7 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Akif Musayev: "Hər bir vergi ödəyicisinin ödəmə qabiliyyətinin yüksək olması onun imicinə müsbət təsir edir"

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərin sahibkarlığın inkişafına təsiri barədə suallarımızı AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Akif Musayev cavablandırıb. 

- Akif müəllim, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, Sizcə, hansı zərurətdən irəli gəldi?

- Azərbaycanda Vergi Məcəlləsi ilk dəfə 2000-ci ildə qəbul edilib və 2001-ci il yanvarın 1-dən qüvvəyə minib. Ona qədər vergi sistemi təxminən 13 qanun və çoxsaylı təlimatlarla tənzimlənirdi. Məcəllə o dövr üçün çox təkmil bir sənəd idi. Zamanla iqtsadiyyat inkişaf edir, yeni sahələr yaradılır. Məsələn, o dövrdə elektron ticarətlə bağlı o qədər də geniş bilgilər yox idi və ya e-auditin aparılma metodologiyası işlənib hazırlanmamışdı. Bu kimi bir çox sahələrin meydana gəlməsi, o cümlədən iqtisadiyyatda baş verən dəyişikliklər, ölkədə aparılan iqtisadi siyasətin qarşıya qoyduğu tələblər, iqtisadi artımla bağlı dövlətin məqsədləri vergi qanunvericiliyində dəyişikliyə tələbat yaradırdı. Ona görə də hər il və ya iki ildən bir Vergi Məcəlləsində iqtisadi və vergi siyasətinə, iqtisadi inteqrasiyanın, qloballaşmanın çağırışlarına adekvat dəyişikliklər edilib. Bu dəyişikliklər həm vergi yükünün aşağı salınması, vergi inzibatçılığının təkmilləşdirilməsi, həm də vergi öhdəliyinə əməletmə prosedurlarının azaldılması ilə bağlı olub. Ölkə iqtisadiyyatının müqayisəli üstünlük sahələrinin inkişafının stimullaşdırılması dəyişikliklərin ana xəttini təşkil edib. Son dəyişikliklərdə də həmin tələblərdən irəli gələn məsələlər daha təyinatlı, daha əhatəli və çoxşaxəli şəkildə təsbit olunub. Xüsusilə, ölkə başçısının iqtisadi inkişaf qarşısında qoyduğu tələblərdən çıxış edərək, qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq üçün edilən dəyişiklikləri vurğulamaq istərdim. Hesab edirəm ki, bunlar bütövlükdə proqressiv dəyişikliklərdir. Qeyri-neft sektorunda biznesin inkişafı hədəf kimi qarşıya qoyulub. Ona görə də bu sahədə ciddi dəyişikliklər edilib, güzəştlər nəzərdə tutulub.

Dövlət büdcəsinə vergi orqanları xətti ilə 150 milyon manat artıq vəsait cəlb
olunub ki, bu da Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin kəmiyyətcə ifadəsidir

- Burada xüsusi əhəmiyyət daşıyan hansı istiqamətləri qeyd etmək istərdiniz?

- Birincisi, qeyri-neft sektorunda əmək haqlarının leqallaşdırılması və iş yerlərinin rəsmiləşdirilməsi sahəsində mövcud olan ciddi problemlərin aradan qaldırılmasına yönəldilmiş gəlir vergisindən güzəştlər və sosial müdafiə yükünün işəgötürənlə işçi arasında yeni bölgü sixemi; ikincisi, nağdsız ödənişlər sisteminin genişləndirilməsi; üçüncüsü, vegi ödəyicilərinin mikro, kiçik, orta və iri vergi ödəyicilərinə ayrılması və sadələşdirilmiş verginin ödəyicilərinin əhatə dairəsinin daraldılması; dördüncüsü, ƏDV-nin əhatə dairəsinin genişləndirilməsi və s.

Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, dövlət büdcəsinə vergi orqanları xətti ilə 150 milyon manat artıq vəsait cəlb olunub ki, bu da Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin kəmiyyətcə ifadəsidir.

- Nağdsız ödənişlərin həcminin artırılması sahəsində hansı maneələr var və onları necə aradan qaldırmaq olar?

- Azərbaycanda ümumi dövriyyə 180 milyard manata yaxındır. Bunun 152 milyard manatını biznes sektorunun ümumi gəlirləri təşkil edir. Araşdırmalar göstərir ki, bunun 72 faizi nağd gəlirdən ibarətdir. Qiymətləndirmələrə görə, istehlakçı sferasında 52 milyard manat ümumi dövriyyə mövcuddur. Onun 49 milyard manatı istehlakçı ilə biznes arasında münasibətlərin payına düşür və 46 milyard manat nağd qaydada ödənilir. Maneələrın sırasında əsas yeri əhalinin mövcud ödəniş potensialından məlumatsızlığı tutur. "Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" hazırlanarkən əhali arasında sorğular aparılmışdı, zəngin məlumatlar toplanmışdı. Oradan məlum olurdu ki, əhalinin müəyyən təbəqəsi plastik kartların, ödəniş sistemlərinin, bankomatların və s. yalnız varlı adamlar üçün olduğunu düşünürlər. Halbuki həmin vasitələr bütün təbəqələr üçün nəzərdə tutulub. Bu, mövcud infrastruktur haqqında insanların məlumatsızlığını göstərir. Ona görə də əhali çox sadə, əlverişli ödəniş vasitələrindən istifadə etməkdə çətinlik çəkir, mövcud imkanlardan istifadə etmir, nağd hesablaşmalara üstünlük verir. Bu səbəbdən də həm maliyyə sektorunun inkişaf etdirilməsi ilə bağlı Strateji Yol Xəritəsində, həm də yuxarıda qeyd etdiyim Dövlət Proqramında əhalinin məlumatlandırma və maarifləndirilməsi ilə bağlı xüsusi tədbirlər nəzərdə tutulub.

Əhalinin müəyyən təbəqəsi plastik kartların, ödəniş sistemlərinin,
bankomatların və s. yalnız varlı adamlar üçün olduğunu düşünürlər.
Halbuki həmin vasitələr bütün təbəqələr üçün nəzərdə tutulub

Bunların həyata keçirilməsi nağdsız ödənişlərin həcminin artmasına böyük təsir göstərəcək. İkinci səbəb ödəniş sistemində çatışmazlıqların və əhaliyə təqdim edilən maliyyə-bank ximətlərinin çeşidində, tariflərində müəyyən boşluqların olmasıdır. Vergitutma mexanizminin sadələşdirilməsi və vergi yükünün optimallaşdırılması, eləcə də sadələşdirilmiş verginin ödəyicilərinin əhatə dairəsinin azaldılması və tədricən ƏDV-yə cəlb olunan vergi ödəyicilərinin sayının artırılması müsbət addımlardır. Açığını deyim ki, Vergi Məcəlləsinə son dəyişiklərə qədər Azərbaycan iqtisadiyyatı üçün əsas problemlərdən biri sadələşdirilmiş sistem üzrə vergi ödəyicilərinin əhatə dairəsinin kifayət qədər geniş olması idi. Xüsusilə yüksək səviyyədə əlavə dəyərin yarandığı sahələrdə fəaliyyət göstərən iqtisadi subyektlərin bu sistem üzrə vergi ödəyicisi olması başadüşülən deyildi. Vergi ödəyicilərinin 90 faizdən çoxu həmin verginin ödəyicisi idi. Vergi daxilolmalarında isə biz əks mənzərənin şahidi olurduq. Son dəyişikliklərdə sadələşdirilmiş sistem üzrə vergi ödəyicilərinin əhatə dairəsinin daraldılması istiqamətində ciddi addımlar atılıb ki, bu da bütövlükdə vergi sisteminin səmərəliliyinin artırılmasında mühüm rol oynayacaq.

Vergitutma mexanizminin sadələşdirilməsi və vergi yükünün optimallaşdırılması,
eləcə də sadələşdirilmiş verginin ödəyicilərinin əhatə dairəsinin azaldılması və
tədricən ƏDV-yə cəlb olunan vergi ödəyicilərinin sayının artırılması müsbət addımlardır

- Yeri gəlmişkən, ƏDV ödəyicilərinin əhatə dairəsinin genişlənməsinin hansı üstünlükləri olacaq?

- Fikrimcə, ƏDV ödəyicilərinin əhatə dairəsi nə qədər geniş olarsa, iqtisadiyyat, vergi sistemi daha şəffaf və səmərəli nəticə verər. Birincisi, ƏDV - vergi ödəyicilərinin vergisi deyil, istehlakçıların vergisidir. Sadəcə olaraq, vergi ödəyiciləri burada ƏDV-nin toplanmasında əlaqələndirici rol oynayırlar. Digər tərəfdən, ƏDV-nin fəlsəfəsi təkcə vergi deyil, həm də uçotdur. Burada fəaliyyət zənciri bütövlükdə təmin edilir. ƏDV ödəyiciləri hər bir əməliyyat üçün bir-birinə hesab-faktura adlanan sənəd təqdim etməlidir. Ona görə də hesab-fakturaların verilməsi dövriyyənin şəffaflaşmasına gətirib çıxarır.

- Məlumdur ki, iqtisadiyyatda bütün vergi ödəyicilərinin miqyası eyni deyil. Miqyası kiçik olan vergi ödəyiciləri, adətən, qeyd olunmuş, şərti, sadələşdirilmiş və s. ödəyicisi kimi çıxış edirlər...

- Bu, vergi ödəyiciləri ilə ƏDV ödəyiciləri arasında aparılan iqtisadi münasibətlər qeyd olunmuş zəncirin qırılmasına gətirib çıxarır. Məhz bu halda vergitutma bazasının itirilməsi baş verə bilir ki, onun qarşısının alınması üçün vergi orqanlarından əlavə inzibatçılıq səyləri tələb olunur. Ona görə də ƏDV-nin əhatəsi nə qədər genişdirsə, iqtisadiyyat, vergi sistemi bir o qədər səmərəli hesab olunur. ƏDV ödəyicisi olmaq istənilən inkişaf səviyyəsinə malik iqtisadiyyatda bir imicdir. Çünki həmin iqtisadi subyekt biznes əlaqələri qurmaqda daha etibarlı bir tərəfdaş hesab olunur. Hər bir vergi ödəyicisinin, iqtisadi subyektin ödəmə qabiliyyətinin yüksək olması onların imicinə müsbət təsir edir. Bu da, əslində, vergi ödəyicilərinin özünütəsdiqləmə amili rolunu oynayır. Ona görə də ƏDV ödəyicisi olmaq vacib şərtlərdəndir. Amma yüksək ƏDV dərəcəsi iqtisadi inkişafın artım tempini zəiflədir, əhalinin real gəlirlərini, daxili tələbatı azaldır, inflyasiyanın artmasına səbəb olur və yüksək dəyər yaranan sahələrə təsir etdiyindən, iqtisadi artımın keyfiyyətini aşağı salır. Bunların hamısı araşdırılmalıdır.

ƏDV ödəyicisi olmaq istənilən inkişaf səviyyəsinə malik
iqtisadiyyatda bir imicdir. Çünki həmin iqtisadi subyekt biznes əlaqələri
qurmaqda daha etibarlı bir tərəfdaş hesab olunur

- Akif müəllim, uzun illər ölkənin vergi siyasətinə dərindən bələd olan bir mütəxəssis kimi, dövrün tələblərinə uyğun olaraq dövlətin iqtisadi, xüsusilə vergi siyasətinin səmərəliliyinin daha da artırılması istiqamətində hansı təklifləri irəli sürmək mümkündür?

- İstehsal-mülkiyyət münasibətlərindən və inkişaf səviyyəsindən asılı olmayaraq, istənilən ölkənin, o cümlədən Azərbaycan Respublikasının iqtisadi sisteminin əsas problemlərindən biri iqtisadiyyatın vergi yüküdür. Ona görə də vergi yükü, onun qiymətləndirmə mexanizmi ilə bağlı ciddi araşdırma aparılmalıdır. Müasir iqtisadi ədəbiyyatda makrosəviyyədə vergi yükü ümumi vergi gəlirlərinin vergi qanunvericiliyi ilə müəyyən edilmiş vergitutma bazasına olan nisbətinin faizlə ifadəsi kimi təyin edilir. Çoxsaylı yanaşmalar yalnız vergitutma bazasının seçilməsi ilə fərqlənir. Burada vergi yükü olaraq vergi qanunvericiliyi ilə iqtisadi subyektin üzərinə onun iradəsindən asılı olmayaraq qoyulmuş "icbari" yük (vergilərin və vergi dərəcələrinin yaratdığı yük) müəyyən olunur. Lakin nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyi ilə müəyyən olunmuş vergi öhdəliyinin yerinə yetirilməsinin tərkib hissəsi olan inzibatçılıq və əməletmə kimi digər iki komponent də vergi ödəyicisinin vaxt, əmək və maliyyə sərfinə səbəb olur. Ona görə də digər iki komponentin yaratdığı yük də ayrılıqda qiymətləndirilməlidir.

Burada bir məsələni də vurğulamağa ehtiyac var: vergi sistemində, o cümlədən ƏDV-dən güzəşt və azadolmaların çox olmasının vergi inzibatçılığı xərclərini ciddi şəkildə artırdığı da nəzərə alınmalıdır. Digər tərəfdən, dövlətin biznesə və əhaliyə verdiyi vergi güzəştləri vergilərin yığılana qədər xərclənməsi, toplanmış vergilərin isə büdcə vasitəsilə yığılandan sonrakı xərclənməsi deməkdir. Yığılmış verginin büdcə vasitəsilə xərclənməsi hesabatlı olduğu halda, güzəşt və imtiyazlar nəticəsində verginin yığılmadan xərclənməsinin hesabatlılığı ya yoxdur, ya da çox aşağı səviyyədədir. Ona görə də Vergi Məcəlləsində güzəşt və azadolmaların monitorinqi aparılmalı, aktuallığını itirmiş güzəşt və imtiyazlar aradan qaldırılmalı, aktual olanların isə ünvanlılığı təmin edilməlidir.

Yığılmış verginin büdcə vasitəsilə xərclənməsi hesabatlı olduğu halda,
güzəşt və imtiyazlar nəticəsində verginin yığılmadan xərclənməsinin
hesabatlılığı ya yoxdur, ya da çox aşağı səviyyədədir

Eyni zamanda, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən sonra özünü göstərən arzuolunmaz bir hala diqqət yönəltmək istəyirəm. Cari ildən etibarən mikro və kiçik sahibkarlıq subyektlərinə bir sıra vergi güzəştlərinin verilməsi bəzi intizamsız orta və iri sahibkarlarda vergidən yayınma üçün zəmin yaradıb. Belə ki, bəzi orta və iri biznes subyektləri güzəşt imtiyazları əldə etmək üçün bizneslərini kiçik və mikro səviyyəyə qədər parçalayırlar. Ona görə də bu sahədə ciddi nəzarət həyata keçirilməli, qiymətləndirmələr aparılmalıdır. Digər tərəfdən, hesab edirəm ki, növbəti mərhələlərdə vergi güzəştləri tətbiq edilməmişdən öncə güzəştlərin törədə biləcəyi fəsadların qarşısının alınması qiymətləndirilməlidir. Bir çox ölkələrdə ƏDV-nin stimullaşdırıcı halı olan diferensial variantdan istifadə olunur. Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə bu istiqamət də nəzərdən keçirilə bilər.

Uzun illərdir kənd təsərrüfatı torpaq vergisindən başqa, bütün vergilərdən azaddır və heç şübhəsiz, dövlət tərəfindən aqrar sektorun inkişafına yönəldilmiş bu addımın atılması kənd təsərrüfatının inkişafında müəyyən rol oynayır. Lakin nəzərə almaq lazımdır ki, dövlətin bu stimullaşdırıcı siyasəti kənd təsərrüfatında fəaliyyət göstərən iqtisadi subyektlərin uçotunun aparılmaması demək deyil. Halbuki bu sahədə nə qədər iqtisadi subyektin fəaliyyət göstərdiyi tam aydın deyil. Ona görə də aqrar sahədə fəaliyyət göstərən iqtisadi subyektlərin uçot sistemi yaradılmalıdır. Fikrimcə, belə olan halda əhalinin həyat səviyyəsi, işsizlik və s. kimi vacib sahələrdə mövcud olan müəyyən qeyri-müəyyənliklər aradan qalxar.

Vergi mədəniyyətinin yüksəldilməsinə də diqqətin artırılması çox vacibdir. Müstəqilliyimizin elan edilməsindən keçən 28 il ərzində institutlaşmış vergi sistemi yaradılıb, vergi mədəniyyətinin yüksəldilməsi ilə bağlı vergi orqanları tərəfindən çoxşaxəli işlər, o cümlədən vergi ödəyicilərinin maarifləndirilməsi və məlumatlandırılması strukturları təşkil olunub, Çağrı Mərkəzi, veb-sayt, onlayn "Vergilər" qəzeti və s. fəaliyyət göstərir. Buna baxmayaraq, hələ də vergi öhdəliyinin vaxtında yerinə yetirilməsi, vergi ödəyicilərinin qeydiyyata durmamaları, vergidən müxtəlif yollarla yayınmaları və s. kimi hallarla rastlaşırıq. Araşdırmalar göstərir ki, vergi daxilolamalarının artmasına vergi mədəniyyətinin təsiri çox yüksəkdir. Vergi mədəniyyətinin artırılması sahəsində aparılan məlumatlandırma və maarifləndirmə işinin vergi ödəyicilərinə və bütövlükdə əhaliyə təsirinin yüksəldilməsi üçün əks-əlaqə institutunun formalaşdırılmasına və bu işin tabeçiliyi olmayan müstəqil qurum tərəfindən həyata keçirilməsinə ehtiyac hiss olunur.

Bəzi orta və iri biznes subyektləri güzəşt imtiyazları əldə etmək üçün bizneslərini kiçik və mikro səviyyəyə qədər parçalayırlar. Ona görə də bu sahədə ciddi nəzarət həyata keçirilməli, qiymətləndirmələr aparılmalıdır

Bundan başqa, bələdiyyə vergilərinin toplanmasında mövcud boşluqların aradan qaldırılmasına ehtiyac var. Məlumdur ki, ölkə iqtisadiyyatının inkişaf səviyyəsi, əhalinin rifahının yüksəlməsi nəticəsində fiziki şəxslərin əmlakının genişlənməsi ilə bağlı çox böyük irəliləyişin şahidiyik. Amma təəssüf ki, həmin sahədən vergi daxilolmaları çox aşağıdır. Ona görə də bu sahəyə ç böyük diqqət yetirilməlidir. Bələdiyyələrin vergi toplaması ilə bağlı kifayət qədər səlahiyyətləri var. Ancaq bundan düzgün istifadə etmək lazımdır. Vaxtilə bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sisteminin yaradılması ilə bağlı Vergilər Nazirliyində yaxşı bir təşəbbüs olmuşdu. Müəyyən metodikalar hazırlanmış və pilot layihələr də test edilmişdi. Fikrimcə, hələ də bələdiyyələrin vergi sisteminin səmərəliliyindən söhbət gedə bilməz. Burada da təkmilləşməyə çox böyük ehtiyac var. Əhalinin maarifləndirilməsi də vacib amildir. Bir çox hallarda vətəndaşlar bu sahədəki çatışmazlıqlardan istifadə edərək məlumatlı olsalar da, özlərini məlumatsız aparırlar.

- Təmsil etdiyiniz AMEA-nın İqtisadiyyat İnsititutu hansı yeni layihələr üzərində işləyir?

- İnstitut respublikanın fundamental tədqiqatlar sahəsində aparıcı elmi qurumdur. Yarandığı gündən ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən elmi tədqiqatlarla məşğul olan institut son illərdə bir sıra ilklərə imza atıb. Bunların arasında institutun 2014-cü ildən başlayaraq elmi dövriyyəyə daxil etdiyi "İqtisadiyyatın solluğu (sağlığı) İndeksi"dir. Bu indeks əsasında ilk dəfə olaraq dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilə səviyyəsinin ölçülməsinin mümkünlüyü isbat olunub. 2014-2018-ci illərdə bu indeks üzrə 4 hesabat dərc edilib, tədqiqata cəlb edilən ölkələrin sayı 35-dən 95-ə catdırılıb. Bu indeksin əsas üstün tərəfi kimi ölkələrdə aparılan liberal və dirijist iqtisadi islahatların iqtisadi effktivliyinin qiymətləndirilməsinin mümkün olmasıdır.

Bələdiyyələrin vergi toplaması ilə bağlı kifayət qədər səlahiyyətləri var.
Ancaq bundan düzgün istifadə etmək lazımdır

Digər mühüm nəticə strateji yol xəritələrinin, dövlət proqramlarının, strategiya və konsepsiyaların qarşıya qoyduğu məqsəd və vəzifələrə əsaslanaraq 2016-2018-ci illərdə "Azərbaycan Respublikasında postneft iqtisadiyyatı quruculuğunun sosial-iqtisadi problemləri" mövzusunda yerinə yetirilən elmi tədqiqat işidir. Bu tədqiqat işində hazırda dünya iqtisad elmində açıq qalan postneft iqtisadiyyatının hədəf göstəriciləri (40-a yaxın neft ölkəsi üzrə müqayisəli təhlil əsasında) müəyyən edilib. Tədqiqat işində iqtisadiyyatı uzun müddət neftdən asılı olan ölkələr araşdırılıb, postneft iqtisadiyyatına keçidin meyarları (ÜDM, ixracat, büdcə gəlirləri göstəriciləri) və hədəf göstəriciləri müəyyənləşdirilib. Əldə olunmuş nəticə ondan ibarətdir ki, iqtisadiyyatı uzun müddət neftdən asılı olan (neftin payının ÜDM-də 50 faizdən, büdcə gəlirlərində 60 faizdən, ixracda 70 faizdən çox) və neft gəlirləri hesabına qeyri-neft sektorunu inkişaf etdirərək ÜDM-də neftin payının 30 faizdən, büdcə gəlirlərində 40 faizdən, ixracda 50 faizdən aşağı endirən (qeyd olunan meyarlar üzrə kəmiyyət göstəricilərinin (mütləq rəqəmlərlə) dəyişməzliyi şəraitində) ölkələrin iqtisadiyyatını postneft iqtisadiyyatı hesab etmək olar.

2019-2021-ci illər üçün planlaşdırılan elmi tədqiqat işinin mövzusu - "Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri (2019-2021)"dir. Bu, ölkədə aparılan islahatların elmi bazasının gücləndirilməsinə xidmət edəcəkdir.

- İnstitut öz fəaliyyətini dövlət qurumları ilə hansı səviyyədə əlaqələndirir?

- İnstitut ölkə Prezidentinin fərman və sərəncamlarının icrasında yaxından iştirak edir. Əməkdaşlarımız "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında İqtisadiyyat Nazirliyinin əsas icraçı olduğu tapşırıqların icrasını təmin etmək üçün nazirlik tərəfindən yaradılmış işçi qrupa daxil olunub və il ərzində bir sıra sənəd layihəsinin hazırlanmasında yaxından iştirak ediblər.

Son illərdə dövlət qurumları, beynəlxalq təşkilatlar, yerli və xarici ali təhsil müəssisələri ilə əlaqələr genişləndirilib. İnstitutumuz Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Neft Sənayesi Akademiyası, Bakı Dövlət Universiteti və s. ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. İnstitutda təşkil edilən diskusiya klublarının elmi müzakirələrinə universitetlərin əməkdaşları da dəvət olunur.

Bir çox əməkdaşımız universitetlərin iqtisadiyyat yönümlü fakültələrində pedaqoji fəaliyyət göstərir. Ali təhsil müəssisələrindən təcrübədən keçmək üçün göndərilən tələbələrə və ixtisasartırma məqsədilə müəllimlərə institutda hərtərəfli şərait yaradılır. Elmin İnkişaf Fondunun qrant müsabiqələrində birgə iştirak etməklə elmi-tədqiqat işləri yerinə yetirilir.

İnstitut beynəlxalq əlaqələri əvvəlki illərlə müqayisədə xeyli genişləndirib. Bir sıra ölkələrin beyin mərkəzləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. AMEA İqtisadiyyat İnstitutu ilə Gürcüstandakı A.Rondeli Fondunun "Tətbiqi İqtisadi Araşdırmalar" Mərkəzi arasında "Dövlətin iqtisadiyyata formal və qeyri-formal müdaxilələrinin ölçülməsi metodologiyası" birgə elmi tədqiqat aparılması haqqında, Ukrayna MEA-nın İqtisadiyyat və Proqnozlaşdırma İnstitutu arasında "Azərbaycan və Ukrayna iqtisadiyyatlarının bir-birini qarşılıqlı tamamlaması: gələcək 10 il üçün əməkdaşlıq ssenariləri" mövzularında birgə tədqiqatlar aparılması haqqında müqavilə imzalanıb. Bundan başqa, Qazaxıstan İqtisadiyyat İnstitutu, Dağıstan Sosial-İqtisadi Tədqiqatlar İnstitutu, Qırğızıstan MEA İqtisadiyyat İnstitutu ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr imzalanıb.

Dövlətin qanunvericilik və inzibatçılıq səylərinin vergi daxilolmalarına təsirinin qiymətləndirilməsi üçün institutda "soft computing" üsul və vasitələrdən istifadə etməklə metodologiya hazırlanıb. Bunun əsasında iqtisadiyyatın icbari, inzibati, əməletmə yükləri, qiymətləndirilib və beynəlxalq maliyyə və qiymətləndirmə strukturlarının ölçmələri ilə müqayisə olunub. Balanslaşdırılmış açıq iqtisadi sistemlərdə iqtisadiyyatın orta vergi yükü, investisiya, istehlak, dövlət xərcləri normaları, ÜDM-in struktur effektivliyi, iqtisadi artım tempi və onların qarşılıqlı əlaqələri qeyri-müəyyən faktorlar nəzərə alınmaqla qiymətləndirilib. Bütün bu nəticələr indiki dövrdə yüksək aktuallığa malikdir, nəzəri və tətbiqi əhəmiyyət kəsb etdiyindən dövlətin iqtisadi siyasət institutları tərəfindən istifadə oluna bilər.

Müsahibəni hazırladı:
Fərqanə ALLAHVERDİQIZI

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?