14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalar yalnız müvafiq icazələr əsasında mümkün olacaq

Avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar “Avtomobil nəqliyyatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 1 oktyabr tarixindən müvafiq icazələr əsasında fəaliyyət göstərəcəklər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “vergiler.az”a verilən məlumata görə, icazələr Agentlik tərəfindən verilir və qüvvədə olma müddəti 7 ildir.

Məqsəd avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətləri istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunmasıdır.

Qanunvericiliyin tələbinə əsasən ölkə daxilində sifarişli daşıma ilə, yəni qeyri-müntəzəm sərnişindaşıma, eləcə də yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə buraxılış vəsiqəsi ödənişsiz veriləcək.
Taksi minik avtomobilləri ilə sərnişin daşımaları ilə məşğul olmaq istəyənlər isə buraxılış vəsiqəsini əldə etmək üçün 125 manat dövlət rüsumu ödəməlidirlər. Buraxılış vəsiqəsi əldə edən hüquqi şəxslər və ya fərdi sahibkarların nəqliyyat vasitələrinə verilən icazənin əlavəsi olaraq buraxılış kartı alması da mütləqdir. Bunun üçün tələb olunan dövlət rüsumunun məbləği isə 25 manatdır.
Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımaları üçün də buraxılış vəsiqəsi və buraxılış kartı tələbi müəyyən edilib. Bu fəaliyyət növü üçün buraxılış vəsiqəsi 250 manat, buraxılış kartı isə 75 manat dövlət rüsumu ödənilməklə təqdim olunacaq.
“Avtomobil nəqliyyatı haqqında” Qanunun tələbinə əsasən ölkə ərazisində taksi sifarişi operatoru fəaliyyəti də icazə əsasında mümkün olacaq. Sözügedən icazə növü üçün dövlət rüsumu 3000 manatdır.

Hüquqi şəxslər və fərdi sahibkarlar qeyd olunan icazələri əldə etmək üçün “Avtomobil nəqliyyatı haqqında” Qanunun 14-cü maddəsində tələb olunan sənədləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə təqdim etməlidirlər.

Avtomobil nəqliyyatı haqqında qanunvericiliyin tələblərinin pozulması inzibati məsuliyyət yaradır və buna yol verən şəxslərə qarşı cərimə tətbiq olunacaq. Belə ki, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir. İnzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimələnir.

Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 50 manat məbləğində cərimə edilir. İnzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 80 manat məbləğində cərimələnir.

Buraxılış vəsiqəsi, yəni icazə olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 1200 manat məbləğində cərimə edilir. İnzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər 2400 manat məbləğində cərimələnir.

Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə 50 manat məbləğində cərimə edilir. İnzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 100 manat məbləğində cərimələnir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına görə də cərimə nəzərdə tutulub. Belə ki, qeyd olunan xətalara yol verən vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 20000 manat məbləğində cərimə olunacaq. Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmi yaratmayan və ya həmin mexanizmi fəaliyyət göstərməyən vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər isə 20000 manat məbləğində cərimələnəcək.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?