16 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Genişmiqyaslı bərpa və infrastruktur quruculuğu

Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, xüsusilə də sahibkarlığın, biznesin inkişafı hər zaman dövlətin diqqət mərkəzindədir və bu sahədə ciddi uğurlar əldə edilib. Bu gün müstəqil respublikada həyat günbəgün dəyişir, insanların rifah halı yaxşılaşır, paytaxtda və bölgələrdə yeni-yeni sosial layihələr həyata keçirilir, tikilən göydələnlər, nəhəng körpülər, müasir yollar Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən xəbər verir.

Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma işləri, yeni infrastrukturun yaranması istiqamətində aparılan işlərdən ən önəmlisi təbii ki, ərazilərin minalardan təmizlənməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulmasıdır. Eyni zamanda, kənd təsərrüfatı ilə əlaqədar yeni fəaliyyət sahələrinin, o cümlədən xidmət, ticarət, tikinti, nəqliyyat və digərilərinin yaradılması və inkişafı mühüm əhəmiyyət kəsb edir.

Artıq bununla bağlı həm dövlət tərəfindən atılan addımlar, həm də cəlb edilən investisiyalar müəyyən edilib. Qeyd edək ki, müharibədən sonrakı dövrdə azad olunmuş ərazilərin bərpası üçün dövlət büdcəsindən ayrılan vəsait ilbəil artır. Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün 2023-cü ildə ötən illə müqayisədə 13 faiz daha çox, yəni 3 milyard manat nəzərdə tutulub. Həmin ərazilərdə investisiya mühitinin yaradılması üçün növbəti mərhələ sayılan fiziki infrastrukturun böyük hissəsi artıq qurulub. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilər elektrik enerjisi ilə tam təmin edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin vahid enerji şəbəkəsinə qoşulub.

Bundan başqa, region üçün xüsusi əhəmiyyət kəsb edən Tərtər‒Çaylı‒Suqovuşan‒Talış, Əhmədbəyli‒Füzuli‒Şuşa avtomobil yollarının (Zəfər yolu) və Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi artıq başa çatdırılıb. Digər avtomobil yollarının tikinti və bərpasının 2026-cı ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ilə təmin olunması məqsədilə dövlət proqramında su anbarlarının, suvarma və paylayıcı kanalların, nasos stansiyalarının və digər su təsərrüfatı obyektlərinin mərhələli şəkildə təmiri, bərpası və yenilərinin tikintisinin 2026-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Eyni zamanda, sahibkarlar üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya qoymaq üçün də əlverişli şərait - vergi güzəştləri yaradılıb. Bu güzəştlərə əsasən, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Bu isə biznes subyektinin əsas vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması deməkdir.

İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilib. Xüsusilə də, həmin ərazilərdə kənd təsərrüfatı sahələrinin məhsullarının istehsalı onu göstərir ki, bu sahə iqtisadi fəaliyyət növlərindən biri olacaq. Çünki məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın geri qayıtması baxımından məşğulluğun təmin edilməsi də vacib məsələlərdən biridir.

Qeyd olunan və görüləcək işlərin siyahısını davam etdirmək də olar. Müharibənin başa çatmasından çox az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir.

Bu ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edəcək. Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır.

Məskunlaşacaq əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin davam etdirilməsi, əmək bazarının tənzimlənməsi sahəsində institusional strukturun təkmilləşdirilməsi və aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi də dövlətin prioritet vəzifələri sırasındadır.

AZƏRTAC

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?