Saken Mukan: “Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu daşıma xərclərini azaldacaq”
Çin-Qırğızıstan-Özbəkistan yeni dəmir yolunun tikintisi və istismarının başlanması ilə marşrutda iştirak edən ölkələrin yük dövriyyəsini artırmaq və yükdaşımaların maya dəyərini azaltmaq imkanları yaranacaq.
Bu sözləri “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına qazaxıstanlı politoloq, Qazaxıstan Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin Media kommunikasiyası və tarixi kafedrasının professoru Saken Mukan deyib.
Onun sözlərinə görə, nəqliyyat xərclərinin artması ilə son istehlakçı üçün mallar xeyli bahalaşır. Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, tranzit ölkələr malların və xidmətlərin daşınması üçün ən əlverişli şəraitin yaradılmasına səy göstərəcəklər. Bu, həm marşrutun özünün, həm də bu marşrut üzrə tədarük olunan malların rəqabət qabiliyyətini artıracaq.
Ekspertin sözlərinə görə, perspektiv baxımından marşrut bir çox səbəblərə görə, o cümlədən alternativ təchizat marşrutlarının yaradılması baxımından diqqətəlayiqdir: “Mövcud geosiyasi şəraitdə Mərkəzi Asiya ölkələri nəqliyyat və logistika zəncirlərinin pozulması səbəbindən çətin vəziyyətdədirlər. Qırğızıstanlı tərəfdaşlar yalnız Qazaxıstan vasitəsilə malların tədarükündən asılı olmamaq üçün nəqliyyat və logistika marşrutlarını şaxələndirirlər. Söhbət həm Qırğızıstan, həm də Çin istehsalı olan mallardan gedir”.
2022-ci ilin sentyabrında Qırğızıstan, Çin və Özbəkistan dəmir yolunun tikintisində əməkdaşlıq haqqında saziş imzalayıb. Yeni dəmir yolu dəhlizi Cənub-Şərqi, Qərbi Asiya və Yaxın Şərq bazarlarına çıxış açacaq. Marşrut Çindən Qırğızıstana, eləcə də Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinə yüklərin çatdırılmasını təmin edəcək. Dəmir yolu Xəzər dənizinə çıxışla yanaşı, Çin, Qazaxıstan, Xəzər, Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçən və sonra Avropa ölkələrinə gedən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) bir hissəsi olacaq.
Tamilla MƏMMƏDOVA