13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ABŞ Federal Ehtiyatlar Sistemi kriptovalyuta bazarına necə təsir edir?

vergiler.az” mövzu ilə bağlı iqtisadçı ekspert, “Crypto Consulting” MMC-nin direktoru Elnur Quliyevin şərhini təqdim edir.

ABŞ Federal Ehtiyatlar Sistemi (FRS) iyunun 14-də verdiyi qərarla uçot faiz dərəcəsi diapazonunu illik 5 - 5,25 faiz səviyyəsində saxlayıb. FRS-nin bu qərarı verməsinə təsir edən əsas səbəb iyunun 13-də ABŞ Əmək Statistikası Bürosunun ölkədə istehlak qiymətləri indeksinin (CPI) 4 faizə (əvvəlki 4,9 faiz idi) enməsi barədə açıqlaması olub. Bu, inflyasiyanın kəskin azalması və 2021-ci ilin martından bəri ən aşağı göstəricisidir. FRS-nin rəhbəri Cerom Pauel çıxışı zamanı inflyasiya səviyyəsinin hələ də yüksək olduğunu açıqlasa da, ümumilikdə ABŞ-da iqtisadi fəallığın cüzi templə böyüməyə davam etdiyini bildirib.

FRS-nin faiz qərarı kriptovalyuta bazarında qiymətlərə təsir edən vacib fundamental faktorlardan biridir. Çünki faiz dərəcəsinin dəyişməsi birbaşa dolların likvidlik həcminə təsir edir və nəticədə bitkoin və digər riskli aktivlərin qiymətinin dəyişməsinə səbəb olur. Bəs FRS-nin faiz qərarı dolların likvidlik həcminə və bitkoinin qiymətinə necə təsir edir? Bunu qısa və aydın şəkildə izah etməyə çalışaq.

FRS-nin faiz dərəcəsi ABŞ-nin monetar siyasətinin əsas alətlərindən biridir ki, bu da inflyasiyanın və iqtisadi artımın hədəf səviyyəsini saxlamağa yönəlib. FRS-nin faiz dərəcəsi bazarda pulun dəyərini müəyyən edir və dollara olan tələb və təklifə birbaşa təsir göstərir. Ümumiyyətlə, FRS-nin uçot faiz dərəcəsinin artırılması dolların likvidliyinin azalmasına gətirib çıxarır, çünki bu, dolları bahalaşdırır və investorlar üçün cəlbedici edir. Bu o deməkdir ki, dollara tələb təklifi üstələyir və bazar iştirakçıları dollar qıtlığı yaşayır. Dolların güclənməsi dünyada əsas antiböhran aktivi olan ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artmasına səbəb olur. Əksinə, FRS-nin uçot dərəcəsini aşağı salması isə dolların likvidliyinin genişlənməsinə gətirib çıxarır, çünki bu, dolları ucuzlaşdırır və investorlar üçün daha az cəlbedici edir. Bu o deməkdir ki, dollar təklifi tələbi üstələyir.

FRS-nin uçot faiz dərəcəsi bitkoinin qiymətinə necə təsir edir?

İqtisadi tənəzzül və ya böhran zamanı FRS uçot faiz dərəcəsini artırır. Bununla paralel olaraq kommersiya bankları fiziki və hüquqi şəxslərə verilən kreditlər üzrə faizləri artırır və beləliklə, investisiyalar bahalaşır. Bu, bütün sahələrdə iqtisadiyyatı ləngidir, mallara, xidmətlərə və istənilən iqtisadiyyatın digər komponentlərinə tələbat azalır. Belə çətin şəraitdə investorlar səhmlər və bitkoin də daxil olmaqla yüksək riskli aktivləri sataraq, dövlət istiqrazları kimi proqnozlaşdırıla bilən və nisbətən az gəlirli aktivləri seçməyə meyilli olurlar. Bundan əlavə, faiz dərəcəsinin artırılması fond bazarına da mənfi təsir göstərir. Kriptovalyutalar ayrıca aktiv sinfi olsalar da, səhm bazarı ilə sıx əlaqəlidirlər, ona görə də FRS-nin faiz artımı böyük ehtimalla bitkoinin dəyər itirməsi ilə müşahidə olunacaq. Faiz dərəcəsi aşağı salındıqda isə FRS sistemə likvidlik yeridərək açıq bazarda aktivlər əldə etməyə başlayır. Bazarda dollar çoxalır, kreditlər ucuzlaşır, investisiya mühiti yaxşılaşır. Bütün bunlar iqtisadi artımı sürətləndirir, biznesə və vətəndaşlara aşağı faiz dərəcələri vasitəsilə daha ucuz pul əldə etməyə imkan verir. Ucuz pul investorları risk tələblərini azaltmağa və yeni texnologiyalara, startaplara və kriptovalyutalar da daxil olmaqla digər riskli aktivlərə investisiya yatırmağa təşviq edir. Bitkoinin dəyər qazanması ümumilikdə kriptovalyuta bazarında altkoinlərin qiymətlərinin qalxmasına birbaşa təsir edir.

FRS növbəti aylarda faizləri azaltmaq istiqaməti tutsa, kriptovalyutaların qiyməti birmənalı şəkildə qalxacaq. Hesab edirik ki, bu proses cari ilin sentyabr ayından başlayacaq və 2024-cü ilin noyabr ayına qədər davam edəcək. Əgər FRS-nin faiz dərəcəsinin aşağı salınması geosiyasi risklərin artması, qlobal iqtisadiyyatda ümumi böhran və dünya bazarlarında qeyri-sabitlik ilə müşayiət olunarsa, bu, təhlükəsiz valyuta kimi dollara yenidən tələbatın artmasına səbəb ola bilər ki, bu da öz növbəsində kriptovalyutaların dəyər itirməsi ilə nəticələnəcək.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?