Rəqabət Məcəlləsi layihəsi ilə bağlı ictimai dinləmə keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hazırlanan Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb.
Xidmətdən verilən məlumata görə, dinləmədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və digər millət vəkilləri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, eyni zamanda, biznes nümayəndələri, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin təmsilçiləri, iqtisadçı-ekspertlər və digər maraqlı tərəflər iştirak ediblər.
İctimai dinləmədə Məcəllənin layihəsinə dair geniş müzakirələr aparılıb. Yaxın günlərdə Rəqabət Məcəlləsi layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi və 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda təsbit olunan tapşırıqlar əsas götürülərək konseptual hüquqi sənəd qismində iqtisadi fəaliyyətin təməl prinsiplərini müəyyən edən vahid Rəqabət Məcəlləsinin layihəsi hazırlanıb.
12 fəsil, 84 maddədən ibarət Məcəllənin layihəsi Dövlət Xidməti tərəfindən hazırlanarkən müxtəlif dövlət orqanları, həmçinin biznes assosiasiyaları ilə geniş müzakirələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb.
Qabaqcıl beynəlxalq təcrübə və yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilən Məcəllə inhisarçılığa qarşı mübarizənin qanuni əsaslarını və prosessual normalarını müəyyən edir və rəqabətin stimullaşdırılmasına xidmət edir.
Azərbaycan Respublikasının bir sıra qanunvericilik aktları, o cümlədən “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Qanunlar və digər hüquqi aktlar Rəqabət Məcəlləsinin layihəsində vahid sənəddə öz əksini tapıb.
Müasir çağırışlara cavab verən Rəqabət Məcəlləsinin qəbul olunması ölkədə özəl sektorun inkişafını dəstəkləyən əlverişli biznes mühitinin inkişaf etdirilməsinə imkan yaradacaq, sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək, həmçinin yerli təsərrüfat subyektlərinin daxili və xarici bazarlarda rəqabətqabiliyyətliliyinin artırılmasına, dövlətin iqtisadi tənzimləmə səmərəliliyinin yüksəldilməsinə töhfə verəcək. Bundan əlavə, Məcəllə, azad rəqabət və biznes mühitini təşviq etməklə, innovasiya fəaliyyətinin sürətlənməsinə təkan verəcək, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasına zəmin yaradacaq.
Rəqabət Məcəlləsinin layihəsində rəqabəti məhdudlaşdıran üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər bazar payının müəyyən edilməsi, bazarda hökmran mövqe və hökmran mövqedən sui-istifadə halları, haqsız rəqabət və onun formaları, iqtisadi təmərküzləşmələr və onların qiymətləndirilməsi ilə bağlı məsələlər əks olunub. Layihədə, həmçinin rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti, rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması qaydaları, aşkar olunan pozuntulara dair məsuliyyət tədbirləri barədə müddəalar yer alıb, dövlətin rəqabət sahəsinə müdaxiləsi və təbii inhisar sahələrinə dair yeni tələblər müəyyənləşdirilib.
Rəqabət Məcəlləsi sahibkarlıq subyektləri ilə yanaşı, dövlət və yerli özünüidarəetmə orqanlarının, habelə tənzimləyici orqanların antiinhisar qanunvericiliyinə zidd olan hərəkətlərinin (hərəkətsizliyinin) qarşısının alınması və tənzimləmə fəaliyyətlərinin rəqabətə təsirlərinin qiymətləndirilməsini tənzimləyəcək.