundan əlavə, hesablamalara görə, asfalt yollarla müqayisədə beton yollarda hərəkət edən avtomobilin yanacaq sərfiyyatı orta hesabla 15-20% azalır ki, bu da öz növbəsində ətraf mühitin çirklənməsinin qarşısını almağa müsbət təsir göstərir.

Digər tərəfdən, beton örtüyü həm də ekstremal hava şəraitinə - yağışa, yüksək temperatura davamlıdır və isti iqlimi olan bölgələr üçün əvəzolunmazdır. Yol tikintisində uzun müddətdir ki, betona keçidin məqsədəuyğunluğu barədə danışılsa da, konkret addımlar atılmayıb və hazırda bu sahədə betondan kütləvi istifadənin perspektivlərini proqnozlaşdırmaq çətindir. Qeyd olunan sahə üzrə podratçıların lazımi avadanlıqları yoxdur, bunun üçün smetaların necə tərtib ediləcəyi də hələ bəlli deyil. Belə ki, əgər podratçılar tam maliyyələşmə olmadığı halda asfaltla necə işləməyi bilirlərsə, betona gəldikdə, riskə getməkdən çəkinirlər. Çünki buraxılacaq xırda bir səhv onlara baha başa gələ bilər. Bir sözlə, betona keçid perspektivləri hələ də qeyri-müəyyəndir. Lakin əsas odur ki, məsələ müzakirəyə açıqdır...

Hüseyn VƏLİYEV

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?