9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron hərraca necə qatılmaq olar?

İqtisadiyyat Nazirliyi yanına Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraclarda əmlak sahibi olmaq üçün bütün imkanlar yaradılıb. Bu imkanlardan biri də elektron hərrac sisteminin tətbiqidir.

İddiaçıları daha sadə prosedurlarla əmlak sahibi olmasına şərait yaradan “Elektron Hərrac” innovativ olmaqla mühüm üstünlüklərə sahibdir. Belə ki, “Elektron Hərrac”da biznes qurmaq istəyən sərmayəçilərin önəm verdiyi faktorlardan biri olan zaman prinsipi gözlənilib. Onlar heç bir yerə getmədən olduqları yerdən internet vasitəsilə “Elektron Hərrac” sisteminə qoşulmaqla onlayn olaraq sifariş verdiyi əmlakın sahibi ola bilir. İstədikləri yerdən qoşulmaq imkanı həm də məkan məfhumunu aradan qaldırır.

Məqsəd özəlləşdirilmənin həyata keçirilməsi üçün təşkil olunan hərraclarda şəffaflığın təmin olunması, hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmanın tətbiqidir.

İlkin olaraq sifarişçi tərəfindən hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək əmlakın ilkin satış qiymətinin 10 faiz beh məbləğini ödəməklə sifariş verilir. Həm elektron qaydada, həm də Bakı üzrə Əmlak Xidmətləri Məkanına və ya rayon üzrə ərazi idarələrinə əyani olaraq müraciət etməklə sifariş vermək mümkündür. Elektron hərracda iştirak etmək istəyən şəxsə təhlükəsizlik kodu verilir.

Qeydiyyatdan keçmiş şəxs (iştirakçı) hərrac günü elan olunmuş vaxtda Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlər portalından (e-emlak.gov.az) “Elektron Hərrac” bölməsinə daxil olur. Şəxsiyyət vəsiqəsi üzərində olan məlumatları və öncədən verilən təhlükəsizlik kodunu xanalara daxil edir. Daha sonra “Lotların idarə edilməsi” bölməsini seçir. “Sifarişlərim” menyusuna keçərək “Hərraca qoşul” düyməsini sıxır. Yeni açılmış pəncərədə satışa çıxarılan əmlak üçün “Təklif” və “Təklif” (təkrar) xanalarında təklif etmək istədiyi məbləği daxil edir (hərrac rəqabətsiz olduqda “Təklif” xanasına əmlakın ilkin start qiyməti daxil edilir).

Hərrac rəqabətli keçdikdə ilkin satış qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə artırılır. Hər yeni təklif ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır. Hərrac iştirakçısı yeni təklifini 60 saniyə ərzində əlavə etməlidir. Hər son təklifdən sonra sistem avtomatik olaraq hərracı 60 saniyə uzadır. “İştirakçı nömrəsi” və “Cari qiymət” xanalarında müvafiq olaraq hər bir iştirakçının lot nömrəsi və təklif etdiyi qiymət öz əksini tapır. Hərracda ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilir. Ekranda hərracın tarixi, əmlakın satılması barədə məlumat, satış qiyməti və qalib alıcının iştirak nömrəsi qeyd olunur.

Hərracda canlı və ya virtual iştirak etmiş hərracın qalibi qanunvericiliyə uyğun olaraq 30 (otuz) bank günü müddətində ödənilməli olan pul vəsaitini hərracın elanında qeyd olunan hesaba köçürür. Alıcı göstərilən müddət ərzində ödənilməli olan məbləği ödəmədiyi halda onun tərəfindən ödənilmiş beh geri qaytarılmır, tam məbləğdə dövlət büdcəsinə köçürülür, əmlak isə satıcının sərəncamında qalır. Ödəniş tam edildikdən sonra əmlak qalib alıcının adına rəsmiləşdirilir.

Qeyd edək ki, “Elektron Hərrac” sisteminin tətbiqi bu sahədə operativliyin təmin edilməsinə, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsinə, investorların özəlləşdirməyə cəlb olunmasına geniş imkanlar yaradır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?