Müşfiq Hüseynov: "Dünyanın ən böyük qida əlavələri istehsalı müəssisələrindən biri Azərbaycanda yaradılacaq"
İqtisadiyyata xarici sərmayələrin cəlb edilməsi ölkənin sənaye imkanlarını artırmaqla yanaşı, iqtisadi göstəricilərin yüksəlməsinə, iqtisadi artımın sürətli baş verməsinə şərait yaradır. Bu baxımdan milli iqtisadiyyatın inkişafı üçün ən vacib məsələlərdən biri xarici investisiyaların cəlbinə imkan yaradan əlverişli mühitin formalaşdırılmasıdır.
Əlverişli iqtisadi mühit ölkəyə yatırılan xarici sərmayələrin həcminin getdikcə artmasına şərait yaradır. Məsələn, ötən il Azərbaycana yatırılmış birbaşa xarici investisiyaların toplam dəyəri 6 milyard 276 milyon dollara yüksəlib ki, bu da 2021-ci illə müqayisədə 31 faiz çoxdur. Cari ilin birinci rübündə Azərbaycana cəlb edilən birbaşa xarici investisiyaların həcmi isə, 1 milyard 501 milyon 469 min dollar təşkil edib.
Azərbaycan iqtisadiyyatına sərmayə yatırmağa hazırlaşan şirkətlərdən biri də Tailand-Azərbaycan birgə şirkəti olan "Supreme Pharmatech Manufacturing” MMC-dir. Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınan şirkət Azərbaycan iqtisadiyyatına ilkin mərhələdə 8,3 milyon manat investisiya yatıracaq.
"Supreme Pharmatech Manufacturing” MMC-nin direktoru Müşfiq Hüseynov bildirib ki, 2,5 hektar ərazidə bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalını həyata keçirəcək müəssisə inşa edəcəklər. 56 nəfərin daimi işlə təmin ediləcəyi bu layihə çərçivəsində 3 istehsal kompleksi inşa olunacaq. Komplekslərin inşası bitdikdən sonra layihənin ümumi dəyərinin 17-20 milyon manat olacağı gözlənilir. Müəssisəsədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı ixracı da planlaşdırılır.
M.Hüseynov deyib ki, iki istiqamət üzrə istehsala başlayacaqlar. Bir istiqamət yerli bazarın tələbatına uyğun olaraq, dərman və əczaçılıq mallarının istehsalıdır. İkinci istiqamət nanotexnoloji üsullarla bioloji aktiv qida əlavələrinin istehsalıdır ki, onlar da tam olaraq, ixrac üçün nəzərdə tutulub, amma sifarişlər olacağı təqdirdə daxili bazar üçün də qida əlavələri istehsal ediləcək: “Əsas hədəfimiz eksportdur, çünki hazır ixrac sistemimiz var. Şirkət 20-dən çox ölkəyə məhsul ixrac edir, Azərbaycandakı fabrik hazır olana kimi bu ölkələrin sayı yəqin ki, 30-a qalxacaq”.
M.Hüseynov əlavə edib ki, sonrakı mərhələlərdə nano kosmetika və heyvanlar üçün yüksək texnoloji dərmanlar istehsal olunacaq. Bunun üçün xüsusi korpus tikiləcək. Yaxın üç il ərzində korpusların üçünün də tam hazır olaraq, istehsala başlaması nəzərdə tutulur: “Şirkətin Azərbaycanda ümumilikdə 17 min kvadrat metr istehsal ərazisi olacaq. Bu müəssisə dünyada qida əlavələri sahəsində mövcud olan ən böyük müəssisələrdən biri sayılacaq. 2-2,5 ilə zavodun böyük bir hissəsi daxili resurslardan istifadə edilməklə fəaliyyətə başlayacaq. Azərbaycanın təbii bitki sərvəti olduqca genişdir, ölkəmizdə farmokoloji effekti çox güclü olan dərman bitkiləri var, biz onlardan istifadə etməyi nəzərdə tuturuq”.
M.Hüseynov bildirib ki, istehsala başlamaq üçün tələb olunan texniki məsələlərin hamısı həll edilib: “Biz İqtisadi Zonaların İnkişafı Agentliyindən rezidentlik statusu almışıq. Ərazimiz və layihəmiz bəllidir, inşaat üçün müqavilə imzalanıb. Sentyabrın birinci həftəsində inşaat işlərinə başlamağı planlaşdırırıq”.
M.Hüseynov qeyd edib ki, şirkət tərəfindən ixrac üçün 16 kateqoriya (kişi, qadın sağlamlığı, beyin, qan-damar, onkoloji, immunitet, multivitamin, idman və s. ) üzrə 300-ə yaxın məhsul istehsal edilir. Zavod Azərbaycanda fəaliyyətə başlayan kimi ixrac üçün nəzərdə tutulan bu məhsulların istehsalını həyata keçirəcək: “Şirkətin Azərbaycanı seçməyinin əsas səbəbləri ölkəmizdəki siyasi sabitlik, iqtisadi inkişaf və logistika üzrə dünyanın ən əlverişli mövqeyə sahib olmasıdır. Biz Azərbaycandan Avropaya, şimali, cənubi Afrikaya, Qazaxıstan üzərindən Asiya ölkələrinə və Rusiyaya mal göndərə biləcəyik. Hazır ixrac sistemini tətbiq etməklə malları uzaq ölkədən - Tailanddan deyil, Azərbaycandan daha qısa müddətə ixrac edə biləcəyik. İndiyədək məhsulların üzərində “Made in Tailand” yazılırdısa, indi artıq “Made in Azerbaijan” yazılacaq”.
M.Hüseynov deyib ki, hazırda marketinq qrupu yerli bazarda ehtiyac duyulan dərmanları müəyyən etmək üçün araşdırma aparır. Müəssisə bazarda kəskin ehtiyac duyulan və satışı olmayan dərmanlar istehsal etməyi nəzərdə tutur. Direktor bu araşdırmanın yekunu ilə bağlı qərarın yaxın 6 ay ərzində veriləcəyini söyləyib.
O, istehsal üçün yerli xammaldan istifadə edəcəklərini də açıqlayıb: “Xammal kimi 100-ə yaxın inqridiyentdən istifadə edilir ki, onun 10-12-si Azərbaycanda var”.
M.Hüseynov əlavə edib ki, Azərbaycanda iqtisadi zonaların rezidentlərinin faktiki olaraq, 10 il ərzində heç bir vergi, gömrük rüsumu ödəməməsi, siyasi sabitlik, milli valyutanın kursunun sabit qalması, inflyasiyanın zəif olması, iqtisadi inkişafın qorunub saxlanması, Tailandla müqayisədə enerji resurslarının qiymətlərinin ucuz olması məhsulun maya dəyərinin bahalaşmasına imkan vermir və investorları özünə cəlb edir.
İlhamə İSABALAYEVA