6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dainis Qaspuitis: “Latviya üçün Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsi vacibdir”

“Azərbaycan və Latviya ikitərəfli iqtisadi və siyasi əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük potensiala malikdir. Ölkələrimiz arasında iqtisadi əlaqələr dinamik inkişaf edir”.

Bu sözləri “Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına latviyalı ekspert, Latviyanın ən böyük banklarından biri olan “SEB Bank”ın makroiqtisadiyyat üzrə mütəxəssisi Dainis Qaspuitis deyib.

“İki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün hər cür imkanları var. Hazırda əməkdaşlığın əsas istiqamətləri bioiqtisadiyyat, rəqəmsallaşma və biotibbdir, əczaçılıq sahəsinə xüsusi diqqət yetirilir. Latviyanın İnvestisiya və İnkişaf Agentliyi ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında ixrac və investisiyaların təşviqi üzrə uzunmüddətli əməkdaşlıq haqqında memorandum imzalanıb”, - deyə ekspert əlavə edib.

Mütəxəssisin fikrincə, geosiyasi vəziyyətin dəyişməsi ilə əlaqədar Latviya üçün yeni bazarlar axtarmaq və latviyalı sahibkarların inkişaf potensialı gördükləri ölkələrlə ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi vacibdir və onlardan biri də Azərbaycandır. Burada təbii ki, Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti də mühüm rol oynayır.

Ekspert qeyd edir ki, startap sahəsində də əməkdaşlıq üçün yüksək potensial var: “Azərbaycan öz sahibkarlarını Latviyanın təklif etdiyi startap vizası proqramından yararlanmağa təşviq etməyə hazır olduğunu bildirib. Xəzər dənizinin imkanları məhdud olduğu üçün Azərbaycan Latviya limanlarının potensialını yüksək qiymətləndirir və gəmiqayırma sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Həmçinin tranzit və logistika, yüklərin dəmir yolu ilə Bakıdan Türkiyə vasitəsilə Avropaya daşınması sahəsində əməkdaşlıq üçün böyük imkanlar var. Hava yüklərinin daşınması sahəsində son illərdə yük dövriyyəsini əhəmiyyətli dərəcədə artıran Riqa hava limanı ilə əməkdaşlığın inkişaf etdirilməsi planlaşdırılır”.

D.Qaspuitisin sözlərinə görə, Latviya Avropa İttifaqının üzvü olan ölkə kimi qurumun Azərbaycanla sıx əməkdaşlığında maraqlıdır. "Azərbaycandan iki çox mühüm nəqliyyat dəhlizi keçir. Onlardan biri Hindistan, İran, Azərbaycan, Şimal-qərbi Rusiya və Baltik dənizi regionunu birləşdirən beynəlxalq Şimal-Cənub dəhlizidir. İkincisi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizidir, bu marşrut Yeni İpək Yolunun bir hissəsidir və Xəzər və Qara dənizləri birləşdirir.

Eyni zamanda, Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha mühüm tərəfdaşa çevrilir. Təkcə ölkələrimizin rəhbərləri arasında deyil, həm də parlamentlər, hökumətlər, yerli hakimiyyət orqanları və digər qurumlar arasında sıx əməkdaşlıq qurulub. Latviya hər zaman Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsini dəstəkləyib",- o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan və Latviya arasında ticarət dövriyyəsi 41,28 milyon ABŞ dolları olub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73 faiz çoxdur. Ticarətin böyük hissəsi (57 faizi) Azərbaycanın Latviyaya ixrac etdiyi qeyri-neft məhsullarının payına düşür. Hesabat dövründə Azərbaycandan Latviyaya ixrac 2,3 dəfə artaraq 29,6 milyon ABŞ dolları, idxal isə 4 faiz artaraq 11,22 milyon ABŞ dolları olub.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?