11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xarici investorlar azərbaycanlı sahibkarın yaratdığı şirkətin səhmdarı olmaq istəyirlər

Müasir dövrdə startapçılar biznesin qurulması və inkişafı üçün ən innovativ fəaliyyətlə məşğul olan, əsaslı yeniliklər tətbiq edən sahibkar sayılırlar. Azərbaycanda belə layihələr icra edən sahibkarlara xüsusi güzəştlər tətbiq edilir.

Startap layihəsi hazırlayan sahibkarlara Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap şəhadətnaməsi” verilir ki, bu sənədin də ən böyük üstünlüyü sahibkarlıq subyektinin innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunmasıdır. Agentlik, eyni zamanda, yerli startap layihələrinə dəstək məqsədilə qrant verir, onların qlobal bazarlara çıxması, layihələrin yerli və xarici investorlara təqdim olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirir.

İnnovativliyə əsaslanan startap layihələrinin bir çoxu artıq gündəlik həyatımızda tətbiq edilir. İctimai iaşə müəssisələrində müştərilərə QR kodun oxunulması ilə təqdim edilən elektron menyular da startap məhsuludur. Azərbaycanda bu layihənin yaradıcısı, təqdim etdiyi startap məhsullarına görə KOBİA-dan “Startap şəhadətnaməsi” alan “Monyo” şirkətinin rəhbəri Rahid Ağayevin sözlərinə görə, artıq üçüncü ildir ki, həyata keçirdikləri layihə hesabına hotel-restoran biznesi sektorunda müəyyən uğurlar əldə ediblər. Şirkət hazırda bazara üç məhsulunu təqdim edir. Bunlar “Monyo QR” (elektron menyu), “Monyo Pos” (restorandaxili idarəetmə sistemi) və “Monyo App” (restoran-portal) sistemləridir. Şirkətin artıq restoran sektorunda 1800-dən çox müştərisi var. Ölkənin, demək olar ki, ən prestijli restoranları şirkətin startap məhsullarından yararlanırlar.

İctimai iaşə müəssisələrində müştərilərə QR kodun oxunulması ilə
təqdim edilən elektron menyular startap məhsuludur

Hazırda şirkətin 50 mindən çox restoran masasında elektron menyusu mövcuddur. Müştərilər QR-lə sistemə daxil olduqları zaman restoranın menyusuna, interyerinə, ünvanına, iş saatlarına, endirimlərinə baxa, burada yer rezervasiya edə bilirlər. Hazırda “Monyo” şirkəti müştərilərin ödənişləri onlayn şəkildə etməsi üçün iş aparır. Artıq restoranda müştərilər elektron menyudan faydalanmaqla yanaşı, ofisiantı gözləmədən mobil tətbiq vasitəsilə ödənişi birbaşa masadan apara biləcəklər. Gələn ilin yanvar ayından bu layihənin icrası nəzərdə tutulur. Bunu etmək üçün müştərilər sistemdə “restoranın başqa imkanları” bölməsinə daxil olaraq “Siz ödəniş etmək istəyirsinizmi?” seçimi vasitəsilə kartla xidmət haqqını ödəyəcəklər.

“Monyo App” məhsulu barədə məlumat verən R.Ağayev bildirib ki, bu tətbiq vasitəsilə sayı günü-gündən artan restoranlarla bağlı müştərilərə geniş məlumatlar təqdim edilir. İstifadəçi tətbiq üzərindən ona ən yaxın olan ictimai iaşə müəssisələrinin interyerlərinə, onların kampaniyalarına, menyularına baxa, obyektdə canlı musiqilərin vaxtından xəbərdar ola bilərlər. Bundan başqa, restoranda yer rezervasiya edə və bunun üçün onlayn ödəniş, kəşbək əldə edə və daha sonra onu restoranda xərcləyə bilərlər: “Mobil tətbiqimizin ən son yenilənməsindən sonra, restoranlarla yanaşı, Bakı, Quba, Qəbələ və s. ərazilərin gəzməli-görməli yerləri haqqında da məlumat yerləşdirmişik”. Startapçı əlavə edib ki, “Monyo Pos” sistemi restoranlarda ofisiantların sifarişi birbaşa mətbəxə yönləndirilməsi üçündür: “Ofisiant müştərilərə yaxınlaşır, sifarişi alaraq POS-terminala daxil edir və bu, mətbəxdə öz əksini tapır. İndiyə kimi ölkəmizdə bu xidməti yalnız xarici şirkətlər göstərib. Artıq yerli proqramçılarımız tərəfindən yazılan tətbiqlə bu sistemi restoranların xidmətinə vermişik. Mobil tətbiqin növbəti yenilənməsindən sonra istifadəçilər də restoranlarda çəkdikləri videoları oraya yerləşdirə biləcəklər”.

Müştərilər QR-lə sistemə daxil olduqları zaman restoranın
menyusuna, interyerinə, ünvanına, iş saatlarına,
endirimlərinə baxa, burada yer rezervasiya edə bilirlər

R.Ağayev qeyd edib ki, “Startap şəhadətnaməsi” ilə fəaliyyət göstərdikləri 2 il 2 ay ərzində onların xidmətlərindən 2,7 milyon nəfər yerli müştəri 17 milyon dəfə istifadə edib. Bununla yanaşı, 500 mindən çox turist 1 milyon dəfə bu yenilikdən yararlanıb. Mobil tətbiqin ümumilikdə 80.000 yüklənməsi var. Hazırda şirkətin xidmətlərindən həm ölkə daxilində, həm də xaricdə istifadə olunur. ABŞ, Almaniya, Türkiyə, İndoneziya, Hindistan və Rusiyadan mobil tətbiqə daxil olaraq, sistemdəki məlumatlarla tanış olublar.

Sahibkar bildirib ki, “Monyo.az” layihəsinə artıq investisiya cəlb olunmaq üzrədir. Layihə 2 xarici şirkətin diqqətini cəlb edə bilib ki, onlardan biri Dünya Bankından maliyyə dəstəyi alır. Bu şirkətlər “Monyo”nun səhmlərini 4 milyon dollar dəyərində qiymətləndiriblər. Şirkətin 5 faizinin hissədarı olmaq istəyən, Dünya Bankından maliyyə dəstəyi alan şirkət “Monyo”ya 200 min, 2,5 faiz səhmə sahib olmaq istəyən digər xarici şirkət isə 100 min dollar investisiya yatırmağı planlaşdırır.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?