Azərbaycan regionun etibarlı və təhlükəsiz tranzit ölkəsinə çevrilir
Prezident İlham Əliyevin 23 noyabr 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” təsdiq olunub. Sənəddə 2026-cı ilə qədər ölkənin tranzit yükdaşımaları ilə bağlı hədəfləri açıqlanıb. Belə ki, 2024−2026-cı illər ərzində Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımaların həcminin 2022-ci ilə nisbətən 27% artırılaraq 10,7 milyon tondan 13,6 milyon tona çatdırılması proqnozlaşdırılır. Bu, mövcud infrastrukturun təkmilləşdirilməsi, tranzit əməliyyatları zamanı inzibati prosedurların optimallaşdırılması, aidiyyəti dövlət orqanları (qurumları) arasında koordinasiyanın yaxşılaşdırılması və vahid platforma üzərindən tətbiqi, tranzit daşımalar zamanı sərhədkeçmə müddətinin minimuma endirilməsi, eləcə də sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi yolu ilə gerçəkləşəcək.
Fəaliyyət Planına əsasən, Azərbaycanın İran və Gürcüstanla dövlət sərhədlərində yeni buraxılış məntəqələri inşa olunacaq. Zəngilan rayonunun Ağbənd qəsəbəsində, Naxçıvan Muxtar Respublikasının ərazisində və Astara rayonunda dövlət sərhədində yeni buraxılış məntəqələrinin inşasına dair İran İslam Respublikası ilə razılaşdırıldıqdan sonra tikinti işlərinə başlanılacaq. Nəticədə tranzit daşımalar zamanı alternativ keçid imkanı yaradılacaq. Eyni zamanda, Ələt−Osmanlı−Astara dəmir yolunun yenidən qurulması nəzərdə tutulur.
İqtisadçı ekspert Pərviz Heydərov sənədin əhəmiyyəti və iqtisadi töhfələri ilə bağlı fikirlərini “vergiler.az”la bölüşüb. Ekspert bildirib ki, Azərbaycan son illər nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinə irihəcmli investisiyalar yatırıb: “İlk dövrdə Bakı şəhərində nəqliyyat infrastrukturunun qurulması üçün körpülərin və keçidlərin, yolların tikintisinə investisiya qoyuldu. Sonrakı mərhələdə isə vəsaitlərin böyük bir hissəsi ümumilikdə nəqliyyat sektoruna sərf olundu. Söhbət dəmir yolundan, dəniz, avtomobil, hava nəqliyyatından gedir. Çünki yerləşdiyimiz coğrafiya nəqliyyat dəhlizi rolu oynamağımıza geniş imkanlar yaradır”.
Azərbaycanın regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün çox mühüm işlər görüldüyünü vurğulayan P.Heydərov nəticədə ölkəmizin Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində mühüm yer tutduğunu, bu istiqamətdə həyata keçirilən tədbirlərin artıq öz bəhrəsini verdiyini bildirib: “Gələcəkdə Çinlə ABŞ arasında ticarətin zəifləyəcəyi proqnozlaşdırılır. Buna müvafiq olaraq, Çinin digər ölkələrlə daha sıx ticari və iqtisadi münasibətlərə girəcəyi gözlənilir. Hazırda Rusiyanın da Şərq ölkələri, İran və bir sıra ərəb ölkələri ilə daha çox ticari, iqtisadi münasibətlər qurmaq istəyi müşahidə olunur. Bunlar hamısı Azərbaycan üçün yeni imkanlar yaradır. Yəni biz həm hava məkanımız, həm dəmir yolu, eləcə də dəniz və avtomobil yolları vasitəsilə bütün bu regional əlaqələrin, ticarətin həyata keçirilməsində, yükdaşımaların reallaşmasında potensialımızı ortaya qoya bilərik. Nəticədə Azərbaycan tranzit daşımalardan böyük vəsaitlər əldə etməklə qeyri-neft sektorunun inkişafı üçün əlavə stimul yaratmış olar”.
Fərqanə ALLAHVERDİQIZI