10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Arı dronları - gələcəyin ən faydalı texnologiyalarından biri

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün həyata keçirilən dəstək tədbirlərindən biri də onların layihələrinin qrant yolu ilə maliyyələşdirilməsidir. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-lara qrant ayırır. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, qrant ayrılacaq layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrinə aid olmalıdır.

İndiyədək KOBİA 39 layihə üçün qrant vəsaiti ayırıb ki, onlardan da biri “Müxtəlif təyinatlı avadanlıqlarda və texnikalarda “əşyaların intellekti” adlı layihədir. Layihə çərçivəsində məişətdə və kənd təsərrüfatında istifadəsi nəzərdə tutulan bir sıra smart texnologiyalar hazırlanaraq, tətbiqi üçün müxtəlif dövlət qurumlarına və şirkətlərə təqdim olunub.

Layihənin icraçısı, “Sky Life Industry” futuristik konseptinin qurucusu və “SkyBee” startapının təsisçisi Tural İsmayılzadənin sözlərinə görə, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə ikinci qrant müsabiqəsində qazandıqları 18.551 manat məbləğində qrant hesabına gördükləri işlər bir çox sahələrdə sahibkarların və dövlət qurumlarının fəaliyyətini asanlaşdıracaq: “Müdafiə xarakterli dronlardan başlayaraq, kənd təsərrüfatı sahəsində istifadə olunan müxtəlif təyinatlı robot və smart qurğular hazırlamışıq. Ən uğurlu işimiz isə artıq dünyada tanınmağa başlayan “SkyBee” layihəsidir. Layihəmiz ilk dəfə Polşada tanınmağa və Varşava startap eko-sistemində irəliləməyə başladı, ardınca “London Tech Week” proqramı çərçivəsində dünya futurizm layihələri arasında yer aldı. İlk qlobal beynəlxalq uğurumuzu isə Budapeştdə keçirilən Dünya Startap Müsabiqəsində əldə etdik. Hazırda startapımız Budapeşt startap eko-sistemində önəmli rol oynayır. Artıq investorlar layihənin inkişafı və onun yeni dünya quruculuğunda iştirakına maraq göstərirlər. Layihəmizin uğurları bununla bitmir. Londonda yerləşən futuroloqlar cəmiyyətləri tərəfindən “SkyBee” ekoloji tarazlığın mühafizəsində gələcəyin ən faydalı texnologiyalarından biri olaraq seçilib. Bu il eyni vaxtda 6 regiondan Dünya Startap Kubokunun finalına yüksəldik və nəticədə komandamız dekabr ayının birində San-Fransiskoda keçiriləcək dünya startap kuboklarının “Grand Final” mərhələsinə dəvət edildi”.

T.İsmayılzadə əlavə edib ki, “SkyBee” vəhşi arı ailələrinin və digər həşaratların kütləvi ölümü nəticəsində tozlandırma prosesinin azalması və dünyanın üzləşə biləcəyi qlobal qida böhranı ilə mübarizə aparması məqsədilə hazırlanmış arı dronlarıdır. Onlar həm kənd təsərrüfatında məhsuldarlığın artmasında fermerlərə dəstək olacaq və dolayı yolla ərzaq qıtlığının yaranmasının qarşısını alacaq, həm də qlobal ekoloji tarazlığın mühafizəsində dövlətlərə və beynəlxalq təşkilatlara kömək edəcək: “Dünyada hər il ərzaq ehtiyatlarının 8% azalması müşahidə edilir. Əgər əvvəl dünyanın 32% ərazisi kənd təsərrüfatı məqsədilə becərilirdisə, yaşanan təbii fəlakətlər və müharibələr fonunda bu göstəricilər 26%-ə qədər azalacaq. BMT-nin müxtəlif tədqiqat institutlarının təqdim etdiyi göstəricilərə görə, 1992-ci ildən bugünə kimi dünyada arı ailələrinin və həşəratların 85%-nin ölümü qeydə alınıb. Şəhərləşmə ilə əlaqədar təbiətin üzləşdiyi kritik nöqtələrdə tozlandırılma prosesinin 29%-ə qədər zəiflədiyini görürük. Bütün bunlar bir neçə ildən sonra dünyanı gözləyən qlobal qida böhranından xəbər verir”. Qeyd olunub ki, hazırda “SkyBee” dronlarının ekologiya və kənd təsərrüfatı sahəsində daha geniş tətbiqi üzərində iş gedir. Yaxın günlərdə “SkyBee” dronlarının 7-ci modifikasiyasının sınaq uçuşu nəzərdə tutulur. “SkyBee” daha çox “DeepTech” layihələr kateqoriyasına daxildir və artıq qlobal mühitdə özünə müştəri bazası toplamağa başlayır. Gələcəkdə konseptin ABŞ, Avropa və Yaxın Şərqin bir çox böyük şəhərlərində tətbiqi planlaşdırılır. Bu məqsədlə həmin şəhərlərdə “SkyBee” dronlarının uçuşu üçün lazımi infrastruktur qurulacaq. Layihənin hədəf kütləsi bu şəhərlərdə yaşayan sahibkarlar, fermerlər, şirkətlər və xüsusi şəxslər olacaq.

Tədqiqatçı bildirib ki, cari ilin sonuna qədər təkmilləşdiriləcək layihə gələn ilin mart-aprel aylarında növbəti inkişaf mərhələsinə keçəcək. Startap hazırda “Seed” mərhələsini tamamlamaq üçün 300 min dollar investisiya kapitalı axtarışındadır. "Bu tip layihələrin bazar dəyərinin yüksək olduğunu hamımız bilirik. Layihəmizi 2025-ci ilin iyul ayına qədər inkişaf etdirməyi və daha sonra iri şirkətlərə satmağı düşünürük”, - deyən T.İsmayılzadənin sözlərinə görə, artıq yerli patentin alınması üzrə ilkin görüş keçirilib. Sınaq uçuşlarını uğurla tamamladıqdan sonra həm patent mərhələsinin rəsmiləşməsi, həm də “Startap” şəhadətnaməsinin alınması üçün müvafiq qurumlara müraciət ediləcək.

T.İsmayılzadə qrant layihəsi çərçivəsində hazırladıqları digər texnologiyalar haqqında da məlumat verərək bildirib ki, “BiGardens" adı verilən smart dibçək layihəsini də ərsəyə gətiriblər: “Hər birimiz uzaq səfərə gedərkən güllərimizə qulluq edə bilməsi üçün evimizin açarını kiməsə verməliyik. Bu, bir sıra problemlərə yol aça bilir, digər tərəfdən, hər kəs bütün güllər haqda məlumatlı deyil. Hazırladığımız smart dibçəklər imkan verir ki, biz güllərimizə və digər bitkilərə distant qulluq edək, onların böyümə prosesini müşahidə edək. Bunun üçün smart dibçəkləri almaq, onu daimi enerji və su-qida mənbəyinə qoşmaq, gülün və ya bitkinin şəklini çəkmək, elektron kitabxanadan qulluq qaydalarını yükləmək və "Start" düyməsinə basmaq yetərli olacaq”.

T.İsmayılzadə hazırladıqları digər layihənin “LifeX” olduğunu açıqlayıb. Onun sözlərinə görə, yeniyetmələrdə intihara gizli meyilliliyi aşkar etməyə imkan verən smart qurğu hazırlayıblar: “Biz onun vasitəsilə səs və işıq siqnalları göndəririk, qarşı tərəfdən aldığımız reaksiyalar hesabına şəxsin psixoloji vəziyyətini müəyyən edirik. Düşünürəm ki, bu layihənin Təhsil Nazirliyinin müəssisələrində tətbiqi bizə bir çox üstünlüklər qazandıracaq”.

Tədqiqatçı qeyd edib ki, hazırda parklar və dayanacaqlar üçün də smart qurğular hazırlayırlar. Bu qurğular parklarda və dayanacaqlarda quraşdırılaraq, həm insanların alternativ enerji hesabına mobil cihazlarının və digər elektronik əşyaların enerji ilə depolanmasını təmin edəcək, həm də şəhərdə əhali sıxlığını ölçərək, data əməliyyatlarının yenilənməsinə kömək edəcək. Ən əsası isə bu texnologiyalar atılan tullantıların çeşidliyini anında ölçməyə imkan verəcək ki, bu da şəhərimizi ekoloji çirklənmədən qoruya bilər: “Bu texnologiyaların tezliklə ASAN xidmət mərkəzlərində, digər sosial və ictimai xidmət sahələrində, inzibati binalarda, iş və ticarət şəbəkələrində, bütün parklarımızda quraşdırılmasını çox istərdik. Diqqətimizdən kənarda qalmayan sahələrdən biri fiziki imkanları məhdud olan dostlarımızdır. Tezliklə onların ölkə ərazisində sərbəst gəzə bilmələri üçün innovasiyalar və mobil tətbiqlər də hazırlanaraq ictimaiyyətə təqdim olunacaq”.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?