Ölkədaxili nağdsız əməliyyatların həcmində ciddi artım var
Bu ilin oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı sentyabr ayına nəzərən 271 min ədəd artaraq 16,21 milyon ədəd təşkil edib.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,9 faiz artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 20,8 faiz, kredit kartları üzrə 22,1 faiz təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməkhaqqı kartlarının sayı 72 min, kredit kartları 389 min, digər kartlar isə 2,2 milyon ədəd artıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıb.
2023-cü ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5017 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 4107 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 902 milyon manatı POS-terminallar, 8 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 54,7 faizini təşkil edib.