13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək bazarı hansı qayğılarla yaşayır?

  • Zaman keçdikcə mağazalarda satıcıları, restoranlarda ofisiantları robotlar əvəz etməyə başlayacaq;
  • Gələcəkdə işçi qüvvəsinin 60 faizindən çoxu “frilanser” ola bilər”;
  • Bu gün masa arxasında oturub kompüterdə işləyirik, 10 ildən sonra buna ehtiyac qalacaqmı?

Dördüncü Sənaye İnqilabının çağırışları Azərbaycanda da iqtisadiyyatın inkişafı üçün önəmli olan əmək bazarının tələblərinin dəyişdirilməsini, yeni iqtisadi şərtlərə uyğunlaşdırılmasını zəruri edir. Əmək bazarındakı əsas problem isə işəgötürənlərin tələbləri ilə işaxtaranların potensialları arasında müəyyən uyğunsuzluqların müşahidə edilməsi, bir çox hallarda işaxtaranların bilik və bacarıqlarının müasir dövrün tələblərinə tam uyğun olmamasıdır.

“Əmək tutumlu xidmət sahələrində işçilərin texnologiya ilə əvəz olunması ortaya başqa məsələləri çıxarır”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov bildirib ki, iqtisadiyyatın sektorlarından asılı olaraq əmək bazarında tələb olunan dəyişikliklər də müxtəlifdir: “Sənayedə getdikcə robotlardan daha çox istifadə edilməsi fiziki əməyə tələbi azaldır. Mexaniki əməyin texnologiya ilə, robotla əvəzlənməsi nəticə etibarilə əmək bazarında fiziki iş görən şəxslərə ehtiyacı azaldır. Dünyanın bir sıra ölkələrində metrolar artıq maşinistsiz işləyir. Bir neçə ildən sonra uzaq məsafələrə gedən yük avtomobillərinin də sürücüyə ehtiyacı olmayacaq. Zaman keçdikcə mağazalarda satıcıları, restoranlarda ofisiantları robotlar əvəz etməyə başlayacaq”.

E.Sadıqov qeyd edib ki, əmək tutumlu xidmət sahələrində işçilərin robotlarla, texnologiya ilə əvəz olunması ortaya başqa məsələləri çıxarır. İşsiz qalan işçilərin başqa sahələrdə işlə təmin olunmasına və ya sosial təminat altına alınmasına, robotlara və texnologiyalara xidmət edəcək kadrların hazırlanmasına ehtiyac yaranır. Burada daha bir önəmli məsələ də budur ki, bəzi sahələrdə işsizlik atrmayacaq, əksinə, azalacaq. Çünki yeni texnologiyaya keçən müəssisələr daha keyfiyyətli məhsul istehsal edəcək, öz bazarlarını genişləndirəcəklər. Bu bazardakı əsas işçilər isə texnologiyaya xidmət edənlər - data analitikləri, proqramçılar, cihazları hazırlaya və təmir edə bilən mexaniklər və mühəndislər olacaq.

E.Sadıqov bildirib ki, Azərbaycanın əmək bazarında bəzən işəgötürənlər işçi, işsizlər isə iş tapa bilmədiklərini söyləyirlər: “Çünki işsizlərin köhnə bacarıqları ilə işəgötürənlərin tələbi uyğun gəlmir. Bütün sənaye inqilabları dövründə belə dilemma yaranır, amma indi daha çox gözə çarpır. Çünki sənaye inqilabı yalnız bir sahədə baş vermir. Bank-maliyyə sektorunda əməliyyatçıların sayı azalır, texniklərə, proqramçılara, hüquqşünaslara isə tələbat artır”.

E.Sadıqovun sözlərinə görə, Azərbaycanda texnoloji inkişaf nəticəsində əmək bazarında baş verən dəyişiklik bir neçə ildən sonra hiss olunacaq: “Bu, Azərbaycanda texnologiyaların inkişafının sürətləndiyi, süni intellektin əmək bazarına daha çox daxil olduğu, yeni müəssisələr açıldığı zaman baş verəcək”.

Yeni investisiyalar cəlb olunduqca, texnologiyaların tətbiqi genişləndikcə əmək bazarının xüsusiyyətlərində də dəyişikliklər olacaq: “Məsələn, yanacaqla işləyən avtomobilləri yavaş-yavaş elektrik avtomobilləri əvəz edir. Elektrik avtomobillərinin sayı artıqca onlara xidmət göstərən işçilərə tələbat artacaq, dizellə, benzinlə işləyən avtomobillərə xidmət edəcək işçilərə tələbat isə azalacaq”.

E.Sadıqov əlavə edib ki, texnoloji inkişaf nəticəsində baş verən dəyişikliklərlə əlaqədar bəzi işçiləri qısa zaman ərzində hazırlamaq mümkün olsa da, data analitikləri, kodlaşdırma ilə məşğul olan kadrları lazımi səviyyədə hazırlamaq üçün ən azı 4 il vaxt lazımdır. “Kadr çatışmazlığı hələ nəzərəçarpan səviyyədə müşahidə olunmasa da, texnologiyaların inkişafı davam etdikcə, yeni sənaye müəssisələri açıldıqca bu problem də kəskinləşəcək”.

Bütün dünyada informasiya texnologiyaları (İT) sektorunun dövlət tərəfindən dəstəkləndiyini vurğulayan E.Sadıqov qeyd edib ki, İT-ni iqtisadiyyatda ciddi dəyər zənciri yarada biləcək bir sektora çevirmək lazımdır.

E.Sadıqov əlavə edib ki, hazırda Azərbaycanda ali təhsilli ixtisaslı kadrlara böyük ehtiyac var: “Sual yarana bilər ki, onda ali məktəbi bitirənlərin çoxu niyə işsiz qalır? Bu suala cavab tapmaq üçün biz ixtisaslı kadr ilə diplomlu kadrın fərqinə varmalıyıq. Məsələn, Azərbaycanda nə qədər diplomlu aqronom, zootexnik var? Amma aqroparklar, iri fermer təsərrüfatları aqronom, zootexnik tapmaqda çətinlik çəkirlər, Türkiyədən mütəxəssislər cəlb edirlər. Çünki Azərbaycanda həmin ixtisaslar üzrə hazırlanan kadrların müəyyən qismi müasir tələblərə cavab vermirlər”.

E.Saqıqovun sözlərinə görə, bu gün Azərbaycanda təkcə ali təhsilli kadrlara deyil, peşə bacarıqlarına malik işçilərə də ciddi ehtiyac var. Hazırda bütün sahələrdə peşəkar kadr çatışmazlığı hiss olunur: “Xidmət sektorunun bütün sahələrində istisnasız olaraq peşəkarlara ehtiyac var. Ofisiantlar və digər işçilər hər hansı peşə kursu keçməyiblər, onların nəzəri bilikləri yoxdur. İşəgötürənlər də öz işçilərinin bacarıqlarını təkmilləşdirməkdə o qədər maraqlı deyillər, buna əlavə maliyyə yükü kimi baxırlar.

Gənclər mükəmməl peşə ixtisası təhsili alsalar, əmək bazarında hər zaman özlərinə yer tuta biləcəklər. Getdikcə kənd təsərrüfatında dron aparatlarından istifadə, günəş panellərinin, külək turbinlərinin tətbiqi genişlənir, alternativ enerji sektoruna investisiya qoyuluşu artır. Bu sahələrdə həm analitik cəhətdən bələd olan, avtomatlaşdırmaya nəzarət edə bilən mütəxəssislərə, həm də texniki mühəndislərə ehtiyac var”.

E.Sadıqov hesab edir ki, önəmli olan məsələlərdən biri kadr hazırlığının düzgün planlaşdırılmasıdır.

“Gələcəkdə işçi qüvvəsinin 60 faizindən çoxu “frilanserlər” ola bilər”

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov da bu fikirdədir ki, Azərbaycanın əmək bazarında tələblərin dəyişilməsi müşahidə edilir. Texnologiyaların inkişafı əmək bazarı üçün həm risk, həm də imkanlar yaradır. Texnologiyaların tətbiqi əmək bazarında insan resurslarına ehtiyacı azaldır. Bununla yanaşı, məsafədən işləmə zərurəti ortaya çıxır: “Ona görə də indi dünyada “frilans” iş təcrübəsi yayılıb. Belə getsə, gələcəkdə işçi qüvvəsinin 60 faizindən çoxu “frilanser” ola bilər”.

S.Məmmədov qeyd edib ki, bu reallıqları nəzərə almaqla qanunvericiliyi əmək bazarında baş verən dəyişikliklərə uyğunlaşdırmaq lazımdır. Çünki bəzi məsələlər, məsələn, məsafədən işləmə məsələsi hələ də açıq qalır: “Bütün sahələrdə qanunvericilik texnoloji irəliləyişlərin arxasında gedir. Mənim fikrimcə, çevik mexanizmlər olmalıdır ki, qanunvericilik dəyişikliklərə tez reaksiya verə bilsin. Vacib deyil ki, məsələlərin hamısı Məcəllə ilə tənzimlənsin. Amma alt normaların çevikliyi təmin olunmalıdır.

Hazırda texnoloji inkişafla əlaqədar iş saatının qısaldılması məsələsi var, amma bu zaman hasilat norması yerində qalır. Əvvəl səkkiz saata görülən işi indi dörd saatda, yaxud əvvəl altı günə görülən işi dörd gündə görmək mümkündür. Buna görə də bəzi Avropa ölkələrində biznes sahələri əməkhaqqını əvvəlki səviyyədə saxlamaqla dördgünlük iş həftəsinə keçir. Əslində, bu, işçiyə güzəşt deyil, bununla müəyyən xərclərə qənaət edilir. Müəssisələrin bir çoxu məsafədən iş rejimi tətbiq etməklə böyük binalar əvəzinə nisbətən kiçik ofislərdən istifadə edirlər. Bəzi ölkələrdə bunlara reaksiya verən operativ qanunvericilik sistemi qurulsa da, digərlərində bu proses bir qədər təzadlı qalır. İstər özəl sektorda, istərsə də dövlət sektorunda məsafədən iş mexanizmlərini tətbiq etmək üçün qanunvericilik bazası olmalıdır. Əmək bazarı daim öyrənilməli, monitorinqlər keçirilməli, alınan nəticələrdən asılı olaraq ehtiyac duyulan istiqamətlər üzrə qanunvericilik təkmilləşdirilməli və getdikcə ənənəvi işçi-işəgötürən münasibətlərində transformasiya baş verməlidir”.

S.Məmmədov hesab edir ki, bu istiqamətdə qanunvericiliyə dəyişiklik edərkən ilk növbədə müəssisə, işçi və işəgötürən münasibətlərinə aydınlıq gətirilməlidir: “İndi elə iş yerləri var ki, səhər saat səkkizdən axşam saat altıya qədər gəlib ofisdə oturmağa zərurət yoxdur. Qanunvericiliklə çevik iş qrafiki tətbiq etmək olar.

Qanunvericilikdə dini təşkilatlarda, yaxud qeyri-hökumət təşkilatlarında və ya mediada əmək münasibətlərinin tənzimlənməsinin xüsusiyyətlərinə dair bölmələr olmalıdır, oraya vaxt rejimi ilə işləyən yerlərdə əmək rejiminin tənzimlənməsinin xüsusiyyətləri kimi bölmələr artırılmalıdır. Məsafədən işin təşkili, iş saatları və iş günləri, əməyin mühafizəsi ilə bağlı tənzimləmələr olmalı, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarından sığorta sistemi ilə bağlı təkmilləşdirmələr aparılmalıdır”.

S.Məmmədovun fikrincə, qanunvericiliyə edilən dəyişiklik əmək bazarını bir necə il qabaqlaya bilməlidir: “Çünki biz bilmirik 15 ildən sonra təhsildə nələr olacaq, kampuslara ehtiyac olacaqmı? Bu gün masa arxasında oturub kompüterdə işləyirik, 10 ildən sonra buna ehtiyac qalacaqmı? Hansı peşələr “ölüb” gedəcək, hansılar yeni yaranacaq? Bunlar proqnozlaşdırılsa da, qəti cavab və qərar vermək mümkün deyil”.

S.Məmmədov bildirib ki, bütün bunlar nəzərə alınmaqla əmək bazarının mükəmməl monitorinqi sistemi qurulmalı, tendensiyalar öyrənilməlidir. Əmək bazarında həm qlobal, həm lokal, həm də regional səviyyədə tədqiqata söykənən idarəetməyə keçilməli, işçi-işəgötürən münasibətləri asanlaşdırılmalıdır.

İlhamə İSABALAYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?