Azərbaycanda istehsal olunacaq kənd təsərrüfatı avadanlıqları MDB ölkələrinə ixrac ediləcək
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, cəlbedici biznes mühiti, sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyi, maliyyə mənbələrinə çıxış imkanlarının asanlaşdırılması sahibkarlara fəaliyyət sahələrini şaxələndirməyə və genişləndirməyə imkan yaradıb. Son illər ölkədəki münbit iqtisadi mühitdən yararlanaraq biznesini çoxşaxəli istiqamətlər üzrə quran sahibkarların sayı artıb. Onlardan biri də “ÜMÜD AQRO” şirkətinin rəhbəri, eyni zamanda “Türk Qida Sənaye" MMC-nin investorlarından olan Fərid Əkbərzadədir.
Şirkət rəhbərinin sözlərinə görə, yerli investisiya hesabına qurulmuş “ÜMÜD AQRO” fəaliyyətini əsasən heyvandarlıq və əkinçilik üzrə formalaşdırıb. Fiziki şəxs olaraq, əkinçiliklə məşğul olan sahibkar arpa, buğda, yonca, silosluq qarğıdalı əkir: “Heyvandarlıq sektorunda da fəaliyyət göstərdiyim üçün yem bazasını formalaşdırmağa çalışıram və bunun üçün arpa, buğda, yonca, silosluq qarğıdalının əkini və eyni zamanda, satışı ilə məşğul oluram. Əkin işləri, əsasən, 200 hektar ərazidə aparılır və əldə etdiyimiz məhsullar daha çox heyvanların yemi üçün istifadə edilir”. F.Əkbərzadə "Türk Qida Sənaye" MMC-nin investorlarından biri olaraq, südlük məqsədilə 1000-ə yaxın cins qaramal da saxlayır. Gün ərzində istehsal etdikləri 9-10 ton süd yerli süd emalı müəssisələrinə satılır.
“ÜMÜD AQRO” şirkəti, həmçinin, aqrotexniki avadanlıqların və damazlıq heyvanların ölkəyə gətirilməsi, onların dövlət dəstəyi ilə kəndli və fermerlərə satışını həyata keçirir: “Prezident İlham Əliyevin fərmanı ilə aqrotexnikalara subsidiyalar tətbiq olunur. Bizim gətirdiyimiz texnikalar Türkiyənin ən yeni texnologiyaları əsasında hazırlanıb. Əsas fəaliyyət istiqamətimiz heyvandarlıq komplekslərinin qurulmasıdır. Ölkənin bir necə aparıcı şirkəti üçün belə komplekslər qurmuşuq. Dövlət fermerlərə bu avadanlıqlara görə 40 faiz subsidiya ödəyir, biz də əsasən subsidiya ilə işləyirik. Müştəri avadanlıqları kreditlə götürmək istəyirsə, onu lizinq yolu ilə satışa yönəldirik”.
F.Əkbərzadə qeyd edib ki, “ÜMÜD AQRO” ümumilikdə 600 min manat olmaqla, 3 dəfə kredit alıb və onlardan biri artıq ödənilib. Bundan başqa, bu yaxınlarda əkin sahələrində süni suvarma sistemlərinin qurulması üçün Sahibkarlığın İnkişafı Fondundan 450 min manat kredit alıb.
Dövlətin tətbiq etdiyi dəstək mexanizmləri hesabına biznesini inkişaf etdirə bildiyini deyən sahibkar əlavə edib ki, bu yaxınlarda Türkiyənin “Sezer” şirkətinin istehsal hüququnu da əldə ediblər. Bu, kənd təsərrüfatı üçün yararlı olan bir sıra avadanlıqların yerli istehsalına şərait yaradacaq. “Sezer” şirkətinin birgə investisiyası ilə bu ilin may ayına kimi əkinçilikdə və fermalarda istifadə edilən heyvan yataq-durak dəmirləri, kilid sistemləri, siyirici skriperlər, sağım sistemləri, mobil sağım avadanlıqları, yer partlatma triller avadanlıqları, ot toplama dırmıxları istehsal edəcəklər. Gələcəkdə belə avadanlıqların istehsalının daha da genişləndirilməsi nəzərdə tutulur. Bu avadanlıqlar Azərbaycan bazarında satılmaqla yanaşı, MDB ölkələrinə də ixrac ediləcək. Məhsullar “Sezer” brendi altında istehsal ediləcəyindən şirkətin nümayəndələri hər ay Azərbaycana gələrək məhsulların keyfiyyətinə nəzarət edəcəklər: “Hazırda Azərbaycanda bu cür avadanlıqlar istehsal edilmir. Buna görə də bütün təchizatçılar onları xaricdən almağa məcbur olurlar. Belə avadanlıqların ölkədə istehsalı Azərbaycanı bu sahə üzrə idxal asılılığından qurtaracaq, ölkənin valyuta ehtiyatının kənara çıxmasının qarşısını alacaq. Azərbaycanda bu sahədə istehsalın təşkili üçün münbit şərait var, işçi qüvvəsi, enerji daşıyıcılarının qiymətləri burada daha ucuzdur”.
İlhamə İSABALAYEVA