Elşad Məmmədov: “Vətəndaşların gəlirlərinin artması iqtisadi fəaliyyətə müsbət təkan verir”
2024-cü il üçün nəzərdə tutulan dövlət büdcəsi layihəsinin ilkin təhlilinə əsasən, 3 istiqamət üzrə xərclərdə önəmli artımlar və dəyişikliklər gözlənilir. Bu fikri iqtisadçı ekspert, professor Elşad Məmmədov gələn ilin büdcə layihəsini “vergiler.az”a şərh edərkən səsləndirib. Onun sözlərinə görə, artım gözlənilən istiqamətlərdən biri müdafiə və təhlükəsizliklə bağlı olan xərclərdir: “Burada biz təqribən 4,5 milyard manatlıq xərclər zərfini görürük. Bu da müvafiq qaydada artımları göstərir. İkinci istiqamət işğaldan azad olunmuş ərazilərin bərpası, tikinti-quruculuq işləri ilə bağlıdır. Bu istiqamətdə də ilbəil artımlar reallaşdırılır və artıq büdcə layihəsində 4 milyard manata yaxın vəsaitin həmin istiqamətə yönləndirilməsi nəzərdə tutulub. Hesab edirəm ki, bu rəqəmlər daha da artacaq. Üçüncü istiqamət isə sosial yönümlü xərclərdir”.
Büdcə layihəsinə görə, Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 7 milyard manata yaxınlaşdığını deyən E.Məmmədov 2023-cü illə müqayisədə 10%-lik artımın gözlənildiyini, bu artımın cari ildə ölkədə baş verən inflyasiya həcminə uyğun olaraq reallaşdırıldığını qeyd edib: “Bütövlükdə sosial yönümlü xərclərin artması artıq son 5 ilin trendi kimi qəbul olunmaqdadır. Bu illər ərzində effektiv sosial siyasət nəticəsində ardıcıl şəkildə sosial ödənişlərin artımının şahidi oluruq. Buraya minimum və orta aylıq əməkhaqqı, pensiya məbləğləri, eləcə də əməkhaqqı fondunun artımını aid etmək olar. Eyni zamanda, beynəlxalq standartlara uyğun olaraq, minimum pensiyanın minimum əməkhaqqına nisbəti, demək olar ki, 50 faizə yaxınlaşmış olacaq. Tədricən əməkhaqqı fondunun ölkə iqtisadiyyatının həcminə nisbəti ilə bağlı müsbət dəyişikliklərin şahidi oluruq”.
İqtisadçı ekspert büdcə xərclərində sosial yönümlü istiqamətlərin prioritet təşkil etməsini dünya miqyasında mütərəqqi iqtisadi sistemlərə malik dövlətlərin trendlərindən biri kimi qiymətləndirib: “Yəni insan kapitalına istiqamətlənmiş investisiyaların payının artması müsbət dəyərləndirilməlidir. Həm vətəndaşların sosial rifahının yüksəldilməsi baxımından, həm də birbaşa və dolayı yolla iqtisadiyyata müsbət təsirləri baxımından bunun effektli olacağını gözləmək olar. Çünki insanların gəlirlərinin artması daxili bazarın stimullaşdırılması və iqtisadi fəaliyyətə müsbət təkanın verilməsidir”.