14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bankların məcburi ehtiyat normaları ilə bağlı qayda və məbləğlər dəyişib

Pul siyasətinin transmissiyasında faiz kanalının rolunun yüksəldilməsi istiqamətində islahatlar davam etdirilir. Bununla bağlı pul siyasətinin əməliyyat çərçivəsində müəyyən dəyişikliklər edilib.

Azərbaycan Mərkəzi Bankından “vergiler.az”a verilən məlumata görə, pul təklifinin daha effektiv tənzimlənməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin daha da məhdudlaşdırılması və de-dollarlaşma meyllərinin dəstəklənməsi üçün məcburi ehtiyat normalarının diferensiallaşdırılması qaydasına yenidən baxılması zərurəti yaranıb.

Öncədən planlaşdırıldığı kimi, likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması məqsədilə məcburi ehtiyatların diferensiallaşması dərəcəsinin yüksəldilməsi bank sektorunda sistem risklərinə yol verməmək üçün tədricən həyata keçirilir.

Bu məqsədlə aparılan təhlillər göstərib ki, məcburi ehtiyat normalarının hüquqi şəxslərin depozitlərinin məbləğindən asılı olaraq diferensial tətbiqi likvidliyin təmərküzləşməsini azaltmağa və əlavə vəsaitin sterilizasiyasına imkan yaradır. Təhlillərin nəticələri əsasında qərara alınıb ki, milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin 1 milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin isə 750 milyon manat ekvivalentini üstələyən banklar üzrə məcburi ehtiyat normaları bütün öhdəliklər üzrə müvafiq olaraq 10 faiz və 12 faiz səviyyəsində müəyyən olunsun.

Milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləği 1 milyard manatdan, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləği 750 milyon manat ekvivalentindən az olan banklar üzrə isə məcburi ehtiyat normaları bütün öhdəliklər üzrə müvafiq olaraq 5 faiz və 6 faiz səviyyəsində saxlanılıb. Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat normaları dəyişməz olaraq sıfır səviyyəsində saxlanılıb. Qərara alınıb ki, 2023-cü ilin iyul ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun hesablamalı və növbəti saxlama dövründən (2023-cü ilin 15 avqust tarixindən) başlayaraq məcburi ehtiyatları yeni normalara uyğun saxlamalıdırlar. “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər və yeni məcburi ehtiyat normaları barədə banklar müvafiq qaydada məlumatlandırılıb. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, məcburi ehtiyatların diferensiallaşma qaydasına və normalarına edilən son dəyişikliklər bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmi 0,03-04 faiz intervalında artırıcı təsir göstərir.

Faiz dəhlizinin maliyyə sektorunda digər faizlərə təsirlərini gücləndirmək üçün sterilizasiya yönümlü daimi imkan aləti üzrə günlük limitin 15 avqust 2023-cü il tarixindən ləğv edilməsinə qərar verilib. Xatırladaq ki, sterilizasiya yönümlü daimi imkanlar aləti üzrə günlük limit əsasən banklararası bazarda əməliyyatları aktivləşdirmək məqsədilə tətbiq edilirdi. Son aylarda banklararası bazarda fəallığın və bankların likvidlik mövqeyinin əhəmiyyətli dəyişməsi sterilizasiya yönümlü daimi imkan aləti üzrə günlük limitin ləğvinə şərait yaradıb. Bununla da daimi imkan aləti öz klassik funksiyasını yerinə yetirməyə başlayacaq ki, bu da banklararası pul bazarında faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində formalaşmasına şərait yaratmalıdır.

Bu dəyişikliklər ortamüddətli dövrdə inflyasiya proseslərinin faizlər vasitəsilə daha effektiv idarə edilməsinə xidmət edir.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?